Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 37 il ötür.
AvroMedia.az xəbər verir ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.
Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdilər. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 6 azərbaycanlının öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.
İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Buna sübut olaraq demək olar ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.
Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi