Macarıstan Azərbaycanın etibarlı dostu və tərəfdaşıdır
Tarix: 6-02-2023, 08:39
Baxılıb: 1 273
Google+ Paylaş
Tumblr Paylaş

Macarıstan Azərbaycanın etibarlı dostu və tərəfdaşıdır

6-02-2023, 08:39

  Azərbaycan Respublikasının Avropa ölkələrində döstlarının sayı durmadan artır. Macar lideri Viktor Orban demişkən,  “Bu gün, əlbəttə ki, enerji və qazla zəngin olan ölkənin dostları çox olur, amma əmin etmək istərdim ki, biz Azərbaycanla bundan çox uzun müddət əvvəl dost olmuşuq və bu əməkdaşlığa görə cənab Prezidentə təşəkkür edirəm”. 
Həqiqətən də Avropada Azərbaycana etibarlı dost olan ölkələrdən  biri də Macarıstan Respublikasıdır. Macarıstan ilə Azərbaycanı tarixi köklərdən gələn dostluq telləri, mədəni, iqtisadi və siyasi sahələrdə çoxəsrlik isti əlaqələri birləşdirir. 2023-cü il yanvarın 29-30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Respublikasına səfəri bunu bir daha təsdiq etdi. Dövlətimizin başçısı Budapeştdə Macarıstanın dövlət və hökümət rəhbərləri tərəfindən çox təntənəli şəkildə qəbul edildi. Dövlətimizin başçısı İlham Əliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü zamanı Macarıstanın Baş naziri Viktor Orban    belə deyib:“Xalqlar arasında son onillik ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə mərhələli şəkildə verdiyiniz töhfəyə görə minnətdarıq. Biz bunu yüksək dəyərləndiririk. Ölkələrimiz mühüm dostluğu indi yox, çoxdan başlayıblar. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir”.
Bundan əlavə, Baş nazir Viktor Orban   Azərbaycan prezidentinə müraciət edərək bildirib ki, siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz və biz bunu yüksək dəyərləndiririk. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir”. 
Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində belə deyib:
“Biz, həqiqətən, iki dost və tərəfdaşıq. Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq. Bu gün, biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq”.
Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, biz təkcə enerji sahəsində deyil, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq edirik və “Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik”. 
Azərbaycan və Macarıstan nümayəndə heyətlərinin görüşündə enerji, təhsil və nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olundu, əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın əhəmiyyəti qeyd edildi və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi.
Həmin səfər zamanı Budapeştdə bir çox Azərbaycan-Macarıstan sənədləri imzalanıb. 
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladılar.
"Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzaladılar.
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
Sənədlər imzalandıqdan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər və bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyətinin göz önündə olduğunu qeyd ediblər. 
Azərbaycan Macarıstan əlaqələrində ƏMƏKDAŞLIQ ÜÇÜN ƏSAS və VACİB SAHƏLƏR-dən birincisi enerji sahəsidir.
Enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün Azərbaycan-Macarıstan münasibətlərində də əsas rol oynayır. 
Bu məsələnin əhəmiyyəti ilə əlaqədar olaraq Macarıstanın Baş naziri cənədlərin imzalanmasından sonra bəyanatla çıxış edərkən belə deyib: “Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Hər iki ölkə, həm Azərbaycan, həm də Macarıstan yaxşı dərk edir və aydın görür ki, təkcə Avropa deyil, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir.
Dünyada və Avropada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir.
Macarıstanın Baş naziri Viktor Orban deyib ki, biz cənab Prezident İlham Əliyevlə on il bundan öncəki təcrübəmiz haqqında danışdıq. O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. O zaman həmin plan həyata keçirilmədi, yadınızdadırsa, bu, NABUKKO layihəsi idi. Ola bilər bir vaxt gələcək tarixçilər buna diqqət yetirəcəklər ki, nə üçün NABUKKO layihəsi təxirə salındı. Əlbəttə, bu Rusiyanın Ukraynanı işğalından daha öncəki dövrə təsadüf edir. O zaman təbii ki, enerji resursları Avropaya nəql edilmədi, bu gün isə biz yenidən həmin senari ilə üz-üzəyik ki, Azərbaycandan Avropaya enerji həcmləri nəql edilsin. Bu səbəbdən biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır. Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı.
Azərbaycan prezidenti İlham Əliyev də bu məsələyə toxunub və qeyd edib:” Cənab Baş nazir xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”.
Azərbaycanın Macarıstanla enerji sahəsində əlaqələrində əhəmiyyətli rol oynayan digər bir saziş də elektrik enerjisi ilə əlaqədardır. Macarıstan lideri Viktor Orban bildirib ki,biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. O deyib”Xəritəyə baxsanız görərsiniz ki, həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gələn bu enerji həcmləri Macarıstandan keçəcək. Ona görə də Macarıstan da bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaqdır”.
Macarıstan lideri qeyd edib ki, Macarıstan həll yolunun - problemin deyil, həll yolunun tərkib hissəsi olacaqdır. Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək. Xatırlatmaq istərdim ki, mən cənab Əliyevlə Buxarestdə bu yaxınlarda da növbəti saziş imzaladıq və bununla da elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcəkdir. Budur, bizim bugünkü şəraitimiz və bu, iki ölkənin rəhbərlərinin indiki görüşünü labüd edən bir şəraitdir.
Azərbaycan Prezidenti İlham Əliyev isə öz bəyanatında belə deyib:
“Cənab Baş nazir qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”.
Azərbaycan prezidenti bildirib ki, bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.
Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.
Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar.
Bu, çox böyük sərmayə tələb edən layihədir. Burada həm yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi - bütün bu layihələr böyük maliyyə mənbəyi tələb edir, eyni zamanda, çox ciddi koordinasiyanı tələb edir. Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.
Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. 
Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Deyə bilərəm ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.
Bununla paralel olaraq, təhsil sahəsində çox yaxşı nəticələr var. Mən cənab Baş nazirə fürsətdən istifadə edərək təşəkkürümü bildirmək istəyirəm ki, 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış təqaüd - tələbə təqaüdləri ilə Macarıstanda oxuyurlar. Bu, əlbəttə ki, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcəkdir.
Əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.
Azərbaycan prezidenti İlham Əliyev göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkürünü bildirməklə Macarıstanın lideri Viktor Orbanı Azərbaycana səfərə dəvət edib. 
Beləliklə, Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri Viktor Orban 10 ildən artıqdır ki, bir yerdə çalışır, ölkələrimizi bir–birinə daha da yaxınlaşdırır, əməkdaşlığı dərinləşdirir və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırlar. Bu dəfə də bu gün strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq genişləndirildi. Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyi əsirgəməyəcəklər.
İLKİN ƏLİYEV 
YAP Qaradağ rayon təşkilatının fəal gənci

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ