Keçmişi qoruyan və yaşadan muzey
Tarix: 23-10-2024, 22:34
Baxılıb: 3 037
Google+ Paylaş
Tumblr Paylaş

Keçmişi qoruyan və yaşadan muzey

23-10-2024, 22:34

1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.
Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məqsədi olmuşdur. Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim, xalçaçı rəssam və pedaqoq, “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur.
Azərbaycan Milli Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və YUNESKO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi. Ölkənin müasir memarlıq tikililərindən birində yerləşən Azərbaycan Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Muzey Azərbaycanın xalça və xalq tətbiqi sənətinin nümayiş edildiyi ən zəngin ekspozisiyaya malikdir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur. Həm elmi bilgilər, həm xalça-xalı örnəkləri, həm toxuculuq sənətinin incəliklərini, Azərbaycandakı özəlliklərini, bir sözlə, milli xalçaçılıq sənətinə dair dolğun faktları sərgiləyən həmin muzey ən müasir informasiya texnologiyaları ilə təmin olunub. Muzey sərgilər, beynəlxalq simpoziumlar və konfranslar keçirməklə elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilmişdir. 50 ildən artıq fəaliyyəti ərzində muzey dünyanın bir çox ölkələrində 30-dan çox sərgi təşkil etmişdir. 1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və YUNESKO-nun təşkilati dəstəyi ilə Azərbaycan Milli Xalça Muzeyində “Şərq xalça sənəti” mövzusunda birinci beynəlxalq simpozium keçirildi. Azərbaycan Milli Xalça Muzeyinin bilavasitə iştirakı ilə 1988-ci ildə “Azərbaycan xalça sənəti”, 2003-cü ildə “Azərbaycan xalçası və xalq tətbiqi sənəti”, 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” (Paris, UNESCO-nun Baş qərargahı), 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Ənənə və innovasiyalar” adlı beynəlxalq simpoziumlar keçirilmişdir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilmişdir.
Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin maddi və qeyri-maddi mədəni irsinin öyrənilməsinə böyük diqqət yetirir. Elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərən bu mədəniyyət ocağı mütəmadi olaraq müxtəlif ölkələrin alim, sənətkar və kolleksiyaçılarını bir araya toplayaraq beynəlxalq simpozium və konfranslara ev sahibliyi edir.
Muzeydə qədim xovsuz toxuculuq texnikaları dirçəldilir. Bununla yanaşı, müxtəlif sənətkarlıq növlərinin, xüsusilə də xalçaçılığın təbliğatı məqsədi ilə təhsil şöbəsi yaradılıb. Burada uşaqlar və böyüklər üçün maarifləndirici proqramlar hazırlanır.
Azərbaycan Milli Xalça Muzeyi inklüziv proqramların tətbiqi işində də ölkəmizdə ilk muzeydir. Görmə qabiliyyəti məhdud insanların rahatlığı üçün ekspozisiyadakı bütün mətnlər Brayl şrifti ilə təqdim olunub.
Bununla yanaşı, “Ənənəvi texnologiya” şöbəsinin əməkdaşları xovlu və xovsuz texnikaların sintezi metodundan istifadə edərək xalça nümunələri hazırlayıblar. Bu nümunələrin vasitəsilə görmə qabiliyyəti zəif insanlar taktil üsulla xalçalarımızda olan ornamentləri, xovsuz xalçaların texnika fərqlərini hiss edə bilərlər.
2020-ci ildən etibarən muzey eşitmə qabiliyyəti zəif insanlar üçün surdo-tərcümə ilə virtual ekspozisiyanı təqdim etdi. Muzeyin qonaqlarına həmçinin surdo-tərcüməçi ilə ekskursiya xidməti təklif olunur.
Muzey əlaqədar beynəlxalq şəbəkələrin fəal iştirakçısıdır. O, Avropa Tekstil Şəbəkəsi (ETN), Avropa Muzey Forumu (EMF), Beynəlxalq Muzeylər Şurası (İCOM), YUNESKO və Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond (IFESCCO) ilə sıx əməkdaşlıq edir.Muzey çərşənbə axşamı -cümə günləri saat 10:00-dan 18:00-a qədər, şənbə-bazar günləri isə 11:00-dan 19:00-a qədər fəaliyyət göstərir.GİRİŞ BİLETİ
Yerli vətəndaşlar üçün – 7 AZN; tur paket (10 nəfərdən artıq tamaşaçı) – 5 AZN;
Əcnəbi vətəndaşlar üçün – 10 AZN; tur paket (10 nəfərdən artıq tamaşaçı) – 7 AZN;
Məktəbli və tələbələr üçün – 3 AZN;
Sərgi salonu – 3 AZN;
Zərgərlik fondu – 3 AZN;Azərbaycan Milli Xalça Muzeyinə ödənişsiz daxil olan ziyarətçilərin siyahısı
(müvafiq sənəd təqdim etmək şərtilə)

- I, II qrup əlillər / Əlil arabası ilə hərəkət edən qonağı müşayiət edən şəxs (1 nəfər)
- Yerli təqaüdçülər
- Muzey işçiləri
- Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvləri
- İctimai birlik üzvləri (toxucular, rəssamlar, dizaynerlər)
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllimləri
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri
- Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və müəllimləri
- İncəsənət yönümlü orta ixtisas təhsil ocaqlarının tələbə və müəllimləri
- İnternat məktəbinin şagirdləri
- Məktəbəqədər təhsil müəssisələrinin uşaq və müəllimləri
- Əmək və müharibə veteranları
- Məcburi köçkünlər
- Əsgərlər

Türkanə Mübariz
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ