Daha enerjini almayacağıq - Özümüz istehsal edəcəyik
Tarix: 4-11-2023, 09:47
Baxılıb: 622
Google+ Paylaş
Tumblr Paylaş

Daha enerjini almayacağıq - Özümüz istehsal edəcəyik

4-11-2023, 09:47

Azərbaycanda bərpa olunan enerji sahəsində mühüm yenilik baş verib. Belə mənbələrdən enerji əldə edən şəxslər özlərinin istifadə etdiyi həcmdən artıq qalan hissəni dövlətə sata biləcəklər. Yəni əhali günəş paneli quraşdırıb hökumətə elektrik enerjisi satacaq. Maraqlı təşəbbüsdür. Lakin aydın olmayan məqamlar çoxdur. İnsanlar bu işdən nə qədər gəlir əldə edəcəklər? Hansı ərazilər daha rentabelli olacaq?

Artıq enerji topdansatış qiymətinə alınacaq

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyir ki, hər kəs bu layihəyə qoşula bilər: “Proses üçün müraciət olunur və şəbəkəyə qoşulur, müqavilə bağlanılır. İstənilən ərazidə hər kəs evinin damına günəş paneli quraşdırıb, yaxud digər kiçik bərpa olunan enerji qurğuları ilə elektrik enerjisi istehsal edib şəbəkə ilə əlaqələndirə bilər. Gündüz istehsal etdiyimiz enerjini şəbəkəyə ötürürük, gecə şəbəkədən alırıq. Bu, enerji satmaq üçün deyil, öz ehtiyacını ödəmək üçündür. Ay sonunda əgər şəbəkəyə çox enerji ötürmüşüksə, növbəti ay həmin enerjini istifadə edirik. Əgər az ötürmüşüksə, daha çox şəbəkədən almışıqsa, pulunu ödəyirik. İlin sonunda şəbəkəyə ötürdüyümüz enerji aldığımızdan daha çoxdursa, onun müqabilində vətəndaşa ödəniş edilir. Adətən bu, cüzi bir miqdar olur. Tarif Şurasının qərarına görə, mövcud topdansatış qiyməti 6,6 qəpikdir”.

Hansı ərazilər daha rentabellidir?

C.Mikayılovun sözlərinə görə, bu layihə Azərbaycanın bütün ərazisində keçərlidir: “Günəş radiasiyası Azərbaycanın hər yerində yüksəkdir. Amma Naxçıvanda bir kvadratmetr əraziyə düşən radiasiya daha yüksəkdir. İkinci yerdə işğaldan azad olunmuş ərazilərin cənub hissəsi, məsələn Füzuli, Cəbrayıl, Zəngilan gəlir. Külək enerjisində isə Xəzəryanı ərazilər, Kəlbəcər, Laçın zonasında çox yüksək potensial var. Bu ərazilərdə kiçik qurğularla külək enerjisi istehsal oluna bilər”.

“Azərişıq” nə qədər enerji verirsə, o qədər ötürə bilərsiniz

Enerji məsələləri üzrə ekspert Elçin Tarquliyev deyir ki, insanlar 150 kilovata qədər enerjini heç bir icazə almadan şəbəkəyə ötürə bilərlər: “Aktiv istehlakçı elektrik enerjisi istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına 150 kilovata qədər elektrik enerjisi istehsal edən hüquqi və fiziki şəxslərə deyilir. Onlar kiçik və orta biznes sahibləri və fərdi evlərdir. Hansı ki, aşağı gərginlikli şəbəkəyə qoşulurlar. Kiçik və orta biznes sahibləri texniki şərti birbaşa şəbəkədən alırlar. Fərdi evlərdə isə qoşulma üçün texniki şərtə ehtiyac yoxdur”.

E.Tarquliyev bildirdi ki, burada 150 kilovat maksimum həddir: “Hər kəs 150 kilovatlıq stansiya quraşdıra bilməz. Çünki burada texniki şərt məsələsi var. “Azərişıq” maksimum 100 kilovatlıq enerji verirsə, siz də maksimum o qədər ötürə bilərsiniz. Bu da onun üçündür ki, həmin ərazidə “Azərişıq” 100 kilovat gücün təhlükəsizliyinə təminat verə bilir. Yəni daha böyük gücün şəbəkəyə problem yarada biləcəyinə görə risk faktoru nəzərə alınaraq belə bir limit qoyulub”.

Enerji növbəti ilə ötürülməyəcək

Mütəxəssisin sözlərinə görə, artıq qalan enerjini sonra istifadə etmək mümkündür: “Aktiv istehlakçılar üçün yeni ölçmə cihazları qoşulur. Bunlar ikitərəfli cihazlar olur. Hər ayın sonunda əgər sizin şəbəkəyə ötürdüyünüz enerjinin miqdarı şəbəkədən aldığınızdan çoxdursa, geri qalanı sizə kredit olaraq yazılır”. E.Tarquliyev qeyd edir ki, əgər ilin sonunda hələ də şəbəkəyə ötürdüyünüz enerji şəbəkədən aldığınızdan çoxdursa, həmin krediti pula çevirə bilirsiniz: “Enerji növbəti ilə ötürülməyəcək. Şəbəkə operatoru bank hesabınıza topdansatış tarifi ilə ödəniş etməlidir. Topdansatış tarifləri də Tarif Şurası tərəfindən tənzimlənir. Ödəniş üçün VÖEN-niz olmalı, fərdi sahibkar kimi qeydiyyatdan keçməlisiniz”.

Bu layihə biznes deyil

E.Tarquliyev bildirir ki, bu layihələr insanlara dəstək üçündür: “Bir çoxları bunun biznes ola biləcəyini düşünürlər. Amma bu, biznesdən çox, elektrik enerjisi xərclərinin azaldılması və hətta sıfıra endirilməsi üçün olan bir tətbiqdir. İnsanlara yüksək miqdarda gəlir gətirməyəcək, amma onların xərclərini xeyli azaldacaq. Xərcləri sıfıra endirmək hansı ölçüdə stansiya qurulmasından, evin damından, ərazinin relyefindən asılıdır. Yəni yetərli sayda panel qoya biləcək ərazi varsa, sərfiyyatı sıfıra endirə bilərsiniz. Hətta mənfiyə düşüb kredit kimi də yığılması mümkündür”.

Mütəxəssisin fikrincə, bu layihə günəş enerjisində daha uğurlu olacaq: “Çünki külək stansiyaları kiçik ölçüdə çox da rentabelli olmur. Bu daha çox fərdi evlər, kiçik, orta bizneslər üçündür. Bu, bina evlərində alınan ortaq qərarla reallaşdırıla bilər. Lakin reallaşması çətindir. Çünki damların boş olduğunu da düşünmürəm”.

E.Tarquliyev qeyd edir ki, layihə paytaxtdan çox rayonlarda rentabelli olacaq: “Bu, hər fərdi evdə də alınmayacaq. Çünki kölgə stansiyaların istehsal gücünü aşağı salır. Məsələn, paytaxtın mərkəzi küçələrinin əksəriyyətində çoxmərtəbəli binalar var ki, onlar problem yaradacaqlar”.

Öncə hesabat, sonra istehsal

Ekspertin sözlərinə görə, layihə gələn il həyata keçirilə biləcək: “Elektroenergetika haqqında” qanun təsdiqlənsə də, qüvvəyə minməsi 2024-cü ilin yanvarın 1-dən nəzərdə tutulub. Stansiyanın quraşdırılması da uzun müddət tələb edir”. E.Tarquliyev deyir ki, artıq bir çox insan bu sahə ilə maraqlanmağa başlayıb. Növbəti bir ildə kiçikölçülü günəş stansiyalarının istehsalı və alışında artım olacaq: “Panel istehsal edən, quraşdıran bir çox özəl şirkət var. Onlar öncə araşdırmalar aparırlar. Evdə hansı ölçülü günəş stansiyası quraşdırmaq mümkündür? Nə qədər enerji istehsal edəcək? Hesabat sizin üçün uyğundursa, günəş panellərini sifariş verirlər və quraşdırırlar. Sonra “Azərişıq” şəbəkəyə qoşur. Günəş paneli quraşdırmaq üçün heç bir quruma müraciət etməyə, icazə almağa ehtiyac yoxdur. Panel quraşdırmağa icazə əvvəldən var idi. Amma istehsal olunan enerji şəbəkəyə ötürülə bilmirdi. İndi bu da mümkün olacaq”. ("Kaspi" qəzeti)

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ