AÇILMAMIŞ SƏHIFƏLƏR, YAXUD DIDƏRGIN TALELI INSANLAR
Tarix: 10-10-2023, 23:35
Baxılıb: 2 079
Google+ Paylaş
Tumblr Paylaş

AÇILMAMIŞ SƏHIFƏLƏR, YAXUD DIDƏRGIN TALELI INSANLAR

10-10-2023, 23:35

Həsənəli Eyvazlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan Müəllimlər İnstitutunun
kafedra müdiri, sair-dramaturq
Elimizin sazlı-sözlü el sənətkarları əsrlərlə xalqın ruhunu oxşayan, dərdi-sərini, sevincini, kədərini, arzu və istəklərini ifadə edən söz-sənət inciləri yaratmışlar. Deyilmiş hər qoşma, təcnis, gəraylı, dastan və nağıllar, bayatı və lətifələr ağızdan-ağıza keçə-keçə, məclislərdə söylənə-söylənə hafizələrdə yaşaya-yaşaya bu günümüzədək gəlib çıxmışdır.
XX əsrin əvvəllərindən başlayaraq şifahi xalq yaradıcılığı nümunələrinin toplanması, yazıya köçürülməsi və nəşr edilməsi sahəsində ardıcıl olaraq iş aparılmışdır. Tarixə nəzər salarkən məlum olur ki, ötən əsrin 30-cu illərinin repressiya dalğasına qədər folklor və etnoqrafiyamızın öyrənilməsi və toplanılması sahəsində M.H.Təhmasib, S.Mümtaz, Ə.Abid, H.Zeynallı V.Xuluflu V.Behcət kimi folklorşünaslar çox böyük və ciddi iş görmüşlər. Bugünkü müstəqillik dövrümüzdə də folklor nümunələrinin toplanmasına və nəşrinə ciddi fikir verilir, Azərbaycan Milli Elmlər Akademiyasının və  Naxçıvan bölməsinin Folklor İnstitututlarının əməkdaşları tərəfindən böyük işlər görülür.
Bu yazını oxuculara təqdim etmədən əvvəl, onları bu yazının qələmə alınma səbəbləri ilə tanış etmək istəyirəm. 
1978-82-ci illərdə yay məzuniyyəti zamanı Qərbi Azərbaycanın (indiki ermənistan ərazisində olan bölgələri) Zəngibasar, Göyçə, Dərələyəz bölgələrini gəzib dolaşardım. Yerli azərbaycanlıların yaşayış tərzini, milli adət-ənənələrini, xalq yaradıcılığı nümunələrini öyrənmək və topladıqlarımı yazıya köçürmək məndə bir mənəvi ehtiyaca çevrilmişdi.
Bu günlərdə evdəki köhnə qovluğu açıb vərəqlərkən bir yazı diqqətimi cəlb etdi. 1982-ci ildə qələmə aldığım “Açılmamış səhifələr, yaxud didərgin taleli insanlar” sərlövhəli yazının folklorşünaslar üçün də maraqlı olacağını nəzərə alaraq təqdim etməyi özümə borc bildim.
Dərələyəz, Qərbi Azərbaycanın səfalı dağlar qoynunda yerləşən bir mahalıdır. Bir tərəfi Arazdəyəndən, Dəvəlidən, Qəmərliyədək uzanan Xosrov qoruq dağ silsiləsinə söykənən, digər tərəfi Əyricə yaylaqlarınadək uzanan, başqa bir tərəfi Canı, Almalı meşələri, Qırxbulaq yaylağı ilə dövrələnən, bir yönü isə Murad Təpə ilə sərhədlənən bölgədir. Uzun illər çörəyini “daşdan” çıxaran buranın insanları cəsur, dözümlü olmaqla bərabər, mehriban və istiqanlıdır.
Dərələyəzin son yaşayış məntəqələrindən biri Canı və Almalı meşələri ilə əhatə olunan Qabaqlı kəndidir. Kəndin aşağısından axan çayın şaqqıltısı və çay kənarındakı qədim dəyirman bu kəndə  xüsusi əzəmət verir. 
Dərələyəzin Qabaqlı kəndində yaşlı bir müəllimin (O zaman səhvənadını qeyd etmədiyim üçün unutmuşam. Gərək ki, Məmməd müəllim idi) qonağı oldum. Söhbətimz Dərələyəzin tarixi keçmişindən, sazından, sözündən insanların yaşam tərzindən, gün-güzərandandüşdü. Müəllim dərindən ah çəkərək başını buladı... 
- Oğul, 1950-53-cü illərdə yaman dağıtdılar Dərələyəzi. Bir mahalın başbiləni, dilqananı ilə bilikdə körpələrini də köçürüb tökdülər Saatlının, Sabirabadın, İmişlinin, Salyanın ilan mələyən isti çöllərinə. Dağ havasına, bulaq suyuna öyrəşmiş adamlar, aranın istisinə dözə bilmədi, çoxu qırıldı. Mənim Musa adında bir dostum vardı. Musa İbrahim oğlu Hümbətov. Zeytə kəndindən idi. (Zeytə kəndinin əvvəlki adı “Çappalar” olmuşdur. Ermənistanın apardığı inzibati-ərazi bölgüsünə əsasən o zamankı Əzizbəyov rayonu ərazisində idi). Sinəsi dolu kitab idi. Onu da sürdülər Sabirabada. Uzun illər xəbər-ətər olmadı. Sonralar eşitdim ki, Sabirabad rayonunun Şıxsalahlı kəndində yaşayır. Gedib görə bilmədim. İndi yəqin ki, o, da qocalar...
Naxçıvana qayıtdıqdan sonra Musa kişi ilə bağlı maraq məni rahat buraxmadı. 1982-ci ilin isti bir yay günündə qardaşım Səfərəli müəllimlə qatara minib Əli-Bayramlı şəhərinə (indiki Şirvan), oradan da taksi ilə Şıxsalahlı kəndinə getdik. 
Hələ yola düşməzdən əvvəl gedişimizin səbəbini bilən atam söyləmişdi ki,  O zaman dayılarım Nabatalı və Dünyamalını da ailəliklə Sabirabada köçürdülər. Eşitmişəm ki, dayılarım vəfat ediblər.  Dünyamalı dayımın övlvdı yox idi. Nabatalı dayımın isə arvadının adı Səkinədir, uşaqları da var. Böyük oğlunun adı Əbülfəz, kiçiyinin adı isə Nəhmətdir. Bir də bacıları var, adını bilmirəm. İmkan olsa, onları da tapın. 
Şıxsalahlı kəndində soraqlaşaraq Əbülfəzin evini tapdıq. Özü evdə yox idi. Qoca anası Səkinə nənə bizi qarşıladı. Tanımadı. Heç tanıya da bilməzdi. Kim olduğumuzu dedik. Sanki boğulurmuş kimi könəyinin birinci düyməsini dartışdıraraq açdı, dərindən nəfəs aldı. Donub qaldı, rəngi-ruhu qaçdı. Diqqətlə üzümüzə baxaraq: - doğrudanmı siz Cahangirin balalarısınız? Doğrudanmı siz varmışsınız? Sizi Tanrımı göndərdi bura?
Handan-hana qollarını açaraq bizə sarıldı, ağlaya –ağlaya:
O dağlar qoşa dağlar,
Verib baş-başa dağlar.
Övladlarım gəlibdi,
Səni yüz yaşa, dağlar.
Dağlar marala qaldı,
Otu saralı qaldı.
Soyuq bulaq, göy çəmən,
O da aralı qaldı.
Allah Stalinin tufağını dağıtsın. Necə ki dağıtdı. Bizi eldən, obadan elədi. Hamını pərən-pərən saldılar, heç kimin, kimsədən xəbəri olmadı. Çappalarda (sonralar adını dəyişdirib “Zeytə” qoymuşdular. H.E.) ev-eşiyimiz qurulu, tövləmiz dolu qaldı. Əbülfəzin atası (Həyat yoldaşı Nabatalını nəzərdə tutur. H.E.) çox yaşamadı, havasını, suyunu götürmədi bu torpağın. Qəribgor olub qalmışıq buralarda. 
Hakimiyyətdə olduğu illərdə “millətlər atası” sayılan Stalinin insanlara bəxş etdiyi köçkünlük illərinin iztirablarının izləri görünürdü Səkinə nənənin qırışmış üz cizgilərində.
Yenə də naşükür deyildi Səkinə nənə. Əllərini sonsuz göylərə açaraq dua edirdi. Tanrıya min şükr, yenə balalarım yanımdadır, deyə özünü ovundururdu. Bıyy..., başıma xeyir, qapıda qalmısınız, keçin içəri – deyib qabağa düşdü...
Axşam oldu. Səkinə nənənin evi, üzünü ilk dəfə gördüyümüz qohumlarla doldu. Demə, burada ağır bir elimiz varmış. Bu, bizim bir-birimizi “itkin” hesab etdiyimiz dövrdən – 1952-53-cü ildən bu yana ilk görüşümüz idi. Əlbəttə sağ qalanların. Görüşə gələnlərin sevincli göz yaşları leysana dönüb üzdə şırım açırdı. Gecəyarıyadək ötən illərin acılı-şirinli xatirələri çözələndi. Yeni-yeni tanıdığımız və tanımadığımız adlar eşitdik, simalar canlandırdıq gözümüzdə...
Sabahı gün Əbülfəzlə birlikdə Musa kişinin qapısını döydük. Naxçıvandan gəldiyimizi bilib çox sevindi. Qucaqlayaraq bağrına basdı. Gözləri yaşarmış halda dedi: - Gəlin, içəri keçin oğlum, sizdən Dərələyəzimin, Çappalarımın  qoxusunu alım. Oğul, darıxmışam o torpaqlar üçün. Çox darıxmışam. Çappaları, Almalını, Köşbəyi, İtqıranı, Gülüdüzünü, Qabaqlını, Gədikvəngi, Kotanlını, Sallını, Həsənkəndi, Qoytulu, hətta Sal-salın qalasını yuxularımdan qova bilmirəm. Bəlkə də qocalıqdandır. Son vaxtlar başımı yastığa qoyan kimi doğma ellər gəlir yuxuma. Doyunca gəzib-dolanıram o yerləri. Yaz gələndə şaqqıldayaraq axan Arpaçayın kənarında baldırğan yığıram, güllü yasaclarda göbələk toplayıram. Əlbəttə ki, yuxularımda. (gülə-gülə) Bəlkə də vaxtım çatıb. Elə Əzrail də tez-tez gözümə görünür. 
Süfrə açıldı, çay-çörək gəldi. Ac olmadığımızı bildirdik. Üzümüzə baxaraq ciddi halda dedi ki, Allah süfrəsindən qismət dadmayana bizim evdə yer olmaz.
Süfrə yığışıldıqdan sonra üzümüzə baxaraq: - Hə,  oğul, indi deyin görüm gəlişinizin məqsədi nədir?
Məqsədimi, məramımı bildirdim. Üzümə baxaraq gülümsündü:                   - Qocalmışam oğul, huş-başım da qalmayıb. Neyləməli, uzaq yol gəlmisiniz. Keçmişləri oyalayım görüm, yadıma bir şey sala bilirəmmi?  Aşıq Qurbanidən, Aşıq Abbas Tufarqanlıdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən nələr demədi? Qoşmanı təcnisə, təcnisi gəraylıya, gəraylını ustadnaməyə caladı. Gözəl şeir demək qabiliyyəti vardı. Sözünü kəsmədən dinləyirdik. Nəhayət mətləb üstə gəldi..
Musa kişinin dedikləri: - O zamanlar zorla köçürülənlər içərisində söz sərrafı, sinədəftər olan eloğlumuz çox idi. Onlardan biri Cabbar idi. Cabbarın əsli Dərələyəzdəndir. Mənimlə həmyerlidir. 30 il bundan əvvəl Şamxor rayonuna köçürülmüşdü. Bir neçə ildir ki, vəfat edib. Gözəl rəngsaz idi, həm də bədəhatən qoşma demək qabiliyyəti var idi. Əvvəllər Cabbarın çox qoşmalarını bilirdim. Yaddaşımdan silinib çoxu. Onun “Dolandırır” və “Göyçə” rədifli iki qoşması yadımdadır: 
-Bir gün Cabbar Ağstafa şəhərində çayxanada çay içərkən qapıdan bir aşıq girir. Hamı aşıqdan bir-iki ağız oxumasını xahiş edir. Aşıq sazı köynəkdən çıxarır. Aşıq Ələsgərin qoşmalarından, ustadnamələrindən oxumağa başlayır. Cabbar görür ki, aşıq, ustadın sözlərini tökə-tökə, qol-qanadın sındıra-sındıra oxuyur. Ürəyi dözmür, deyir, ayə, aşıq qardaş ustadın sözlərini korlama, düzgün oxu. Naşısansa, saza hörmət elə, məclislərə girmə. Sonra isə bədahətən deyir: 
                           DOLANDIRIR
İnsan istiqamət alır dilindən, 
Ağıl təhrin verir, göz dolandırır.
Başında beş kəlmə olmayan adam,
Gözdən uzaq yel tək toz dolandırır.
Sənətkarsan, axtar sənətkarını,
Qatma bülbül ilə gül arasını.
Hər yetən anlamır saz avazını,
Yalan, gerçək yığır söz dolandırır.
Cabbar, bu sözlərin olmasın yasax,
Seçilsin sınaxda tamam şil, axsax.
Yetən bir saz alır, bir də bir papaq,
Utanmır, aləmdə saz dolandırır. 
Cabbarın ikinci qoşması Aşıq Ələsgərin vətəni Göyçə mahalı haqqındadır. O, burada Göyçənin təbii mənzərəsini, təbiətin yaratdığı ecazkar gözəlliyi, o cümlədən, Göyçənin bu gününü vəsf edir. 
GÖYÇƏ
Dörd tərəfin güldü, qəşəng çiçəkdi,
Sinəndə var ətir tükanı, Göyçə.
Buludlar saçındır, Günəş, Ay tacın,
Dağların bəzəyi, umanı Göyçə.
Bir yanı Şahdağı, bir yanı Qoşqar,
Qızıldağ, Dəlidağ dosta mötəbər.
Şişpilləkən təpən, dərən Ballıpər,
Ağmanqaldan gəlir dumanın, Göyçə.
Gözəldir, Göyçənin keçir günləri,
Ulduzu, Günəşi, Ayı, Ülkəri
Xəstə loğmanıdır səfa səhəri, 
Bu qarlı dağların sultanı Göyçə.
Əcəb yaşıllıqdır Dərəçimənli
Havası buludlu, dumanı kinli,
Ellərin yaşayır azad, ağ günlü
Dəyişmə bu gözəl simanı, Göyçə.
Suların dərmandır içsən harada
Dözümün var gen günə də, dara da.
Zəmanə yar ola, bir də yarada
Aşıq Ələsgəri, İmanı Göyçə.
Sadiqdir Şahmalı, Nəcəf, İsmixan
Pərvanə tək o ocağa verim can, 
Cabbarı qınama qıraxdan baxan
Unutmaz ilqara yananı Göyçə. 
Musa kişinin haqqında danışdığı el sənətkarlarından biri də Rza kişi idi. Dediyinə görə, Rzanın əsli Dərələyəzin Sallı kəndindəndir. Sonralar Salyan rayonuna köçürülüb. O, da şair təbiətli adam olub. Vətəndən köçərkən Rzanın dediyi “Dağlar” rədifli gəraylısından başqa Musa kişi yaddaşında heç nə qalmayıb. 
DAĞLAR
Mən ki, səni şad görmüşdüm,
Nə batmısan yasa dağlar.
Dərdin, qəmin şərbətindən,
İçmisən bir kasa dağlar.
Qanlı fələk gör neylədi,
Bir dərdimi min eylədi.
Vətəndən sürgün eylədi,
Oxşadı düşmənə dağlar.
Rza deyər, ahu-zaram,
Şirin candan ta bezaram.
İstədim təbibə varam,
Dedi dərman daşa dağlar. 
İstər Cabbarın, istərsə də Rzanın adından deyilmiş bu qoşmalar və gəraylı məzmun və məna dəyərinə görə bitkin şeirlərdir. Fikrin bitkinliyindən, misraların və bəndlərin dolğunluğundan da görünür ki, Cabbar da, Rza da sözü dəyərləndirməyi bacaran qabil el sənətkarları olublar.
Musa kişinin dediyi qoşmalar içərisində “Varmı” rədifli qoşma diqqətimi daha çox cəlb etdi. Ona görə ki, Musa kişi qoşmanı Aşıq Ələsgərin ustadı, Qızılvəngli Aşıq Alının adı ilə bağlayırdı. Guya, Aşıq Alı bu qoşmanı Aşıq Ələsgər vəfat edərkən onun tabutu önündə deyib. İndi həmin qoşmaya nəzər salaq: 
                       VARMI
Arifim, muzeylim, ey nuri-eynim,
Sənin kimi ömrü bad olan varmı.
Qohumdan, qardaşdan, dostdan, aşnadan,
Xəyalı dolanıb yad olan varmı? 
Dağlar qan ağlayır, düşüb borana,
Daha bundan belə çətin yarana.
Göyçə, yasa batdın qaldın virana,
Bir də Ələsgər tək ad alan varmı? 
Mənim üçün nə ata var, nə ana,
Arif gərək bu sözləri tez qana.
Minək qəm atını çıxaq cahana,
Görək, bu dünyada şad olan varmı? 
Musa kişinin dediyi bu qoşma Aşıq Alının ola bilməz. Məlumdur ki, Aşıq Alı Aşıq Ələsgərin ustadı olmuş, 1817-1917-ci illərdə yaşamış və Aşıq Ələsgərdən də əvvəl vəfat etmişdir. Belə olan halda Aşıq Alı Aşıq Ələsgərin tabutu önündə qoşma deyə bilərmi? Əlbəttə yox. Bu qoşma hər kimindirsə Musa kişi yadına sala bilmir, elə Aşıq Alının adı ilə bağlayır. Yəqin ki, gələcəkdə bu qoşma özünün həqiqi müəllifini tapacaqdır. 
Musa kişinin keçmişi çözələyən söhbəti içərisində “Sal-sal” qalasının sirri haqqında dedikləri də məndə maraq doğurdu və bunu da oxuculara çatdırmağı məqsədəuyğun hesab etdim.
              “SAL-SAL” QALASININ SIRRI. 
Musa kişinin dedikləri: “Dərələyəz mahalında bir qala var. Adına “Sal-sal”ın qalası deyərlər. Atam nağıl edərdi ki, qaniçən erməni Andranik qoşunu ilə Arazı bu taya keçəndən sonra Şərur-Dərələyəz mahalında, Dəvəli- Qəmərli (ermənilər indi adını dəyişib Ararat, Artaşat adlandırıblar. H.E.)  istiqamətində yerləşən müsəlman kəndlərində çox qırğınlar törətdilər.Dərələyəz mahalında əli silah tutanlar vuruşurdu. Kəndlərdə qalan bir çox yaşlılar, uşaqlar və qadınlar “Sal-sal” qalasına sığınırlar. Ermənilər günlərlə qalanı mühasirədə saxlasa da qaladakı insanların müqavimətini qıra bilmirlər. Aylar ötür qala təslim olmur. Bir gün qoca bir erməni gəlir, qalanın ətrafını dolanır. Göstəriş verir ki, bir qatır gətirsinlər. Qatırı gətirirlər. Hər gün qatıra ot verib, duz yaladırlar. Bir-neçə gündən sonra qoca erməni tapşırır ki, qatırı qalanın ətrafında dolandırın, harada ayağı ilə yeri döyəcləsə, oranı qazın. Nəhayət qatır qalanın təpələrə söykənən hissəsində dırnağı ilə torpağı  eşir. Həmin yeri qazarkən məlum olur ki, saxsı borularla qalaya su gedir. Suyun qabağını bağlayırlar. Susuz qalan insanlar məcbur olub ağ bayraq qaldırırlar. Qala qapısı açılır. Mənfur ermənilər rəhm etmədən  hamını qırırlar. Qalanı isə uçururlar”
Elimizin söz incilərini qəlbində yaşadan, nəsillərə çatdıran Musa kişiyə, o cümlədən Musa kişilərə öz minnətdarlığımızı bildirməliyik. Bəlkə də Musa kişi dünyasını dəyişibdir. Bilmirəm. Onda Musa kişiyə Tanrıdan rəhmət diləyirik.
Tarixi keçmişimizlə bağlı hər hansı bir hadisənin, söhbətin və ya rəvayətin digər bir fakt və ya hadisənin aydınlaşmasına yardımçı olacağını nəzərə alaraq 1982-ci ildə qələmə aldığım və unudub qovluqda saxladığım bu yazını oxuculara çatdırmağı vacib bildim.
Material toplanıb: -1982-ci ildə
Qələmə alınıb:     - 2012-ci ildə                  
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ