KOSMETOLOJİ PROSEDURLAR; RİSKLƏR, REALLIQLAR VƏ DOĞRU SEÇİM
Tarix: Dünən, 15:32
Baxılıb: 8 028
Google+ Paylaş
Tumblr Paylaş

KOSMETOLOJİ PROSEDURLAR; RİSKLƏR, REALLIQLAR VƏ DOĞRU SEÇİM

Dünən, 15:32

Kosmetologiya son illərdə sürətlə inkişaf edən və cəmiyyətin ən çox maraq göstərdiyi tibbi sahələrdən birinə çevrilib. Bununla yanaşı, bu sahədə peşəkar yanaşma, pasiyent təhlükəsizliyi, elmi əsaslara söykənən müalicə metodları və etik prinsiplər əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, qeyri-ixtisaslı şəxslərin kosmetoloji müdaxilələr aparması, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar və süni gözəllik anlayışının formalaşdırdığı meyillər həm həkimləri, həm də cəmiyyəti narahat edən əsas məsələlərdəndir.
  Dermatoloq, həkim-kosmetoloq Yeganə Nəsirova AvroMedia.Az-a sözügedən mövzularla bağlı geniş müsahibə verib. Onu da qeyd edim ki,  o, ixtisası üzrə uzun illər fəaliyyət göstərməklə yanaşı, ölkədə və xaricdə keçirilən çoxsaylı elmi-praktik konfransların, təlim və seminarların iştirakçısıdır. Elmi yenilikləri daim izləyən, müasir müalicə və kosmetoloji yanaşmaları gündəlik tibbi fəaliyyətində tətbiq edən mütəxəssis hesab edir ki, bu sahədə uğurun əsas şərti pasiyentin sağlamlığını hər zaman estetik nəticədən üstün tutmaqdır.
Tibbə marağının təməli ailəsində qoyulub. Atası həkim B. Təhməzov (Psixonevroloq) illərlə insan sağlamlığının keşiyində dayanması Dr. Yeganədə bu peşəyə dərin hörməti formalaşdırıb və  peşə seçimində mühüm rol oynayıb.
Dermatoloq, həkim-kosmetoloqla müsahibəni təqdim edirik:

Yeganə xanım son illər kosmetoloji prosedurlara maraq xeyli artıb. Sizcə, bunun səbəbi insanların özünə qulluq istəyidir, yoxsa cəmiyyətin yaratdığı gözəllik standartları?

– Mən bir dermatoloq və estetik həkim olaraq hesab edirəm ki, bu artımın əsas səbəbi hər iki amilin vəhdətidir. Müasir dövrdə insanlar əvvəlki illərlə müqayisədə həm dəri sağlamlığına, həm də estetik görünüşünə daha çox diqqət ayırırlar. Bu, əlbəttə ki, müsbət tendensiyadır. İnsanlar artıq anlayırlar ki, sağlam və baxımlı görünmək yalnız xarici görünüş deyil, həm də ümumi sağlamlığın və həyat keyfiyyətinin göstəricisidir.
Digər tərəfdən isə sosial şəbəkələr və rəqəmsal platformalar insanların gözəllik haqqında təsəvvürlərini müəyyən qədər dəyişib. Filtrlərlə yaradılan ideal simalar, qüsursuz görünüşlər bəzən insanlarda psixoloji təzyiq yaradır və onları ehtiyac olmadığı halda estetik prosedurlara üz tutmağa sövq edir.
Mənim yanaşmam isə tam fərqlidir. Kosmetologiyanın məqsədi insanı tamamilə dəyişdirmək deyil. Əsas məqsəd onun təbii gözəlliyini qorumaq, yaşlanma prosesini sağlam şəkildə idarə etmək və dəri keyfiyyətini yaxşılaşdırmaqdır. Ən uğurlu estetik nəticə insanın süni deyil, sağlam, baxımlı və təbii görünməsidir.

Sosial şəbəkələrdə tibbi təhsili olmayan şəxslərin kosmetoloji xidmət göstərməsi ilə bağlı tez-tez şikayətlər eşidilir. Bu hal insanların sağlamlığı üçün hansı riskləri yaradır?

– Bu, kosmetologiya sahəsində ən ciddi və təhlükəli problemlərdən biridir. Estetik prosedurlar sadəcə gözəllik xidməti deyil, tibbi müdaxilədir. Bu sahədə çalışan şəxs insan anatomiyasını, damar və sinir sistemini, istifadə olunan preparatların xüsusiyyətlərini və mümkün ağırlaşmaları dərindən bilməlidir.
Təəssüf ki, tibbi təhsili olmayan şəxslər tərəfindən aparılan prosedurlar infeksiya, abses, allergik reaksiyalar, damar daxilinə preparat yeridilməsi nəticəsində toxuma nekrozu, üz asimmetriyası, sinir zədələnməsi, hətta bəzi hallarda görmə itkisi kimi çox ağır fəsadlara səbəb ola bilir. Belə problemlər sonradan həm uzunmüddətli müalicə, həm də əlavə cərrahi müdaxilə tələb edə bilər.
Buna görə də hər kəsə tövsiyə edirəm ki, prosedur etdirməzdən əvvəl həkimin diplomu, sertifikatları, iş təcrübəsi və istifadə etdiyi preparatların orijinallığı ilə mütləq maraqlansın. Sağlamlıq heç vaxt riskə atılmamalıdır.

– Bəzi insanlar ucuz qiymətə görə qeyri-peşəkar mütəxəssislərə müraciət edirlər. Bunun nəticəsində ən çox hansı problemlərlə qarşılaşırsınız?

– Təcrübəmdə bunun nəticələri ilə çox tez-tez rastlaşıram. Mənə müraciət edən pasiyentlərin bir hissəsi uğursuz dolğu prosedurları, yanlış dozada botoks tətbiqi, infeksiyalar, hematomalar, toxuma zədələnmələri, fibrozlaşma, üz konturlarının pozulması və estetik asimmetriya kimi problemlərlə gəlirlər.
Ən narahatedici məqamlardan biri də bəzi hallarda sertifikatsız və ya saxta preparatlardan istifadə edilməsidir. Bu isə vəziyyəti daha da ağırlaşdırır və bəzən geri dönməsi çox çətin olan nəticələr yaradır.
Unutmaq olmaz ki, belə halların korreksiyası ilk prosedurun icrasından qat-qat çətin, daha uzunmüddətli və daha baha başa gəlir. Mən hər zaman vurğulayıram ki, estetik prosedur xərc deyil, sağlamlığa qoyulan investisiyadır. Burada əsas meyar qiymət deyil, təhlükəsizlik, peşəkarlıq və keyfiyyət olmalıdır.

– Kosmetoloji prosedurların yaş həddi ilə bağlı fikirlər müxtəlifdir. Gənclərin erkən yaşlardan bu prosedurlara marağını necə qiymətləndirirsiniz?

– Hər yaş dövrünün öz ehtiyacı var. Son illərdə xüsusilə sosial medianın təsiri nəticəsində çox gənc insanlar estetik prosedurlara böyük maraq göstərirlər. Lakin hər estetik istək tibbi göstəriş demək deyil.
Gənc yaşlarda əsas diqqət düzgün dəriyə qulluq, akne və digər dəri problemlərinin vaxtında müalicəsi, günəşdən qorunma və sağlam həyat tərzinə yönəlməlidir. İnvaziv prosedurlar isə yalnız tibbi göstəriş olduqda, dəqiq diaqnoz qoyulduqdan sonra və peşəkar həkim tərəfindən aparılmalıdır.

Əsassız və erkən müdaxilələr gələcəkdə həm estetik, həm də tibbi problemlərin yaranmasına səbəb ola bilər. Buna görə də gənclər sosial şəbəkələrdə gördükləri görüntülərə deyil, mütəxəssis rəyinə üstünlük verməlidirlər.

– Gözəllik naminə edilən prosedurlarla sağlamlığın qorunması arasında tarazlıq necə saxlanılmalıdır? İnsanlara bu mövzuda hansı tövsiyələri verərdiniz?

– Mənim üçün hər zaman birinci yerdə sağlamlıq dayanır. Çünki sağlamlıq üzərində qurulan estetik nəticə həm daha təhlükəsiz, həm də daha uzunömürlü olur. Hər bir pasiyent fərdi yanaşma tələb edir. Onun dəri tipi, sağlamlıq vəziyyəti, həyat tərzi və gözləntiləri mütləq nəzərə alınmalıdır.
  İnsanlara əsas tövsiyəm odur ki, sosial şəbəkələrdə yayılan reklamlara, endirim kampaniyalarına və təsadüfi məsləhətlərə deyil, elmi əsaslara və peşəkar həkim rəyinə güvənsinlər.
  Müasir kosmetologiyanın əsas məqsədi insanın simasını dəyişdirmək deyil, onun təbii görünüşünü qorumaq, mimikasını və fərdiliyini saxlayaraq daha sağlam və baxımlı görünməsinə kömək etməkdir. Mən hesab edirəm ki, estetik prosedurun ən uğurlu nəticəsi insanların "Nə etdirmisən?" sualını verməsi deyil, "Çox sağlam və baxımlı görünürsən" deməsidir.
  Müsahibəyə vaxt ayırdığına və suallarımızı ətraflı cavablandırdığına görə dermatoloq, həkim-kosmetoloq  Yeganə Nəsirovaya təşəkkürümüzü bildirir, gələcək elmi və peşəkar fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və məsuliyyətli missiyasında daim nailiyyətlər arzulayırıq.

SÖHBƏTLƏŞDİ; İLHAMƏ HÜSEYNİ скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ