Vardanyan terrorçudur, ancaq baxın və xəcalət çəkin! - Video
Tarix: 19-12-2023, 21:32
Baxılıb: 3 736
Google+ Paylaş
Tumblr Paylaş

Vardanyan terrorçudur, ancaq baxın və xəcalət çəkin! - Video

19-12-2023, 21:32

Rusiyalı milyarder, 2022-ci ildə Xankəndiyə gələn (və yaxud göndərilən) erməni əsilli milyarder Ruben Vardanyanın Ermənistan və o vaxt işğal altında saxlanılan Qarabağa nə qədər yardım etdiyi haqda məlumat yayılıb.
Ümumilikdə, 2001-ci ildən 2023-cü ilə - sentyabr əməliyyatına qədər Vardanyan Ermənistana və Qarabağa 700 milyon dollar civarında vəsait xərcləyib. Bu vəsaitlərin əhəmiyyətli hissəsi ermənilərin təhsilinə, hərbi hazırlığına yatırılıb; Vardanyan elmi layihələrə, texnologiyanın inkişafına, kənd təsərrüfatına da xeyriyyəçilik edib, onmilyonlar xərcləyib; Vardanyan yüzlərlə erməni cütlüyə toy edib, abidələri bərpa edib və s.
Vardanyan separatçıdır, işğalın daimi olmasına, Azərbaycan torpaqlarının mənimsənilməsinə yatırım edib – bu, hər kəsə bəllidir və bunun cavabını verəcək. Ancaq varidatı ümumilikdə 1,4 milyard civarında olan şəxsin 700 milyon dollarını öz soydaşlarına xərcləməsi faktının özü diqqətçəkicidir. Və bu adam 2001-ci ildən başlayıb bu pulları xərcləməyə - yəni Rusiyada külli miqdarda pul qazanmağa başladığı vaxtdan, heç də 2022-ci ildə Xankəndiyə göndərildiyi zaman yox.
Vardanyan bu pulların bir sentini də Ermənistanda qazanmayıb!
Hansısa azərbaycanlı ilə müqayisə etmək olarmı?
Azərbaycan Ordusu misli görünməmiş qələbə qazandı, torpaqlarımız azad edildi – Ordumuzun xeyrinə, YAŞAT Fonduna yardım kampaniyaları zamanı Vardanyanın xərclədiyi vəsaitlə müqayisə olunacaq səviyyədə köçürmələr olubmu? Rəsmi və ya qeyri-rəsmi milyarderimiz Azərbaycan üçün, haqq üçün, ədalət üçün, torpaqların azadlığı üçün külli miqdarda vəsait xərcləyibmi?
Ruben Vardanyanın 2001-ci ildən üzü bəri xərcləyi yüzmilyonlar haqda indi xəbər tuturuq - çünki mediada bu haqda geniş bilgi olmayıb. İndi də ona görə xəbər tutduq ki, "Forbes" araşdırma aparıb, faktları ictimailəşdirdi.
Ancaq İkinci Qarabağ müharibəsindən sonra Ordumuza yardım kampaniyasına 10 min manat vəsait köçürən şirkətlər redaksiyamıza zəng edib, bu məlumatı 150 manat ödəniş müqabilində reklam kimi dərc etməyimizi xahiş edirdilər. Heyrətə gəlirdik, "bu, reklam ola bilməz" deyirdik, "bizə vermək istədiyinizi də qoyun o vəsaitin üzərinə, köçürün Ordumuzun hesabına, sevə-sevə dərc edərik" cavabını verirdik!
Və sonradan məlum oldu ki, bu şirkətlər Ordumuza yardım xəbərini dərc etməsi üçün bəzi redaksiyalara hətta 1000 manat reklam ödənişi ediblər.
Yəni 10 min Ordumuzun hesabına köçürüb, 20 min reklamına xərcləyib!
Düşüncə fərqini görürsünüzmü?
3 ildir işğaldan azad edilən torpaqlarımızda quruculuq işləri gedir, dövlət büdcəsindən milyardlar ayrılır və biz yaxşı bilirik ki, xarici ölkələrdən heç bir yardım yoxdur, heç bir donor təşkilat dəstək göstərmir – bir-iki türk ölkəsinin Qarabağda inşa etdiyi məktəb xaric, xeyriyyə məqsədilə bir sent verilmir. Hansı azərbaycanlı oliqarx, milyarder işğaldan azad edilən torpaqlar üçün ianə edib, məktəb, ev tikmək üçün pul köçürüb – eşidən, bilən varmı?
Ermənistana diaspordan milyonlar deyil də, milyardlar axır – Azərbaycanın bütün diaspor təşkilatları isə yalnız Azərbaycanın dövlət büdcəsinə, Diaspor Komitəsinə gözünü dikib.
Ermənistan onillərlə işğalı əbədiləşdirmək üçün telemarafonlar keçirib, yüzmilyonlarla vəsait yığırdı və indi də yığır. Görəsən, işğaldan azad edilən torpaqlarımızın, məsələn, minalardan təmizlənməsinə yardım aksiyası keçirilsə, biz də bir telemarafon təşkil etsək, nə qədər vəsait yığılar və ya ümumiyyətlə, vəsait yığılarmı?
İş adamlarının, varlıların yardım etməsi bir yana – Qarabağa ayrılan külli miqdarda vəsaitin “büdcəyə yük”, “vətəndaşların cibindən getdiyi” haqda iddialar səsləndirməkdən belə çəkinmirik; hətta Şuşanın ekzotik, füsunkar, ecazkar şəhərə çevrilməsi üçün yatırılan milyonlar, milyardlara ağız büzüb, “özü üçün edir” deyənlər də tapılır – bir şəhərin qurulmasını “özü üçün” deyə düşünüb-dilə gətirəcək zehniyyətə sahibik!
Yalnız oliqarxlar, varlılar, sahibkarlar deyil ki!
Ermənistanın onlarla deputatı, onlarla politoloqu hər gün aktiv şəkildə siyasi prosesləri şərh edir, fikir toqquşması yaşanır; Azərbaycanda növbədənkənar prezident seçkilərinin regionun taleyini dəyişəcəyi haqda hər gün erməni deputatların saysız-hesabsız şərhlərini oxuyuruq.
Ancaq bizim millət vəkillərinin geniş, hərtərəfli açıqlamalarına rast gəlmək mümkün deyil – yalnız hərdənbir, təsadüfən, o da “mən də varam” məntiqi ilə şablon, trafaret, “Müzəffər Ali Baş Komandan...” ritorikası ilə rəsmi sayt və qəzetlərdən köçürülən abzasların toplandığı və kimsənin oxumadığı “məqalələr”...
Nəinki torpağı azad etməyi, xarici siyasəti aparmağı, regionun şəklini çəkməyi, hətta düşünməyi də buraxmışıq İlham Əliyevin ixtiyarına:İlham Əliyev düşünürsə, biz yeyib-yata və kef edə bilərik!
Millət vəkili, ziyalı, politoloq, siyasi düşüncə adamı, iqtisadçı olaraq sizin gündəlik fəaliyyətiniz, missiyanız, yaşam şərtiniz nədir? Yalnız imtiyazlardan istifadə etməkmi?
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ