Yallılarımızın ustad ifaçısı - Muxtar Kazımoğlu yazır
Tarix: 2-01-2024, 20:18
Baxılıb: 2 959
Google+ Paylaş
Tumblr Paylaş

Yallılarımızın ustad ifaçısı - Muxtar Kazımoğlu yazır

2-01-2024, 20:18

Əməkdar mədəniyyət işçisi, ustad ifaçı Kamal Babayevin sənəti barədə danışmazdan qabaq onun doğulduğu kənddən və böyüyüb boya-başa çatdığı kənddən söhbət açmaq istəyirəm. Çünki Kamal Babayevin bir sənətkar və bir insan kimi yetişməyində o kəndlərin, o kəndlərdə görüb-götürdüklərinin yeri və rolu var.

Kamal Babayev Şərurun Billava kəndində doğulub, Axura kəndində boya-başa çatıb. Billava da Axura kimi dağ kəndi idi, amma orada içməli su çətinliyi vardı. O kəndin camaatı Korabulaq adlı bir çeşmənin umuduna qalmışdı. Adından göründüyü kimi, korun-korun axan bu çeşmə ilə bütöv bir kəndin ötüşməyi müşkül məsələ idi. Yerli hökumət çətinlikdən çıxmağın yolunu kəndi köçürməkdə gördü. Cəmi 15-20 ailədən ibarət olan Billava 1961-ci ildə bizim Axura kəndinə köçürüldü. Ailələrin bir qismi bizim ailənin vaxtilə hökumət tərəfindən alınıb kolxozun ixtiyarına verilmiş torpaq sahəsində yerləşdirildi. Yaxşı yadımdadır ki, o ailələrin başbiləni olan rəhmətlik Fəttah dayı axşamların birində bizə bir qoyun gətirib verdi, "Kazım müəllim, sənin ata yurdunda dam-daş salırıq, halallıq ver!" - dedi. Təbii ki, atam da halallıq verdi.
Kamal Babayevgil və bir neçə başqa ailə kəndin Miroyuq deyilən bir dərəsində yerləşdirildi. Heç şübhəsiz, həmin ailələr də yurd-yuva saldıqları o yerin sovetləşmədən qabaqkı sahibindən halallıq aldılar.
Kamal Babayevin dünyaya gəldiyi Billava kəndi ilə bağlı maraqlı əhvalatlardan biri Aşıq Şiralı barədədir. Əhvalat o qədər maraqlıdır ki, bir vaxt yazıçı Mövlud Süleymanlının redaktoru olduğu Bulaq radio verilişində də o haqda söhbət açılıb. Sonralar Mövlud Süleymanlı həmin əhvalatla bağlı yazını "And olsun əsrə" adlı kitabına da daxil edib. Əhvalat belədir: Aşıq Şiralı soyuq bir qış günü yol gedirmiş, qabağına bir fərə çıxır. Fərəni tutub çuxasının altında gizlədir. Çox keçmir, bir kişi başı alovlu özünü Aşığa yetirib soruşur ki, buralarda fərə görməmisən? Aşıq Şiralı, kişinin sualına sazla cavab verəsi olur: 
Ay əmi, qar yağıb boran eləyib,Bu sınıq könlümü viran eləyib.Bəlkə də qar-çovğun haram eləyib,Bəlkə də düşübdü borana fərə. 
Kişi izin tutub düşüb sorağa,İndi Şəril əhli qalxar ayağa.Boran döyə-döyə, qar yağa-yağaBəlkə də addadı o yanə fərə... 
Darıdan yeyibdi, əti yağlıdı,Qırmızı baftandan qolu bağlıdı.Sinəm üstü çalın-çarpaz dağlıdı,Halal maldı, dönməz harama fərə. 
Aşıq Şiralı sözünü tamam eləyib fərəni yiyəsinə qaytarır və əhvalat da burda bitir.
Kamal Babayevin doğulduğu kənddən, eləcə də böyüyüb boya-başa çatdığı kənddən gətirdiyim misallarda əsas mətləb halallıqdır. Torpağın sovetləşmədən qabaqkı sahibini saya salmaq, onun xeyir-duasına daxili ehtiyac duymaq haramdan qaçmağın bir nişanəsidir. Bu nişanəni bapbalaca bir dünya malı olan fərəyə münasibətdə də görürük. Fərə əhvalatında ondan da xəbərdar oluruq ki, Billava saz-söz adamlarından xali deyilmiş, bu kəndin Aşıq Şiralı kimi sinədəftəri, səs-sorağı Bakıya - Bulaq verilişinə gedib çıxan sənətkarı varmış. Ətrafdakı adamlarda, onlardan da qabaq öz ata-anasında gördüyü halallıq, Aşıq Şiralılar yetirən ab-hava Kamal Babayevə təsirsiz qala bilməzdi və söz yox ki, qalmadı da. Kamal Babayev sənət aləminə könlünün səsi və alnının təri ilə, istedadı və zəhmətkeşliyi ilə qədəm qoydu.

Babayevlər ailəsində Kamaldan qabaq onun böyük qardaşı Kamil nəfəsli alətlər (zurna, balaban, tütək) ifaçılığına maraq göstərdi və el-obada mahir sənətkar kimi tanındı. Kamil sənətdə ilk addımlarını atmağa başlayanda biz Kamalla Axura kənd səkkizillik məktəbində oxuyurduq. Sinif yoldaşı, həm də ana tərəfdən simsar olduğumuza görə Kamalla aramızdan su keçməzdi. Sinfimizdəki başqa uşaqlar da Kamalın xətrini çox istəyirdilər. Çünki Kamalda ailədən - atası Eylaz (İlyas) kişi və anası Fatma xaladan gəlmə mülayimlik vardı. Onun dava-dalaşla işi yox idi. Kamalın işi şirin söhbət eləmək, məzəli əhvalatlar danışıb bizi güldürmək idi. Tənəffüs vaxtı hamımız (sinfin bütün oğlanları) bir xəlvətə çəkilib Kamalın söhbətlərinə, danışdığı məzəli əhvalatlara qulaq asmaqdan yorulmazdıq. Bu cür söhbətcillik əslində Kamalın sənət və sənətkarlıq sahəsində xüsusi qabiliyyət sahibi olmasının ilk göstəricilərindən biri idi. Ətrafdakı adamlarla ünsiyyət qurmaq bacarığı, nəfəsli alətlərdə ifa etmək bacarığı ilə bir-birini tamamladı. İlk sənət dərslərini qardaşı Kamildən alan Kamal həmişə el içində oldu, xalq musiqisinin yaddaşlarda qalan incəliklərini üzə çıxarıb təzədən xalqa qaytarmaq yolunda qeyrət göstərdi. Kamal cavan yaşda dünyasını dəyişən Kamilin layiqli davamçısına çevrildi, öz sənəti ilə el-obada hörmət-izzət qazandı.
Kamal Babayevin sənətindən və sənətkarlığından danışarkən yallılardan bəhs etməmək mümkün deyil. Əvvəla, ona görə ki, Şərur musiqi folklorunu yallılarsız təsəvvür etmək çətindir. İkincisi isə  yallıların xalqdan toplanıb ifa olunmasında, bir az əvvəl dediyim kimi, Kamal Babayevin xüsusi xidməti var.
Tarzən-pedaqoq Əkrəm Məmmədli və oğlu Kənan Məmmədlinin araşdırmalarından məlum olur ki, Şərur və ətraf bölgələrdə yallının yüzdən çox növü olub: Şərili, Türkanı, Urfanı, Zəngi, Ağrı gülü, Asta Qarabağı, Dönə, Güneyi, Hoynəri, Xanı-xanı, Xələfi, İrəvanı, Köçəri, Qazı-qazı, Qızbiryana, Qızılbaş, Qoçəri, Nanay, Osmanlı, Paşamgəl, Salamı, Seyranı, Sındırma, Şahsevəri, Şahgəldi, Şamamagəlin və s. Doxsan iki yallı nümunəsinin Əkrəm və Kənan Məmmədlilər tərəfindən nota alınması bu folklor janrının Şərur üçün nə qədər səciyyəvi olmasına tutarlı bir sübutdur. Təsadüfi deyil ki, Şərur yallıları 1937-ci ildə həmin rayondan deputatlığa namizədliyi irəli sürülən Üzeyir Hacıbəylinin xüsusi marağına səbəb olub. Üzeyir bəy "öz seçiciləri ilə görüşdən sonra təşkil olunan konsertdə Şərur yallılarına böyük maraqla tamaşa edib, yallı ifaçıları ilə ətraflı söhbət aparıb. Söhbət zamanı məlum olub ki, Şərurda ilk rəsmi yallı ansamblı 1924-cü ildən fəaliyyət göstərməyə başlayıb və onlarla Şərur yallısı bu ansambl tərəfindən müxtəlif tədbirlərdə və konsertlərdə ifa olunub. Dahi bəstəkarın Şərur yallılarına olan diqqətinin nəticəsi olaraq... bu ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib və uğurlu nəticələr əldə edib" (Əkrəm Məmmədli və Kənan Məmmədlinin "Naxçıvan-Şərur el yallıları" kitabından). Sonrakı illərdə Şərurda yallılarla bağlı yeni ansambllar yaranıb. Onlardan üçü daha çox məşhurdur: "Şərur", "Nurani", "Şərur qönçələri" yallı ansamblları. "Nurani" ansamblında yallı ifaçıları qismən yaşlı nəslin nümayəndələrindən, "Şərur qönçələri" ansamblında isə yallı ifaçıları uşaqlardan ibarət olub. 1970-ci illərin sonlarından etibarən bu ansamblların hər birinin fəaliyyətində Kamal Babayev qara zurna, balaban və tütək ifaçısı kimi yaxından iştirak edib və böyük uğurlar qazanıb. Naxçıvanda, Bakıda və Moskvada ölkə əhəmiyyətli konsert tədbirlərinə qatılıb. 1977-ci ildə Ümumittifaq festivalında laureat medalı ilə təltif olunub. 1980-ci illərdə Türkiyə, Macarıstan, Polşa və Rusiyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Müstəqillik illərində Misirdə keçirilən folklor festivalında yallı ifaçılarımızın əsas nümayəndələrindən biri olub. 2005-ci ildə İstanbulda keçirilən folklor festivalında əlli yeddi ölkənin təmsilçiləri arasında Şərur yallı ansamblı birinci yeri tutub və Kamal Babayev sənət yoldaşları ilə birlikdə xüsusi mükafata və diploma layiq görülüb.
"Şərur" yallı ansamblını, həmçinin "Nurani" və "Şərur qönçələri" ansambllarını illər boyu qara zurna, balaban və tütəkdə müşayiət edən Kamal Babayevin ifası sənədli film və video-disklərdə öz əksini tapıb. Belə video-disklərdən biri Avstriyanın Vyana şəhərində buraxılıb.
Xalq musiqisinin, ilk növbədə isə yallılarımızın ustad ifaçısı olan Kamal Babayev bu gün yetmiş yaşın içindədir. Bu yaş Kamal Babayevdən ötrü sənətkarlığın ən püxtələşmiş bir çağıdır. Belə bir vaxtda ona möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Arzum budur ki, Kamal Babayev öz davamçılarını yetişdirmək, sənəti gənc nəslə ötürmək işində də yaddaqalan işlər görsün

Muxtar KAZIMOĞLU
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ