Müasir Molla Nəsrəddin lətifələri
Tarix: 6-12-2023, 22:38
Baxılıb: 3 716
Google+ Paylaş
Tumblr Paylaş

Müasir Molla Nəsrəddin lətifələri

6-12-2023, 22:38

Həsənəli Eyvazlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan Müəllimlər İnstitutunun
kafedra müdiri, sair-dramatur


Mollanın cavabı

Avtobusda oturan Molla Nəsrəddin üzbəüz oturacaqdakı cavan qızın yubkasının dizdən bir qarış yuxarı olduğunu, hələ onun da bir tərəfinin bir qarış yuxarıya açıq olduğunu görərək:
– Qızım, bir az abırlı geyinə bilməzdinmi? – deyir.
Qız gülə-gülə: –
– Molla əmi, siz köhnəlik qalığısınız, belə şeyləri bilməzsiniz. Bu yeni avropa modasıdır.
Molla qızı başdan-ayağa süzərək cavab verir:
– Hə, düz deyirsən, bala. Sənin rəhmətlik nənən paltarı ayağının üzündən geyərdi. Sən ki, belə geyirsən, görək, sənin nəvən harasından geyəcək?...

Eşşək anqırar da...

Yolu bazara düşən Molla Nəsrəddin eşşəyini  qapı ağzında bağlayıb içəri girir. Piştaxtaların üzərindəki meyvə-tərəvəzin qiymətlərinin birdən-birə necə qalxdığını görən molla başını bulaya-bulaya gəzişir. Gözü piştaxta üzərinə yığılmış təzə-tər bibərə sataşır. Satıcıdan soruşur:
–  Oğul, bibər neçəyədir?
Satıcı cavab verir:
–  beş  manat.
Necəəə?... – deyə molla çaşqınlıqla ucadan səslənir.
Bu anda mollanın qapı ağzına bağlanan eşşəyi anqırmağa başlayır. Satıcı üzünü mollaya tutub gülə-gülə deyir:
– Molla əmi, eşşəyin anqırır ha...
Molla cavab verir:
– Oğul, bazarda bibər iki manat olanda, eşşək anqırar daa...

Noxta solyarkadan hazırlanır?

Eşşəyinin noxtası qırılan Molla Nəsrəddin palanduzun yanına gedir:
– Usta, eşşəyin noxtası qırılıb. Səndə hazır noxta var?
Palanduz avadanlığını bir xeyli eşələyib köhnə bir noxta taparaq mollaya verir.
Molla soruşur:
– Qiyməti neçədir?
On manat – deyə palanduz cavab verir.
Molla çaşıb qalır: - Ay usta, axı beş gün bundan qabaq noxtanı iki manata satırdın?
Usta çavab verir: - Molla əmi bilmirsən ki, solyarkanın qiyməti qalxıb?
Molla təəccüblənir: - Oğul, niyə noxta solyarkadan hazırlanır?

Binəva tapıb sırıyarsan

Mədəsi pozulan Mola Nəsrəddin yolboyu sıralanmış apteklərdən birinə gəlir. Üzünü aptekdə işləyən cavan qıza tutaraq:
– Qızım, mədəm pozulub, mənə bir dərman ver.
Qız mollanı başdan-ayağa süzərək geri dönür və bir yığın dərmanı Mollanın qabağına tökür:
– Bax, Molla əmi, bu baş ağrısı, diş ağrısı üçündür, bu bel ağrısı, bu qol ağrısı, bu da qıç ağrısı üçündür. Bax,  bu gördüyün mədəni, bu biri qara ciyəri sağaldır...
Qarnındakı qurultunun aşağı yendiyini görən Molla tələsik özünü qapıya yetirir və çönərək qıza deyir:
Qızım, mən tələsirəm, sən sadalamağında ol. O dərmanları da bir binəva tapıb sırıyarsan.

Hansı tez gedər?

Eşşəyinə minib şəhərin geniş bir küçəsi ilə gedən Molla Nəsrəddinin yanında şəhərdaxili xətlə işləyən “Qazel” avtobusu dayanır. Sürücü başını pəncərədən çölə çıxarıb gülə-gülə deyir:
– Molla əmi, gəl görək, hansımız  küçənin başına  tez çatarıq?
Molla təəccüblə sürücüyə baxır :
– Oğul, neçə illərdi sürünə-sürünə getməklə sərnişinləri əsəb xəstəsi eləmisiniz. İndi eşşəyimlə yarışmaq istəyirsiniz? Bu tamah ki, siz sürücülərdə var, heç vaxt eşşəyimdən tez gedə bilməyəcəksiniz.

Mollanın Nəsrəddinin aşbazlığı

Bir gün Molla Nəsrəddin bazarın qabağındakı meydanda eşşəyini saxlayır. Palana bağlanan qazanı, su qabını açıb yerə qoyur. Xurcunun gözlərindən iki dolu torba çıxarır. Özü ilə gətirdiyi ağ xalatı geyir, ağ papağı başına qoyub, torbalardakıları yan-yana düzməyə başlayır. Bazar xidmətçilərindən biri özünü yetirir:
- Molla əmi sən burada neyləyirsən?
Molla meydandakı adamları və maşının sahiblərini göstərib deyir:
– Bunlar üçün “Piti” bişirib satacağam.
Bazar xidmətçisi hirsli-hirsli:
– A kişi bura yeməkxanadır niyə? Çöldə, ayaq altında da “piti”  bişirmək olar?
Molla halını pozmadan deyir:
–Oğul, orada, bazarın içərisindəki natəmiz yerdə, toz-torpağın göz çıxaran yerində, xələtsiz, papaqsız, əlləri çirkli halda “dönər” hisə verib, çəkisiz, ölçüsüz camaata sırımaq olar, bu təmiz meydanda “piti” bişirmək olmaz?...

Molla Nəsrəddinin alveri

Bir gün Molla Nəsrəddin sınıq-salxaq, nuh-əyyamdan qalma “Raf” markalı mikroavtobusunu aparır maşın bazarına, satmağa.
Adamlar yığışır avtobusun başına. Hərə bir yandan mollanın maşınını lağa qoyur.
Biri deyir: -Ay molla bunun çölü qalsın bir yana, içi də dağılıb, nəyi qalıb ki, gətirmisən bazara?
Molla cavab verir:
– Oğul, bu maşın deyil ey, pulkəsəndi. Şəhər daxilində hansı maşruta salırsan-sal. Bu maşınlar dayanacaq bilməzlər. Harda adam gördü, dayanır, harda adam düşmək istəsə, dayanır. O ki, qaldı oturacaqlarına, salamat olsa düşməzlər.
Naxçıvan -2006-cı il
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ