AvroMedia.Az xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova bildirib ki, işə qəbul zamanı namizədə yalnız yaşına görə məhdudiyyət qoyulmasını hər şeydən öncə hüquqi baxımdan dəyərləndirmək lazımdır:
“Bu hal birbaşa əmək qanunvericiliyinin bərabərlik prinsipinə ziddir. Əmək Məcəlləsi işçilərin əmək hüquqlarının həyata keçirilməsi zamanı ayrı-seçkiliyə yol verilməməsini əsas prinsiplərdən biri kimi müəyyən edib. Məcəlləyə əsasən, irqi, milli mənsubiyyətə, cinsə, dinə, siyasi baxışlara, ailə vəziyyətinə, sosial mənşəyə və digər hallarla yanaşı, işçinin peşə keyfiyyətləri ilə bağlı olmayan meyarlara görə əmək hüquqlarının məhdudlaşdırılması yolverilməzdir”.
İqtisadçının sözlərinə görə, işə qəbul zamanı əsas meyar namizədin peşə hazırlığı, ixtisası, təcrübəsi və konkret vəzifənin tələblərinə uyğun olması olmalıdır:
“Bu baxımdan, vakansiya elanlarında “35 yaşadək”, “40 yaşadək” və ya “50 yaşdan aşağı” kimi ifadələrlə yaş məhdudiyyətlərinin qoyulması bərabər rəftar prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir və qanunda nəzərdə tutulmayan əsaslarla ayrı-seçkilik tətbiq edilməsini qadağan edir. Əmək hüququ da məhz bu konstitusion prinsiplərə söykənir”.
V.Əhmədova deyib ki, bəzi vəzifələr üzrə qanunvericiliyin özü yaş həddi müəyyən edir:
“Məsələn, dövlət qulluğunun müəyyən növlərində, hərbi xidmət, hüquq-mühafizə orqanları və ya xüsusi fiziki hazırlıq tələb edən peşələrdə yaş məhdudiyyəti qanunla nəzərdə tutulur. Belə hallarda yaş həddi ayrı-seçkilik deyil, qanuni tələbin icrası hesab olunur. Lakin özəl sektorda, həmçinin qanunla belə məhdudiyyət nəzərdə tutulmayan vəzifələr üzrə yalnız namizədin yaşına görə işə qəbuldan imtina edilməsi hüquqa ziddir. Nəticə etibarilə, 50 yaşdan yuxarı şəxslərin yalnız yaşlarına görə əmək bazarından kənarda saxlanılması Konstitusiyada təsbit olunmuş bərabərlik prinsipinə və Əmək Məcəlləsində nəzərdə tutulan ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə ziddir”.
Vüsalə Əhmədova hesab edir ki, əgər yaş məhdudiyyəti qanunla birbaşa müəyyən edilməyibsə və işin mahiyyətindən irəli gəlmirsə, dövlət bununla bağlı ciddi tədbirlər görməlidir:
“Öncə, yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyin icrasına nəzarət gücləndirilə bilər. Qanunla nəzərdə tutulmayan hallarda vakansiyalarda yaş həddi göstərən işəgötürənlər üçün inzibati məsuliyyət və cərimələr tətbiq olunmalıdır.
İkincisi, işə qəbul zamanı ayrı-seçkilik faktlarının araşdırılması mexanizmi təkmilləşdirilməlidir. Vətəndaşların anonim qaydada şikayət verməsi, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən operativ yoxlamaların aparılması və pozuntu aşkar edilərsə hüquqi tədbirlərin görülməsi təmin edilə bilər.
Namizəd yaşına görə ayrı-seçkiliyə məruz qaldığını əsaslandıran ilkin faktlar təqdim etdikdə, işəgötürən işə qəbuldan imtinanın yaşla deyil, namizədin peşə hazırlığı, ixtisası və digər obyektiv meyarlarla bağlı olduğunu sübut etməlidir.
Bu yanaşma bir sıra Avropa ölkələrinin anti-diskriminasiya qanunvericiliyində də tətbiq olunur. Konkret olaraq, yaşa görə ayrı-seçkiliyin aradan qaldırılması yalnız sosial siyasət məsələsi deyil, ən əsası hüququn aliliyinin təmin edilməsidir”.

Depytatlar məzuniyyətə çıxır; Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü
AZAL yeni “Airbus A321neo” təyyarəsi ilə ilk uçuşunu həyata keçirdi
Yeni hoteldə 45 nəfərə iş veriləcək
4 ilə bu qədər dəyişdi
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
Sürücülərin nəzərinə!
Paytaxtda növbəti daxili iməcilik keçirildi
Ukrayna yenidən vuruldu
Həftəsonu çimərliklərə üz tutanlara