Yunus Oğuzun “Tarix ibrətdir” tarixi-fəlsəfi-publisistik əsərində Ümummilli lider Heydər Əliyev obrazı
Tarix: 23-02-2023, 14:04
Baxılıb: 1 380
Google+ Paylaş
Tumblr Paylaş

Yunus Oğuzun “Tarix ibrətdir” tarixi-fəlsəfi-publisistik əsərində Ümummilli lider Heydər Əliyev obrazı

23-02-2023, 14:04

Yunus Oğuzun fəlsəfi, tarixi, publisist düşüncələrinin toplusu olan, "Keçmişdən gələcəyə nə daşıyırıq?" kimi ağır, məna çoxqatlılığı ilə seçilən bir sualın cavabı kimi meydana çıxan "Tarix ibrətdir" (Bakı, 2022) kitabı təzadlı və xalqımız, dövlətimiz üçün həlledici bir dövrün şahidinin qələmə aldığı salnamədir. Kitabın əvvəlində müəllif yazır: "İstər elmi, istərsə də bədii əsərlərimdə xalqımın, dövlətimin gələcəkdə möhkəm və qüdrətli olması üçün onun pisi və yaxşısı ilə dörd əsas amili önə çəkmişəm. Məhz bu amillər millətimi keçmişdən gələcəyə daşıyır, etnosun və xalqın yaratdığı dövlətin davamlılığını təmin edir.

Bunlar:

1.Milli ruhumuz və dilimiz;

2. Milli kimliyimizin tarixi;

 

3. Etnososial psixologiyamız;

4. Maddi və qeyri- maddi mədəni sərvətlərimizdir." ". Yunus Oğuz "Tarix ibrətdir" kitabında məhz bu amillərin işığında dövlətçilik tariximizin müasir etapına - milli-azadlıq mücadiləsindən bu günədək olan dövrünə nəzər salmağı qarşısına məqsəd qoymuş və bu məqsədinə nail olmuşdur. Yunus Oğuzun bu hadisələrin şahidi və birbaşa iştirakçısı kimi qənaətləri sayəsində bu əsərdə həmin dövrün tarixi mənzərəsi tam şəkildə, bütün aspektləri ilə açılır

Müstəqilliyin qazanıldığı ilk illərdən bu günə qədər xalq və dövlət olaraq aldığımız yaxud almalı olduğumuz ibrət dərslərinə analitik baxışı sərgiləyən bu kitabda ümummilli lider Heydər Əliyevin obrazı mühüm yer tutur. "Tarix ibrətdir" həmin dövrün hadisələrində, azadlıq mübarizəsinin əsasının qoyumasında və yetişməsində ümummilli liderin birbaşa və dolayı yolla iştirakını əsaslı faktlarla ortaya qoyur.  Heydər Əliyev fenomeninin xalqımız və onun varlığının qorunub saxlanılması üçün önəmini vurğulamaq üçün Yunus Oğuz tarixə ekskurs edərək azadlıq mübarizəsinin ilkin rüşeymlərini doğuran faktorun - erməni azğınlığının təkrar alovlanmasına rəvac verən, onları təcavüzə cəsarətləndirən məqamı diqqətə çatdırır: "Azərbaycan üçün bu 1987-ci  ildə başladı. Belə ki, imperiyanın Baş katibinin köməkçisi akademik Aqambekyan Fransada olarkən qəzetlərin birində müsahibəsində bildirmişdi ki, Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi haqqında artıq məsələ həll olunub. Bu zaman Moskvada Azərbaycanın haqq səsi uğrunda mübarizə aparmaq üçün daha heç kim qalmamışdı, Çünki Qorbaçov və onun erməni havadarları Heydər Əliyevi Siyasi Büro üzvlüyündən artıq uzaqlaşdırmışdılar. Deyilənə görə həmin gün İrəvanda bu münasibətlə toy- bayram etdilər. Ümid yalnız xalqa və onun ziyalılarına qalmışdı. Parisdə olduğu kimi, Moskvada da ermənilər bu ölkənin siyasətinə təsir edəcək ikinci və üçüncü dərəcəli vəzifələri öz əllərində saxlayırdılar. Oradakı tək səsimiz H. Əliyev isə Siyasi Bürodan artıq istefaya göndərilmişdi.". Bəli Heydər Əliyevin siyasi, inzibati səhnədən uzaqlaşdırılması Azərbaycan üçün gələcək faciələrin əsasını qoydu. Azadlıq mübarizəsi alovlandı. Lakin təcrübəli siyasi rəhbərin yoxluğu səbəbindən bir sıra faciələrə səbəb olacaq səhvlərə yol verildi. Vulkan kimi püskürən, azadlıq eşqi ilə alovanan passionarları düzgün yönləndirmək, azadlıq mübarizəsini həm maddi, həm insani, həm də mənəvi kapital baxımından daha az itki ilə yekunlaşdırmaq olardı. Əgər həmin dövrdə Heydər Əliyev kimi təcrübəli siyasi lider rəhbərlikdə olsa idi azadlıq mübarizəsində iştirak edən insanların mübarizə bitdikdən sonra düzgün yönləndirilməsi, Azərbaycan siyasi elitasının, vətənpərvər siyasi xadimlərin daha erkən formalaşdırılması mümkün bilərdi: "1988-ci ildən hərəkata qoşulanların və onların liderlərinin əksəriyyəti gənc və çox passionar idik. Bəzilərimizin fikirləri ifrat radikallığa qədər gedib çıxırdı. O zaman heç kim bilmirdi ki, Xalq Hərəkatı və Milli Azadlıq Hərəkatı hər kəsin gələcək taleyini müəyyənləşdirib. Indi hadisələrin üstündən otuz iki il keçib. Dönüb geriyə baxanda görürsən ki, bütöv iki nəsil keçmişin nisgililə yaşayır, çünki bəziləri inersiya ilə hərəkatçılıqlarını siyasi partiyalarda, bəziləri millət vəkili olmaqda, bəziləri biznesdə, kimlərsə vəzifələrdə qalmaqda davam etdirirlər. Amma, çoxları ortalıqda itib batdılar, heç kim Xalq Hərəkatının iştirakçılarına nə mitinqlərdə, nə də mətbuatda başa salmırdı ki, bəs bu hərəkat qələbə çaldıqdan sonra əksəriyyət yenə də öz işinə qayıtmalıdır. Bəlkə də lazım deyildi bunu demək, çünki müstəqil dövlətə yeni siyasi elita və milli burjuaziya lazım idi. Bunu bir o qədər vəhşicəsinə, savadsız və təcrübəsiz etdik ki, nəticədə bütün bunların əsasını rəhmətlik Heydər Əliyev qoydu. O belə şeylərin ustası idi".

Yunus Oğuz "Tarix ibrətdir" əsərində Azərbaycan milli azadlıq hərəkatının, yeni dövlətçilik ənənələrinin yaranmasının, formalaşmasının fəlsəfi köklərinə enir, ideoloji baxışla dövrün hadisələrinin mahiyyətini, qanunauyğunluqları açır. Onun müstəqillik tariximizə baxışının obyektivliyi sayəsində həm tarixi hadisələr, həm də bu hadisələrin gələcəkdə yaratdığı əks-sədalar publisistik bir dillə, məhz  vətənpərvərlik mövqeyindən şərh olunur.

Fəlsəfə tariximizdə ilk dəfə Yunus Oğuz bu əsərində müstəqillik tariximizi bir filosof kimi "milli təfəkkür" və "dövlətçilik təfəkkürü" anlayışlarının qovşağında bir daha təhlil edərək bu dövrün fəlsəfi -ideoloji mənzərəsinin obyektiv elmi şərhini təqdim edir. Yunus Oğuz müstəqilliyimizin ilk illərində yaranan problemlərin, "Gəncə qiyamı"nın kökündə vətəndaşlarda vətən anlayışının üstünlüyünün, dövlət təfəkkürünün hələ formalaşmamasının dayandığını qeyd edərək Heydər Əliyev fenomeninin önəmini, onun milli təfəkkürlə idarə olunan bir cəmiyyətə dövlət təfəkkürlü idarəetmə gətirməklə xalqın gələcəyinin qurtarıcısı olmasını vurğulayır.

" Heydər Əliyev 2003-cü ildə  Azərbaycandan ayrıldıqdan sonra daha nəhəng görünür. Onun ölümündən on yeddi il keçib, amma baxırsan ki, uzaqda bir zirvə kimi durur. İllər keçdikcə bu zirvə daha da nəhəngləşir. O özü bir nəhəng fikir babası, siyasi-ictimai xadim olduğundan və Azərbaycanın özü zaman-zaman getdikcə nəhəngləşdiyindən onun dövlətdə yeri və rolu, xidməti indi daha çox başa düşülür. ". Ümummilli liderin layiqli varisi, Qarabağı, Şuşanı xalqımıza yenidən qaytaran, Azərbaycanın adını dünyanın qüdrətli ölkələri ilə bir sırada yazdıran Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanın vətəndaşı, tariximizi romanlarında təbliğ edərək yaşadan, milli azadlıq mübarizəsinin iştirakçısı Yunus Oğuzun Heydər Əliyev fenomeni haqqında bu sözləri  yetkin elmi-fəlsəfi qənaətdir və gələcəkdə ümummilli liderin bədii obrazının yaradılması üçün istinadgahdır.

Elnarə Qaragözova

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

Yeni Azərbaycan Partiyasının üzvü

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ