Qızıl niyə bahalaşır?
Tarix: 2-04-2024, 18:19
Baxılıb: 2 719
Google+ Paylaş
Tumblr Paylaş

Qızıl niyə bahalaşır?

2-04-2024, 18:19

Pərviz Heydərov yazır...
Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Bu da təsadüfi deyil. Ötən dövr ərzində nə vaxt geosiyasi vəziyyət pisləşibsə, həmişə eyni hal müşahidə edilib. Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır. 
Belə ki, qızılın qiyməti nə vaxt ucuz xarakter daşıyıbsa, bu, investorların sərbəst fəaliyyət göstərdiklərindən və ortada onları çəkindirəcək heç bir amilin mövcud olmadığından, əksinə olduqda isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyətin hökm sürməsindən xəbər verib.
Hazırda da eynidir. Cari ilin iyun ayı üçün bağlanılan müqaviləyə əsasən Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 2 238,4 ABŞ dollar təşkil edib ki, təkcə mart ayı ərzində 8,9%, ötən üç ay ərzindəsə 8% bahalaşma baş verib. Bütün bunlar rekord rəqəmlərdir. Belə görünür, tendensiya hələ davam edəcək, o səbəbdən ki, ən azı ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini aşağı salacağı gözləntisi var.
Bəli. ABŞ-nin mərkəzi bankı sayılan FES tərəfindən uçot dərəcəsinin aşağı salınacağı təqdirdə Amerika valyutasının dəyərinin enəcəyi gözləntisi qızıla tələbatı artırır. Hazırda bu dərəcə illik 5,25-5,5% təşkil edir. Aşağı uçot səviyyəsi qızıla marağı və cəlbediciliyi artırır ki, hətta aparıcı ölkələr özləri də belə valyuta ehtiyatlarında sözügedən qiymətli metal həcmini artırmağa başlayırlar.
Çünki qızıl bir sığorta mənbəyidir. Qızıl bir yatırım vasitəsidir. Qızıl istənilən aparıcı və sərbəst dönərli valyutaya çevriləbilən metaldır. Qızıl dəyər ölçüsüdür və sairdir... Dünyada əsas aparıcı valyuta ABŞ dolları sayıldığından, onun dəyəri aşağı düşən kimi qızıl bahalaşır və bunun alış-verişi sürətlənir.
Bu gün dünyada geosiyasi vəziyyət olduqca gərgindir. İnvestorlarda çaşqınlıq var. Pandemiyadan sonra Ukrayna-Rusiya müharibəsinin başlanması investorları özlərinə gəlməmiş daha bir qaranlıq şəraitə atdı. Hazırda qiymətli kağızlara və səhmlərə pul yatırmaq böyük risk sayılır. Çünki bütün seqmentlər üzrə dəyərlərdə yüksək rəqslər və yaxud volatillik müşahidə edilir. Odur ki, yeganə ümid yenə qızıladır.
Bəs, belə bir şəraitdə Azərbaycanı gözləyən təhlükələr, təzyiq və təsirlər və yaxud da səmərə - effekt nədən ibarətdir? Qızılın bahalaşması bizə ziyandır, yoxsa xeyir?
Bəri başdan qeyd edim ki, xeyirdir. Qızılın bahalaşması bizə iki istiqamətdə səmərə gətirir və effekt verir. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Odur ki, təhlükə barədə ümumiyyətlə danışmağa dəyməz. Dövlət Neft Fondunun ehtiyatlarının təxminən 15%-ə qədəri qızılla yerləşdirilib. Mərkəzi Bankın da qızıl ehtiyatı var. Sözügedən metalın dəyəri qalxdıqda və yaxud endikdə valyuta ehtiyatlarının ümumi həcminə təsir edir. 
İkincisi isə, Azərbaycan qızıl ixrac edən ölkədir. Hansı ki, regionda demək olar yeganə ölkəyik ki, bu qiymətli metal növünü hasil və ixrac edirik. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68,1 min unsiya qızıl və 119,8 min unsiya gümüş satmışıq ki, bu da, 2022-ci illə müqayisədə bilavasitə qızıl satışı üzrə 7% artım deməkdir. Qeyd olunan ümumi satış həcmindən qızıl üzrə 62,1 min, gümüş üzrə isə 90,8 min unsiyası xaricdə realizə edilib.
Ümumiyyətlə, 2023-cü il ərzində xarici və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232,8 milyon manat məbləğində gəlir əldə edilib ki, bunun 210,1 milyon manatını ixrac, 22,7 milyon manatınısa daxili satış gəlirləri təşkil edib. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda isə 81% artıb. Bütövlükdə isə, 2017-2023-cü illər üzrə qızıl və gümüş satışı nəticəsində 1,19 milyard manat ümumi gəlir əldə edilib.
Beləliklə, Tanrı Azərbaycana hər cür sərvət bəxş etdiyindən qızılın bahalaşması ölkəmiz üçün əslində yeni üfüqlər açır. Yaranmış vəziyyət bizdən mədənçıxarma sənayesini daha da genişləndirməyi və sürətlə inkişaf etdirməyi tələb edir. Bu baxımdan, işğaldan azad olunan ərazilərin potensialından maksimum və tez istifadə etmək lazımdır ki, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının istismarı ölkəmizə həm külli məbləğdə valyuta gəlirləri, həm də ehtiyatları vəd edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ