Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
Tarix: Dünən, 18:58
Baxılıb: 8 008
Google+ Paylaş
Tumblr Paylaş

Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu

Dünən, 18:58

Azərbaycanda mənzil bazarında ziddiyyətli vəziyyət yaranıb. Belə ki, satıcılar alıcı tapmaqda çətinlik çəkdiklərini deyir, alıcılar isə qiymətlərin əlçatmaz olduğunu bildirirlər. Qeyd olunur ki, mənzillərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunmur.
Bəs bazarda bu vəziyyətin səbəbi nədir? Qiymətlər niyə enmir və yaxın dövrdə dəyişiklik gözlənilirmi?
AvroMedia.Az  xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mənzillərin və ümumilikdə daşınmaz əmlakın qiymətlərinin artması təsadüfi deyil deyib.
"Bu, iqtisadi proseslərin məntiqi nəticəsidir. Hazırda daşınmaz əmlak investisiya cəlbediciliyi baxımından digər istiqamətləri geridə qoyaraq prioritet sahəyə çevrilib. Həm sahibkarlar, həm də vətəndaşlar sərbəst vəsaitlərini əsasən bu sahəyə yönəldirlər. Mənzil bazarında tələb və satış əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalsa da, investisiya cəlbediciliyi qiymətlərin ucuzlaşmasına imkan vermir. Bunun əsas səbəblərindən biri tikintinin maya dəyərinin ildən-ilə artmasıdır. Digər amil isə torpaq sahələrinin məhdud olmasıdır. Torpaq qiymətləri yüksəldikcə, həmin ərazilərdə inşa edilən binaların ümumi maya dəyəri də artır. Bundan başqa, tikinti sahəsində normativlərin və tələblərin sərtləşdirilməsi də xərclərin artmasına səbəb olur. Müasir tikinti standartlarının tətbiqi, prosedurlara və təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi nəticədə mənzillərin bazara daha yüksək qiymətlə çıxarılmasına gətirib çıxarır".
Ekspert bildirib ki, qiymət artımına təsir edən digər amil alternativ investisiya istiqamətlərinin kifayət qədər cəlbedici olmamasıdır:
"Bu səbəbdən daşınmaz əmlak investisiya üçün əsas seçim olaraq qalır ki, bu da qiymətlərin yüksəlməsini şərtləndirir. Eyni zamanda, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə iqtisadi aktivlik də qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan, yaxın dövrdə də qiymət artımının davam edəcəyi gözlənilir. Qiymətlərə təsir edən mühüm şərtlərdən biri də Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsidir. Bu proses nəticəsində həmin binaların sakinləri yeni mənzil almaq üçün bazara üz tuturlar. Eyni zamanda, onların yerində inşa olunan yeni binaların maya dəyəri yüksək olduğundan bazara daha bahalı mənzillər təklif edilir. Beləliklə, alqı-satqı əməliyyatlarının sayında müəyyən azalma müşahidə olunsa da, qiymət artımı davam edir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunadək bu tendensiya qorunacaq və 2027-ci ildə də davam edəcək.
Nə qədər ki, alternativ investisiya istiqamətləri formalaşmayıb və vətəndaşlar, eləcə də sahibkarlar sərbəst vəsaitlərini daha çox daşınmaz əmlaka yönəldirlər, bu sahə investisiya baxımından üstün mövqeyini saxlayacaq. Bu meyl xüsusilə pandemiyadan sonra daha da güclənib. Pandemiya dövrü daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olduğunu göstərdi. Qiymət artımı və icarədən gəlir əldə etmək imkanı bu sahəyə marağı daha da artırdı. İnflyasiya və digər iqtisadi amillər nəzərə alındıqda daşınmaz əmlakdakı qiymət artımı real ifadədə o qədər də yüksək deyil. Lakin bazarda qiymətləndirmə nominal rəqəmlərlə aparılır. Məsələn, əgər mənzilin qiyməti dünən 100, bu gün 120 manatdırsa, bu, qiymət artımı deməkdir. Pulun zaman dəyəri və mürəkkəb faiz kimi maliyyə hesablamaları daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasını müəyyən edən əsas meyar hesab olunmur".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ