Əfəndilər!
Rusiya imperiyası vətənimizi param-parça edəndən sonra əlindəki bütün resurslardan istifadə edərək məqsədli şəkildə xüsusən də Türksüz Qafqaz siyasətini intensivləşdirdi. Ruslar dədə-baba torpaqlarımızda nələr etmədilər? Onlar çox əsrlik məqsədli plan üzrə mükəmməl bir strateji plan hazırlayaraq, mümkün bütün resurslardan istifadə edərək dədə yurdlarımızın adlarına, tariximizə, mədəniyyətimizə, türk xalqlarının dillərinə, milli əlbisələrimizə, musiqimizə, adət- ənənələrimizə və s. müdaxilə etdilər. Hər vəchlə bizi milli kökdən ayırmaq və bütün bu coğrafiyanı özgələşdirmək planını intensiv olaraq icra etdilər. Bu məkrli planın bir parçası olaraq dünyada yurdsuz, gəlmə, köksüz bəzi xalqların bu torpaqların guya sahibləri olmalarını dünyaya çatdırmaq üçün tonlarla "elmi əsərlər" yazdırdılar. Bu məkrli planın ən təhlükəli xətlərindən biri də içimizdə bütün sahələrdə sapı özümüzdən olan baltalar, düşmən-xainlər yetişdirmək idi və onlar buna müvəffəq oldular.
Tarixdə Rusiya imperiyasının ardı olaraq SSRİ imperiyası qurulduqdan sonra yenə də həmin məkrli - xəbis imperiya ideologiyası daha sərt, daha kəskin biz türklərə qarşı icra edildi.
Məkrli düşmən, Qafqazda qardaşlararası məqsədli düşmənçilik toxumu səpməyi də unutmadı. Onlar biz türklərin adını dəyişsələr də, mədəniyyətimizə, tariximizə, dilimizə müdaxilə etsələr də ana mayamızın sağlam genetik koduna tamamilə nüfuz edə bilmədilər.
Sovetlər dönəmi millətimizin düşünən beyinlərinin əsasını ya sürgünlərdə, ya da fiziki cəhətdən məhv etsələr də, həmin genetik kodumuz, bizə yenidən özümüzə qayıtmağa, özümüz olmağa, milli ruh üzərində yenidən köklənməyimizə kömək etdi.
Xalqımız heç vaxt öz mübariz əzmini unutmadı. Əksinə, bu hiss günü gündən inkişaf elədi, formalaşdı və özünə dönməyi bacardı.
Ən yeni tariximizə də nəzər salsaq, Türk düşməni Qorbaçovun hakimiyyətə gəldiyi andan məkrli qüvvələr bütün vasitələrdən istifadə edərək, növbəti dəfə üzərimizə yürüşə başladılar. Xalqımızı əli yalın tankların altında əzsələr də, birbaşa Rusiyanın və onların müti qulları olan yerli xain qüvvələrin əli ilə Vətənimizi qanlı-qadalı günlərə düçar etsələr də, torpaqlarımızı işğal etsələr də, körpə uşaqlarımızı, qadın və ahıllarımızı işgəncələrə məruz qoysalar da, dini məbədlərimiz-məsçidlərimizi, qəbir evlərimizi, tarixi abidələrimizi darmadağın etsələr də 30 ildən sonra xalqımız yenidən bu coğrafiyada ən möhtəşəm tarixə, babalarımızın ruhuna layiq olan şanlı tarixə imza atdı.
Bəli, 44 günlük Vətən savaşında Vətənimizin şərəfini, xalqımızın ləyaqətini, ləkələnmiş tariximizin şanlı səhifəsini böyük şərəflə Azərbaycan Əsgəri öz qanı bahasına üzərimizə gələn bütün məkrli qüvvələrin xəbis siyasətinə qarşı əsl sərkərdə duruşunu sərgiləyən müzəffər Ali Baş Komandan İlham Heydər oğlunun cəsarəti, müdrikliyi və xalqımızın monolit birliyi hesabına tarixi ədalət bərpa edildi.
Bəli, artıq Azərbaycan zəif, çarəsiz Azərbaycan deyil.
İndi ölkəmiz qüdrətlidir və regionda söz sahibidir. Elə bu amilli görən məkrli qüvvələr daxilimizdəki bütün tör-töküntüləri işə salaraq Vətənə qarşı istər daxildə, istərsə də xaricdə ideoloji təxribatlar aparırlar.
Bəli, "Biz bütün dədə-baba torpaqlarımıza qayıdacayıq" fikrini daima yüksək kürsülərdən səsləndirən cənab Prezident bütün dünyaya strateji xəttimizin hədəflərini işarə etməklə daxildə hər bir məmurun milli dəyərlərə, milli kimliyə bağlı olmasını, mədəniyyətimizə, dilimizə, tariximizə sahib çıxmağı və gənc nəslin Vətənpərvər ruhda böyüməsi, tərbiyələnməsi, təhsil almasını daima bildirməkdədir.
Təbii ki, Vətənə düşmən olan qüvvələr biz Türklərin nə istədiyini yaxşı anlayırlar. Əslində biz istədiyimizi də gizlətmirik. Biz Türklərin istəyi, dinindən, dilindən, irqindən aslı olmayaraq haqları tapdalanan bütün xalqların yanında, həmin məkrli qüvvələrin qarşısında durmaqla dünyada ədalət və rifahın tərəfində yer almaqdır.
Bu çox böyük və müqəddəs yoldur. Əsrlərdir bu yol uğrunda fikir babalarımız əziyyət çəkiblər, müxtəlif təzuiqlərə düçar qalıblar və qətlə yetriliblər.
İndi tarixi şərait bizim üstünlüyümüzdədir, bizlərin səhv etməyə haqqı yoxdur!
Elə bu günlərdə böyük sevinclə növbəti tarixi günü yaşadıq. Qarabağımızda, doğma Xankəndində yenicə təsis edilmiş Qarabağ universiteti də tədrisə başladı.
Bəli, bu çox tarixi bir gün idi. Lakin bunun ardı ilə universitetin tenderdə qalib gələrək tətbiq edilən loqosu ciddi narazılıqlarla ictimaiyyət arasında müzakirələrə səbəb oldu.
LOQO
Mütəxəssislər loqonun sadə və aydın olmasına, göz yorucu olmamasına üstünlük versələr də mənim baxış bucağımdan Qarabağ Universitetinin loqosu təkcə bu parametrlərlə deyil, eyni zamanda illərdir qanayan yaramızı və yuxarıda qeyd edilən faciələrimizi və bu torpaqların türk torpaqları olmasını bütün dünyaya bəyan etmək kimi xususları qorumalı idi.
Loqo eyni zamanda yaddaşlarda qalandır və təbliğatın bir növüdür. O da qala Qarabağ Universiteti kimi təsis edilən bir tədris ocağının. Çünki, bütün düşmən və düşmənlərin ağaları da bu prosesləri yaxından izləyirlər.
Media üzərindən kiçik bir araşdırma apardıqda gördüm ki, Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə cari ilin iyulun 4-dən 17-dək elan edilmiş müsabiqə çərçivəsində ümumilikdə 450-dən artıq loqo təqdim edilib. Onlardan 5 loqo son mərhələyə qalıb ki, bunlardan da bu günki loqo qalib elan edilib.
Məni maraqlandıran ən əsas məqam sona qalan 5 loqodan yalnız qalib olan loqonun dövlət dilimizdə deyil, əcnəbicə olmasıdır.
Əfəndilər!
Fikir verin. Əsrlərdir dilimizin qorunması uğrunda mücadilələr aparılıb. Elə Qarabağ uğrunda dünən tökülən qanın da məqsədlərindən biri də dilimizin varlığımız kimi qorunması uğrundadır. Çünki, vətən deyəndə sadəcə coğrafi məkanda yerləşən torpaqdan söhbət getmir.
Hələ sovetlər dönəmində də, ümummilli lider Heydər Əliyevin dilimizin varlığı üçün apardığı mücadiləni mən yaxşı bilirəm. Nəbzi Vətənin nəbzilə döyünən hər kəsin bunu bilməsinə şübhə etmirəm.
Azərbaycan KP MK-ya yenicə birinci katib seçilmiş Heydər Əliyev 1969-cu ildə, ADU-nun 50 illik yubileyində ilk dəfə Azərbaycan dilində çıxış etdi. İndi çoxları düşünə bilər ki, burada nə var ki? Həmin dövr üçün bu çox qətiyyətli addım idi. Ulu öndər bu addımı ilə bütün təbəqələrə lazımi istiqaməti göstərməklə, məhz bu ismarıcı vermək üçün bir ali təhsil ocağını seçməsi də təsadüfi deyildi. O, cəmiyyətimizin gələcək inkişafında rol oynayacaq gənclərin qarşısında əsas hədəfi göstərməklə bu istiqamətdə yaşıl işığın siqnalını vermişdir. Bu çıxış eyni zamanda o vaxtkı Azərbaycanda Azərbaycan dilinin inkişaf tarixində yeni mərhələyə keçidin başlanğıcı idi.
"İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur" - bu fikirlər də Ülu Öndərə aiddir.
"Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir" deyərək, "Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir" fikirləri də Prezident İlham Heydəroğluna aiddir.
Bəli, bu baxımdan məkrli düşmən xalqımızı əzmək, böyük gələcəyini məhv etmək, milli kimliyimizə zərbə vurmaq üçün bizlərin babalarımızdan miras qalmış bu milli sərvətimizə bütün mümkün vasitələrdən istifadə etməklə məqsədli olaraq zərbələr endirir. Eyni zamanda cəmiyyətimizin bir sıra təbəqəsi zamanında ana dilini deyil, rus dilini daha üstün tuturdursa, indi həmin təbəqə özü üçün ingilis dilini prioritet seçmişdir. Bu da cəmiyyətimizdə şox böyük bəladır.
İndi Qarabağ Universitetinin loqosunu seçənlərdən soruşmaq istəyirəm, dostların da, düşmənlərin də gözü Qarabağ universitetinin açılışında idi. Təbii ki, dostlar sevinir, düşmənlər isə .... Və bu dünyaya bir təqdimatdır. Nəyə görə bütün dünyaya təqdimatımızda milli dəyərlərimizi, milli kimliyimizi, bu torpaqların əzəldən türkün olduğunu göstərməməli idik? Zamanında rusun, indi də conun dilində yazmağı qoyaq bir qırağa, eyni zamanda Azərbaycan Dilinin dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri də var axı.
Nəyə görə elə bu loqonun üzərində qədim mədəniyyətə malik olan biz türklərin Göytürk əlifbası ilə Qarabağ Azərbaycandır! yazılmamalı idi? Axı bu dünyaya bir loqo ilə bir çox şeyi təqdim edə bilərdik! Eyni zamanda elə bu yazını qələmə alanda sosial şəbəkədə Qarabağ universitetinin tələbələrinin yataqxananın eyvanlarında müqəddəs 3 rəngli bayraqlarımızın asıldığını görərək mahnı ifa etdiklərini gördüm və təbii ki, çox sevindim. Gənclər Qarabağımızdan, Xankəndidən, Qarabağ UNİVERSİTETİNDƏN, fləşmob çəkib paylaşırdılar. Necədə sevinməyəsən?! Lakin burda da da sevincim yarımçıq qaldı. Tələbələr "Məsti Xumar" adlı bir mahnı oxuyurdular. Mahnıdan bir neçə cümlə; "Olmuşuq məsti xumar yenə gözlərimiz axır, yenə gözlərimiz axır". Və anında düşündüm ki, yox, biz QARABAĞ UNİVERSİTETİNİ belə görmək istəmirik!