Milli mətbuatın 150 illiyində JURNALİSTLƏRİN GÖZLƏNTİSİ...
Tarix: 22-07-2025, 08:05
Baxılıb: 3 659
Google+ Paylaş
Tumblr Paylaş

Milli mətbuatın 150 illiyində JURNALİSTLƏRİN GÖZLƏNTİSİ...

22-07-2025, 08:05

Azərbaycan milli mətbuatının 150 illik yubileyi çox yüksək səviyyədə keçirildi.
 Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalamışdı.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcəkdi. Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edib.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu milli mətbuatın 150 illiyi ərəfəsində gözləntilərini də açıqlayıb: “Məlumdur ki, hazırda jurnalistlər ölkədə sosial təminat baxımından ən zəif təbəqələrdən birini təşkil edir. Redaksiyaların vergi və DSMF ödənişləri səbəbilə əməkhaqlarını real rəqəmlərlə rəsmiləşdirə bilməməsi, əmək müqavilələrinin minimum əməkhaqqı ilə bağlanması, gələcəkdə təqaüd hüquqlarının da ciddi şəkildə zəifləməsinə səbəb olur. Bu da yüzlərlə, minlərlə jurnalistin gələcək sosial rifahı üçün təhlükəli bir vəziyyət yaradır”.
Rauf Arifoğlu MEDİA rəhbərlərinin çoxlu problemlərinin aradan qaldırılması üçün təklif edir ki, Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatdan keçmiş media subyektləri üçün əmək haqlarının real şəkildə rəsmiləşdirilməsi təşviq olunsun, bunun qarşılığında da DSMF ödənişləri 10 il müddətinə dövlət tərəfindən subsidiyalaşdırılsın: “Belə bir mexanizm həm medianın sağlam inkişafına, həm də jurnalistlərin sosial rifahına ciddi dəstək verə bilər. Eyni zamanda hesab edirəm ki, redaksiyaların indiyə qədər yığılan çap, vergi və DSMF borclarının dövlət tərəfindən silinməsi faydalı olardı. Belə bir addım, 25 il əvvəl, Ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdı və milli mətbuatın inkişafında böyük rol oynamışdı. 
Görüləcək işlər çoxdur, sadalasaq çox uzun çəkər. Ən əsası odur ki, jurnalistlərin yaradıcılıq azadlığı və peşəkar fəaliyyətin təhlükəsizliyi ön planda olsun".
Mətbuat Şurasının sədri Rəşad Məcid isə bildirib ki, sərəncam dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir: “Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır.
Sərəncamda həmçinin bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir, əslində Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır. Ümumiyyətlə, Prezidentin bu sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar".
PS: Amma yenə də cənab Prezidentin mətbuata verdiyi qiyməti aşağı instansiyalarda çox da dəyərləndirmədən öz bildikləri kimi Prezidentə təqdim etdilər. Yəni yenə də narazıçılıqlar son həddə çatdı. Əsaslar öz qiymətini almadı.
Mahir HÜSEYN
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ