AvroMedia.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.
Onun sözlərinə görə, satışlar gözlənilən səviyyədə deyil və bazarda hələ də ötən ildən qalan problemlər hiss olunur.
"Bazardakı mövcud vəziyyətin əsas səbəblərindən biri ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan gömrük və vergi güzəştlərinin bu ildən ləğv edilməsi olub. Güzəştlərin müddətinin uzadılmayacağı ötən ilin III rübündən məlum idi. Buna görə paralel idxalla məşğul olan şəxslər və investorların vəsaiti hesabına fəaliyyət göstərən avtomobil satıcıları bazara rekord sayda avtomobil gətiriblər. Həmin dövrdə gətirilən avtomobillər 5-10 gün ərzində satılırdı. İnvestorlar da qısa müddətdə gəlir əldə edə bilirdilər. Lakin bu ilin əvvəlindən satışlar kəskin zəifləyib", - deyə sədr qeyd edib.
Qiymətlər maya dəyərindən aşağı düşüb
Assosiasiya sədrinin sözlərinə görə, satışın zəifləməsi bəzi idxalçıların aylarla avtomobil sata bilməməsinə səbəb olub: "Bu da investorlar arasında narahatlıq yaradıb və satıcılar avtomobilləri əvvəlcə maya dəyərinə, daha sonra isə maya dəyərindən aşağı qiymətə satışa çıxarmağa başlayıblar. Nəticədə bazarda qiymət müharibəsi gedir. Bir satıcı qiyməti endirir, digəri də məcbur qalaraq eyni addımı atır".
E. Əliyev qeyd edib ki, qiymətlərin demək olar ki, hər gün dəyişməsi alıcıların davranışına da təsir edib: "Alıcılar bir gün 32 min manata təklif olunan avtomobilin bir neçə gün sonra 30 min, hətta 29 min manata satıldığını gördükləri üçün alış qərarını təxirə salıblar. Bu isə bazarda qeyri-müəyyənliyi daha da artırıb. Ötən il idxal edilmiş avtomobillərin sayı real tələbi üstələdiyi üçün bazarda böyük həcmdə satılmamış avtomobil ehtiyatı formalaşıb".
AADA sədri qeyd edib ki, yeni avtomobillərlə bağlı çətinliklərə baxmayaraq, ikinci əl avtomobil bazarında müsbət dinamika müşahidə olunur: "Xüsusilə Cənubi Koreya, Yaponiya və Almaniya istehsalı olan avtomobillərin satışları artmağa başlayıb. Bu, bütün marka və modellərə aid deyil. Lakin bazarda etibar qazanan avtomobillərə maraq xeyli yüksəlib", - deyə o vurğulayıb.
Rəsmi dilerlər də qiymət siyasətini dəyişiblər
E. Əliyevin sözlərinə görə, bazardakı vəziyyət rəsmi idxalçılara da təsirsiz ötüşməyib: "Rəsmi dilerlər istehsalçı zavodlarla apardıqları danışıqlar nəticəsində avtomobilləri daha münasib qiymətlərlə təklif etməyə başlayıblar. Bu, əvvəllər rəsmi dilerlərlə paralel idxalçılar arasında mövcud olan qiymət fərqinin də azalmasına səbəb olub".
Assosiasiya sədri əlavə edib ki, Çindən avtomobillərin ixracı ilə bağlı tətbiq edilən yeni qaydalar da bazara təsir göstərir: "Avtomobillərin istehsaldan sonra altı ay keçmədən ölkədən çıxarılmasına qoyulan məhdudiyyət bazarda müəyyən tarazlığın formalaşmasına kömək edə bilər. Artıq bu istiqamətdə müəyyən müsbət siqnallar görünür. Ümid edirik ki, bazarda vəziyyət yaxın aylarda daha da sabitləşəcək".
Çindəki yeni qaydalar bazarda tarazlıq yarada bilər
Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, əmlak eksperti Hüseyn Talıbov isə "Report"a bildirib ki, yay mövsümü avtomobil bazarında ənənəvi olaraq alqı-satqı əməliyyatlarının artdığı dövr hesab olunsa da, bu il bazarda aktivlik ötən illərlə müqayisədə daha məhdud səviyyədədir.
Onun sözlərinə görə, bazarda alıcıların qərarvermə prosesi əvvəlki illərlə müqayisədə daha ehtiyatlıdır: "İnflyasiya mühitinin davam etməsi, istehlak kreditlərinin yüksək faiz dərəcələri və əhalinin xərclərə daha həssas yanaşması avtomobil bazarında tələbin artım tempini zəiflədir. Buna baxmayaraq, yay mövsümü ilə əlaqədar fərdi nəqliyyata maraq davam edir və alqı-satqı əməliyyatları tam dayanmayıb. Hazırda bazarda ən çox 8-12 il istismar olunmuş, texniki vəziyyəti qənaətbəxş, mühərrik həcmi 1,5-2 litr olan iqtisadi sinfə aid avtomobillər satılır. Alıcılar ilk növbədə yanacaq sərfiyyatı aşağı, ehtiyat hissələri əlçatan və servis xərcləri münasib olan modellərə üstünlük verirlər. Hibrid avtomobillərə maraq da əvvəlki illərlə müqayisədə artıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2024-cü ildə dünyada elektrik və hibrid avtomobillərin satışının payı 20 %-i ötüb ki, bu tendensiya Azərbaycan bazarında da hiss olunur".
H.Talıbov vurğulayıb ki, hazırda bazarda təklif tələbi üstələyir: "Başqa sözlə, bazarda satıcıların sayı alıcılardan çoxdur. Bu isə satıcılar arasında rəqabəti artırır və qiymətlər üzrə güzəşt imkanlarını genişləndirir. Hazırda ikinci əl avtomobillərin əhəmiyyətli hissəsi ilkin elan qiymətindən orta hesabla 5-10 % aşağı qiymətə satılır".
Ekspert hesab edir ki, bazarda likvidliyi yüksək olan modellər daha qısa müddətdə alıcı tapır: "Kütləvi tələbat olan avtomobillər adətən 20-40 gün ərzində satılır. Daha bahalı, mühərrik həcmi böyük və saxlanma xərcləri yüksək olan avtomobillərin satış müddəti isə bir neçə aya qədər uzana bilir. Bu da bazarda alıcının seçim imkanlarının geniş olduğunu göstərir".
O qeyd edib ki, Azərbaycanda avtomobil parkının yenilənməsi davam etsə də, köhnə avtomobillərin xüsusi çəkisi hələ də yüksəkdir: "Rəsmi statistikaya əsasən, ölkədə istismarda olan minik avtomobillərinin böyük hissəsinin yaşı 10 ildən artıqdır. Bu səbəbdən daha qənaətcil və ekoloji standartlara cavab verən avtomobillərə tələbat tədricən artır. Eyni zamanda, yeni avtomobillərin qiymətinin yüksək olması alıcıların əhəmiyyətli hissəsini ikinci əl bazarına yönəldir".
H.Talıbovun fikrincə, yay mövsümünün sonuna qədər bazarda kəskin qiymət dəyişiklikləri gözlənilmir: "Hazırkı mərhələdə bazar sabitdir. Təklif həcmi yüksək olduğundan ciddi bahalaşma üçün iqtisadi əsaslar görünmür. Ayrı-ayrı likvid modellər istisna olmaqla, qiymətlərdə əsasən mövcud səviyyənin qorunacağı gözlənilir. Mövcud şərait alıcılar üçün seçim imkanlarını genişləndirir, satıcılar isə alqı-satqını sürətləndirmək üçün daha çevik qiymət siyasəti tətbiq etməyə məcbur olurlar".

Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimələndi
Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
Ağcaqanadlara qarşı vasitənin sağlamlıq üçün təhlükələri açıqlanıb
AzTV Afaq Bəşirqızına 10 min manat ödəyəcək
Bakıda bu ərazisində söküntü başladı
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi
Tikinti materialları bağlı yeni dövlət standartları qəbul edildi
Avarçəkənimiz qızıl medal qazandı