“Qayıdışdan xilasa”
Tarix: 3-10-2023, 21:14
Baxılıb: 2 473
Google+ Paylaş
Tumblr Paylaş

“Qayıdışdan xilasa”

3-10-2023, 21:14

“Qayıdışdan xilasa” mövzusunda dəyirmi masa keçirilib.
2023-cü il oktyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  “Heydər Əliyev ili” çərçivəsində Ulu öndərin Azərbaycanda birinci dəfə prezident seçilməsinin 30-cu ildönümünə həsr olunmuş “Qayıdışdan xilasa” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, İcra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Munis Bayramov, fəal YAP üzvləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini yad etdilər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla anıldı. 
Sonra “Heydər Əliyevin qayıdışı və Azərbaycanın xilası” adlı videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayaraq bu günkü dəyirmi masanın həsr olunduğu mövzunun əhəmiyyətini vurğuladı. O, 1993-cü ilin 3 oktyabr gününün Azərbaycan tarixində çox mühüm yer tutduğunu, müasir müstəqil Azərbaycan dövlətinin tarixində dönüş anı təşkil etdiyini, ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə özbaşınalığa, xaosa, iqtisadi tənəzzülə son qoyulduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını və yeni yüksəliş mərhələsinin əsasının qoyulduğunu qeyd etdi. YAP rayon təşkilatının sədri bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi və dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyətdir. Azərbaycan xalqının baş verən faciələrdən qurtularaq demokratik-hüquqi dövlətdə yaşamaq ideyasının reallığa çevrilməsi və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Q.Əliyev tarixə ekskurs edərək 1992-ci il noyabrın 21-də müxtəlif yollarla Naxçıvana gələn və xalqımızın gələcəyini düşünən ziyalılarının iştirakı və Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaranmasını, bu partiyanın ölkəmizin sonrakı inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, politoloqlar və digər mütəxəssilər tarixdə xalqın və şəxsiyyətin rolu barədə irəli sürdükləri nəzəriyyələrində bir çox hallarda bu iki amili bir-birinə qarşı qoyur və bunlardan birinin daha mühüm olduğunu bildirirlər. Qafar Əliyev xalq və ulu öndər Heydər Əlyev faktorunun ayrılmaz tellərlə bir-birinə bağlı olduğunu bildirib. Azərbaycan xalqının müdriklik nümayiş etdirərək Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etmək və prezident seçməklə misilsiz müdriklik nümayiş etdirib.  
YAP rayon təşkilatının sədri xüsusi vurğuladı ki, bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu öndərin ideyaları dayanır və  ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara aparacaq.

Dəyirmi masada çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ümummilli liderin ali idarəçilik keyfiyyətlərini və liderlik xüsusiyyətlərini qeyd edərək, həmin seçkidən sonra Azərbaycanda intibah dövrünün başlandığını vurğuladı və Ulu öndər Heydər Əliyevi tək Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda bütün dünya azərbaycanlılarının lideri olduğunu bildirdi.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov xalqımızın facilərdən çıxış yolunu axtararkən 90-cı illərin əvvəllərində Azərbaycan ziyalıları Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılması zəruriliyini nəzərə alaraq Naxçıvana üz tutması və Yeni Azərbaycan Partiyasının yaranması, qısa zaman kəsiyində Ümummilli liderin hakimiyyətə qayıdaraq Azərbaycanı fəlakətdən xilas etməsi barədə xatirlərini danışdı.
Dəyirmi masada çıxış edən YAP-ın gənc fəalları: Heydər Əliyev Mərkəzinin əməkdaşı Aysel Yunuszadə, 6 saylı Uşaq Sommatik Sanatoriyasının işçisi Türkanə Əliyeva və digərləri Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdilər. Qeyd etdilər ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbiri yekunlaşdıraraq bir daha 1993-cu ilin 3 oktyabr tarixini xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin başçısı seçilməsi nəticəsində ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını bildirdi. O qeyd etdi ki, Ulu öndər Heydər Əliyev daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müasir, müstəqil Azərbaycan dövlətini qurdu və qorudu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə onun qurub yaratdığı müasir Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və ölkəmizi yeni inkişaf yoluna çıxartdı.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Bilman İSAQ


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ