Yol nişanı yoxdur, amma sürücülər cərimə edilir - Fotolar
Tarix: 16-08-2023, 21:34
Baxılıb: 2 635
Google+ Paylaş
Tumblr Paylaş

Yol nişanı yoxdur, amma sürücülər cərimə edilir - Fotolar

16-08-2023, 21:34

Nə avtobus dayanacağını göstərən nişan var, nə dayanacaq... Buna baxmayaraq ərazidə avtomobil saxlayan sürücülər dərhal cərimə edilirlər.
“Qafqazinfo” xəbər verir ki, söhbət Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Nizami Gəncəvi parkının qarşısındakı ərazidən gedir.
Mövcud vəziyyətlə bağlı sürücülər tərəfindən saytımıza müraciət edilib. Şikayətçilərdən biri deyir ki, avqustun 15-də axşam saatlarında avtomobilini sözügedən ərazidə park edib. Geri qayıtdıqda isə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci (dayanma-durma qaydalarını pozma) maddəsi ilə 40 manat cərimə olunub.
Məsələ orasındadır ki, şikayətçi nəyə görə cərimələndiyini bilmir. Çünki park edilən yerdə avtobus dayanacağını göstərən nişan yoxdur, dayanacaq quraşdılmayıb.
Vəziyyətlə yerində tanış olmaq üçün qeyd olunan ünvana yollandıq. Gördüyümüz mənzərə isə şikayətçinin dediklərindən fərqli olmadı. Fotolardan da görünür ki, həqiqətən də nişanın bünövrəsi var. Amma nə vaxtsa nişanın özünün olub-olmadığı bilinmir:
Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, yolda avtobus dayanacağını gözlə görünən şəkildə göstərən yol nişanı yoxdursa, sürücünün cərimə edilməsi qanunauyğun deyil.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli deyir ki, avtobus dayanacağını müəyyən edən yol nişanının quraşdırılması üçün aidiyyəti üzrə müvafiq quruma məlumat verilib: “Bununla yanaşı tərtib olunan inzibati xəta protokolu araşdırılacaq, nişan çatışmazlığı olduğu vaxt ərzində tərtib olunan protokollara yenidən baxılaraq lazımi tədbir görüləcək”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, həmin ərazidə yol nişanı olub, lakin kənar şəxslər tərəfindən yararsız hala salınıb: “8 Noyabr prospekti, Nizami parkının qarşısında avtobus dayanacaq məntəqəsi mövcuddur. Həmin məntəqədən 4 müntəzəm marşrut xətti üzrə avtobus keçir. Ərazidə avtobus dayanacaq məntəqəsi təşkil edilən zaman müvafiq infrastruktur da qurulub. İnfrastruktur işləri çərçivəsində Yol hərəkəti qaydalarına əsasən, avtobus dayanacaq meydançasının yerini bildirən 1.17 nişanlanma xətti çəkilib və 5.12 yol nişanı quraşdırılıb. Lakin sonradan kənar müdaxilə nəticəsində yol nişanı yararsız hala salınıb. Bununla bağlı AYNA-ya məlumat daxil olub və hazırda nişanın bərpası üzrə iş aparılır”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ