Ana dilini sevən xalq özünü, tarixini və gələcəyini sevmiş olur
Tarix: 1-08-2025, 10:58
Baxılıb: 3 676
Google+ Paylaş
Tumblr Paylaş

Ana dilini sevən xalq özünü, tarixini və gələcəyini sevmiş olur

1-08-2025, 10:58

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

 Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı. Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı. Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. l978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gü­nünün təsis edilməsi haqqında" imzalanmış fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Əsası Heydər Əliyev tərəfindən qoyulan dil siyasəti məsələsi İlham Əliyevin də fəaliyyətinin aparıcı tərkib hissəsi kimi həmişə diqqətdə olmuş, bu istiqamətdə böyük işlər görülmüşdür. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf səviyyəsinə çatır ki, artıq dilimizin qüdrəti bütün sahələrdə hiss edilir. Belə ki, dilimiz ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq daha da tərəqqi edir. Dilimizin bütün üslubları daha da zənginləşir. Prezident İlham Əliyev də ana dilimizə böyük həssaslıqla yanaşır, Azərbaycan dilinə, əlifbasına xüsusi qayğı ilə yanaşaraq bu sahənin inkişafını həmişə diqqətdə saxlayırdı. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il Fərmanın tarixi əhəmiyyəti ondan ibarət idi ki, bu sənəd həm əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dil siyasətinin, həm də dilimizin inkişafı və qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işlərin məntiqi davamı idi.

Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Türkanə Mübariz
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ