Mebel sexində partlayış qəsdən törədilib? - Ekspertlər
Tarix: 17-01-2024, 16:17
Baxılıb: 2 591
Google+ Paylaş
Tumblr Paylaş

Mebel sexində partlayış qəsdən törədilib? - Ekspertlər

17-01-2024, 16:17

Bakıda mebel sexində baş verən partlayışın ilkin səbəbləri ilə bağlı hələ də rəsmi açıqlama yoxdur. Buna baxmayaraq, sosial şəbəkələrdə bəzi ehtimallar səsləndirilir.

Ekspert Şəmsəddin Əliyev bildirib ki, hadisənin qəsdən törədilməsi ehtimalı da tam istisna edilməməlidir.
“İstər mediada, istərsə də sosial şəbəkələrdə bu məsələ ilə bağlı səsləndirilən ehtimallar yalnız ehtimal olaraq qalır və həqiqəti istintaq ortaya qoyacaq. Əlbəttə, partlayışın gücü, 9 nəfərin ölməsi və 24 nəfərin yaralanması ciddi hadisədir və ona görə də qəsd versiyası da istisna edilə bilməz. İnanıram ki, istintaq orqanları bu versiyanı gözardı etməyəcək və bu faciənin bütün məqamlarını üzə çıxaracaq”, - o vurğulayıb.
Ekspertin sözlərinə görə, hadisənin seçkiöncəsi baş verməsi də diqqətdən yayınmamalıdır:
“Eyni gündə Sumqayıtda da yataqxanada partlayışın baş verməsi insanlarda narahatlıq yaratdı. Ancaq yataqxanadakı partlayış və yanğının artıq qaz sızmasından olması ehtimalı irəli sürülüb. Doğrudur, yataqxanada qaz olmadığı deyildi, lakin artıq kanalizasiya xəttinin çəkilməsi zamanı qaz sızması baş verdiyini şahidlər də təsdiqlədi. Yəni bu partlayışlar arasında hər hansı əlaqə axtarıb, uzaqgedən nəticələr çıxarmağa ehtiyac yoxdur. Buna baxmayaraq, Bakıda prezident seçkilərinə hazırlıq getdiyi bir vaxtda belə güclü partlayışın ictimai narahatlıq yaratması da anlaşılandır. Güman edirəm ki, seçki ərəfəsində olduğumuzu istintaq orqanları da mütləq nəzərə alır və istintaq prosesində buna da diqqət yetiriləcək. Unutmamalıyıq ki, Azərbaycanın çox böyük hərbi-siyasi uğur qazanması bəzi ölkələrin maraqlarına cavab vermir, hətta Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini alacağını bildikləri üçün artıq indidən müxtəlif manipulyasiya edir, seçki prosesini izləməyi belə lazım bilmirlər”.
Ekspert Mahmud Hacıyev isə insidentin ümumi təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyini ehtimal edir:
“Mebel sexlərində tezalışan, qığılcım düşərkən partlayan maddələr olur. Düşünürəm ki, güclü partlayışın səbəbi bu maddələrdir”.
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Baş Prokuroluqdan isə faktla bağlı cinayət işi başlanıldığı, işin araşdırıldığı qeyd edilib:
“Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb”.
Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış baş verib. Hadisə zamanı 9 nəfər ölüb, 24 nəfər yaralanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ