“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
AvroMedia.Az xəbər verir ki, təlimin ikinci günündə ustad dərslərini tanınmış diktor, Əməkdar artist Gülşən Əkbərova, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin xəbər aparıcısı Mümtaz Xəlilzadə keçibdir.
Təlimdə Azərbaycan dilinin yad təsirlərdən qorunması, bu istiqamətdə ziyalıların gördüyü işlər müzakirə olunub. Ulu Öndər Heydər Əliyevin 1991-ci ildə latın qrafikasına keçidlə bağlı təşəbbüsü, onun yüksək natiqlik qabiliyyəti və Azərbaycan dilinin beynəlxalq arenada təbliği xüsusi vurğulanıb. Eyni zamanda, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər diqqətə çatdırılıb.
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova təlim zamanı redaktə prosesində diqqət yetirilməli əsas məqamlar barədə geniş məlumat verib. O, media mətnlərində sözlərin düzgün yazılışının, cümlələrin sadə, aydın və anlaşıqlı qurulmasının vacibliyini vurğulayıb, eyni zamanda, yad terminlərdən yerində və zərurət olduqda istifadə edilməsinin əhəmiyyətindən danışıb.
Tanınmış aparıcı Mümtaz Xəlilzadə isə təlim zamanı nitqin təsiretmə, yönləndirmə və idarəetmə gücündən bəhs edib. O, səs məşqlərinin əhəmiyyətinə, “c–ç” səslərinin tələffüzü ilə bağlı yaranan problemlərin aradan qaldırılması yollarına, düzgün nəfəsalma texnikalarına və nitq zamanı bədən dilinin roluna diqqət çəkib. Eyni zamanda, aparıcılıq sənətində artistizmin işlənmə qaydaları və abreviaturaların düzgün tələffüzü məsələlərinə də toxunub.
Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi