XİN daha bir brifinq keçirdi
Tarix: 20-09-2023, 18:58
Baxılıb: 1 062
Google+ Paylaş
Tumblr Paylaş

XİN daha bir brifinq keçirdi

20-09-2023, 18:58

Sentyabrın 20-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, brifinq zamanı aşağıdakı əsas məqamlar diqqətə çatdırılıb:

- Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədib.

- Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

- Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak olub.

- Erməni silahlı qüvvələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edilib.

- Sadalanan amillər fonunda, Qarabağ iqtisadi rayonunda yerləşdirilmiş erməni silahlı qüvvələri təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

- Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

- Antiterror tədbirləri müstəsna olaraq qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəf alıb. Mülki əhali və obyektlərə heç bir halda hücum edilməyib. Bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir.

- Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında hərbi infrastrukturun yerləşdirilməsini nəzərə alaraq Azərbaycan ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırıb. Mobil SMS xidməti, səsgücləndirici texniki vasitələr və məlumat vərəqələri vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri müvafiq olaraq məlumatlandırılıb.

- Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunub.

- Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

- Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olduğunu dəfələrlə bəyan edib.

- Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

- Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olaraq istənilən hərbi mövcudluq regional sülh və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın hərəkətləri müstəsna olaraq bu qanunsuz qüvvələrin sıradan çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib.

- Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

- Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərksilah olunmalıdır.

- Razılaşmanın icrası Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəkdir.

- 21 sentyabr 2023-cü il tarixində Azərbaycanın Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiya məsələlərini müzakirə etmək üçün görüş keçiriləcəkdir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ