İlham Əliyevin Rusiya səfəri hansı əlamətdar məqamlarla yadda qaldı? - ŞƏRH
Tarix: 23-04-2024, 18:47
Baxılıb: 4 145
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyevin Rusiya səfəri hansı əlamətdar məqamlarla yadda qaldı? - ŞƏRH

23-04-2024, 18:47

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətdə nail olduğu uğurlardan biri də onun bütün dövlətlərlə, xüsusilə də qonşu ölkələrdə xoş münasibətlər qurmasıdır. Bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, heç bir ölkənin daxili siyasətinə qarışmamaq, dostluğa sadiqlik, ən çətin anda qonşu ölkələrin köməyinə çatmaq İlham Əliyev administrasiyasının “qızıl prinsipi”nə çevrilib.
Təqdirəayiqdir ki, artıq bütün dövlətlər Azərbaycanın həssas mövqeyinə bələddir. Odur ki, Azərbaycanın həm GUAM-da təmsil olunduğu dövlətlərlə, həm də onların qarşısında dayanan Rusiya ilə dostluq və əməkdaşlıq münasibətlərini qoruyub saxlaması anlayışla qarşılanmaqdadır.
Aprelin 22-də Prezident İlham Əliyevin qonşu ölkənin dövlət başçısının dəvəti ilə Rusiyaya işgüzar səfəri bunun növbəti  təsdiqi idi.
Dövlət başçımızın Moskvaya işgüzar səfəri çox əlamətdar dövrə – Rusiya sülhməramlılarının vaxtından öncə ölkəmizi tərk etməyə başladığı, Ermənistanın 4 kəndimizi Azərbaycana qaytarmağa rəsmən razı olduğu, Rusiyanın müttəfiqi olmuş Ermənistanın kollektiv Qərbin təkidi ilə Moskva ilə münasibətləri sıfırlandırması, Azərbaycanın isə bəzi anti-Azərbaycan dairələrinin qərəzli mövqeyinə baxmayaraq, ümumilikdə Qərblə də münasibətlərinin normal olduğu bir vaxta təsadüf edirdi. SSRİ rəhbərliyinin fitvası ilə başlanan Qarabağ düyününü tamamilə çözən Azərbaycan liderinin Kremldə qaliblərə layiq xüsusi hörmətlə qarşılanması da bunun təzahürü idi.
İndiyədək Qazaxıstan prezidentinin adını və soyadını düzgün tələffüz edə bilməyən Vladimir Putinin özəl intonasiya ilə dəfələrlə Azərbaycanın, İlham Əliyevin adlarını çəkməsi, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyəti, o cümlədən olduqca həssas məsələləri məhz Azərbaycan Prezidenti ilə müzakirə etmək istəyi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin iki ölkənin taleyində oynadığı müstəsna xidmətlərdən danışması, onun ünvanına xoş sözlər söyləməsi, Baykal–Amur Magistralının 50 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Prezidenti ilə birlikdə iştirak etməsi həm də hazırda çox mürəkkəb proseslərdən keçən Kremlin bizim ölkəmizə və xalqımıza münasibətinin təzahürü idi.
“Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər”, – deyə Putin xüsusi vurğuladı.
İki dövlətin iki ildən çoxdur Kremldə imzalanmış müttəfiqlik haqqında Bəyannamə çərçivəsində işlədiyini xatırladan İlham Əliyevin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qlobal əhəmiyyətə malik olduğunu, regional təhlükəsizlik məsələlərinin həmişə görüşlərin gündəmində olmasını söyləməsi diqqəti cəlb edən məqamlardan oldu.
“Biz, həmçinin şadıq ki, onlar (regional təhlükəsizlik məsələri) öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”, – deyə Azərbaycanın dövlət başçısı öz mesajını lazımi dairələrə çatdırdı.
Qeyd edək ki, Rusiya kütləvi informasiya vasitələrinin əksəriyyəti Azərbaycan Prezidentinin  “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir” fikrini manşetlərə çıxarmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ