Tarixi qələbə günlərinin əbədiləşdirilməsi  dövlət siyasətinin tərkib hissəsidir.
Tarix: 17-10-2024, 12:48
Baxılıb: 3 188
Google+ Paylaş
Tumblr Paylaş

Tarixi qələbə günlərinin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir.

17-10-2024, 12:48

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin ən qanlı döyüşlərindən biri də Füzuli şəhərinin düşməndən azad olunması uğrunda gedib. Füzuli Ermənistanın işğalı nəticəsində ən çox virana, dağıntıya məruz qalmış rayonlardan biridir. 

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin düşmüş 113 Füzuli sakinindən hələ də məlumat yoxdur. 1993-cü il avqustun 23-də Füzuli rayonu Ermənistan ordusu tərəfindən işğal olunub. İşğal nəticəsində 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən zəbt edilib və 55 min nəfərə yaxın Füzuli sakini öz doğma torpaqlarından didərgin düşüb.  İşğaldan təxminən beş ay sonra cəbhədə erməni  silahlı qüvvələrinin hücumu dayandırıldı. 1993-cü il dekabr ayının əvvəllərində  ümummilli lider Heydər Əliyevin Füzuli rayonuna səfəri, döyüşçülərlə və əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. Bu səfərdən heç bir ay keçməmiş, 1994-cü ilin yanvar ayında milli ordu hissələri əks-hücuma keçərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ölkə Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz bu Sərəncama əsasən 17 oktyabr “Füzuli şəhəri günü” kimi müəyyən edilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

2023-cü il oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Prezident İlham Əliyev Füzuliyə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən bir sıra vacib məqamlara toxundu. Cənab Prezident xüsusi olaraq qeyd etdi ki, “Azərbaycan torpaqlarının 30 il davam edən işğalı dövründə üzərlərinə vasitəçilik missiyası götürmüş beynəlxalq təşkilatlar əslində mövcud münaqişənin həlli üçün deyil, onun dondurulması üçün səy göstərirdilər. Xalqımızı torpaqlarımızın həmişəlik itirilməsi fikri ilə barışdırmağa çalışan qüvvələrin ən çox ümid etdikləri məqamlardan biri bu idi ki, illər keçdikcə Azərbaycanda Qarabağı, Şərqi Zəngəzuru heç zaman görməyən yeni nəsil yetişəcək və bu gənc nəsil öz dədə-baba yurdlarını unudacaq. Lakin bu baş vermədi. Dövlət başçısının qeyd etdiyi kimi, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi son dərəcə qürurverici haldır və həqiqətən də böyük hadisədir. Çünki bu uşaqlar, yeniyetmələr və gənclər bu torpaqlar barədə yalnız yaşlı nəslin onlara danışdıqlarını ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü, öz doğma diyarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir”.

Azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri bölgənin ümumi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Hava limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirdi və bölgənin inkişafı üçün yeni imkanlar açmış oldu. Beynəlxalq aeroportun açılması bölgədə turizmin inkişafına müstəsna şərait yaradacaq. Füzuli rayonunun azad edilmiş ərazilər üçün rolu və əhəmiyyəti təkcə hava limanının inşası ilə məhdudlaşmır. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarında yaşayırlar.

Türkanə Mübariz
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ