Xəzərdən “çıxarılan” çaxır və bir blok siqaret- YUNUS OĞUZ yazır
Tarix: 27-02-2024, 12:53
Baxılıb: 2 933
Google+ Paylaş
Tumblr Paylaş

Xəzərdən “çıxarılan” çaxır və bir blok siqaret- YUNUS OĞUZ yazır

27-02-2024, 12:53

Yunus Oğuz
Felyeton
Bir tədbirdən işə yeni qayıtmışdım ki, mobil   telefonuma zəng gəldi. Zəng edənin ekranda adını görəndə təəccübləndim. Hələm-hələm telefon açmazdı. Onu "ideya generatoru" adlandırırdım. Dünyanın bu başından vurub o başından çıxardı. Ağlagəlməz ideyaları ilə kimi deyirsən inandırır, həyata keçirir, faizini alır, sonra ağlına başqa ideya gəlir, yenə də kimisə  inandırıb işə başlayırdı. Hətta Ayda amerikalılara torpaq satmaq da onun ideyası idi. Bu biznesi də bir müddət pis getmirdi. Həmişə deyirəm ki, bizim xalq çox istedadlıdır. Heç nədən pul qazanmağı bacarır, amma havadan qazandıqlarını havaya xərcləyir, yeyib-içib kef eləyir, pulu qurtaranda yenə yeni ideyalar işə düşür... Maraqlıdır ki, xalqım belə işlərdə heç bir çətinlik də çəkmir. Telefonun o biri başından səs gəldi:
-Salam Mirzə, Bakıdayam.
Səsində kədər duyduğumdan soruşdum:
-Əleykə, səsin niyə belə kədərlidir? Yoxsa ölüb-itənin var? Bir şey olmayıb? 
-Yox Mirzə, ailədə hər şey normaldır.
-Bəs niyə beləsən?
Telefonda ah çəkdi. Hiss etdim ki, bir anlığa aranı dağa, dağı arana daşıdı. Handan-hana dilləndi:
-Azərbaycana sürğün olunmuşam, Mirzə.
Dərhal fikirləşdim ki, burada nəsə var.
-Bura bax, ideya generatoru, yenə nə fikirləşmisən? - Gülməyimi eşitdi, amma dinmədi. - Yoxsa ideya paçkaların qurtarıb? "Azərbaycana sürğün olunmusan" nə deməkdir? Adam da öz vətəninə sürgün olunar? Sən cənnətə gəlmisən, cənnətə! Qarabağdan çıxıb gedən ermənilərdi e, buraların və bizim qədrimizi bilmədilər.
Telefonda yenə onun qəmli səsini eşitdim:
-Yox Mirzə, bu dəfə məsələ çox ciddidir. Uzun söhbətdir, dur gəl, Yasamal parkındakı çayxanaya, həm səni görüm, həm də dərdimi danışım.
-Yaxşı, - dedim, - gəlirəm...
Yasamal parkının çayxanasında tanışım əməlli dəstgah düzəltmişdi. Əslində dəstgahı çayxana yiyəsi özü düzəldir ki, babat pul qazansın. Hələ get İçərişəhərdə çay iç, gör başına nə gətirəcəklər. Bir  dəfə Özbəkistandan gələn qonağımla orada oturub çay içdik. Bir qara, bir kəklikotundan dəmlənmiş çay, bir də qoz mürəbbəsi sifariş verdik. Duranda qırx üç manat oxudular. Biz də elə "Çay"mahnısını oxuya-oxuya oradan çıxdıq. Bu çayxana bulvara, İçərişəhərə baxanda şükürdü. İnsafən, zorla çayın yanına çox şey dürtüşdürmürlər.
Əlqərəz, tanışımla xoş-beş edib əyləşdik. O bilir ki, mən siqaret çəkənəm, odur ki, yeri çayxananın siqaret çəkənlər tərəfindən götürmüşdü. Masanın üstündə də bir blok "Marlboro" siqareti. Dərhal soruşdum: 
-Bu siqaret nədir, axı, sən siqaret çəkən deyilsən?
-Bu sənin üçündür, - dedi, - o gün bir status yazmışdın ki, bəs buradakı siqaretlərdən tütün iyi gəlmir. Fikirləşdim ki, bizim aeroportdan sənə siqaret, həm də yaxşı çay alım. Çay alınmadı. Aeroportdakı "Duty freec"lərdə ancaq "Azərçay" satılır. Qızdan soruşuram ki, başqa çay növləri niyə yoxdur? Deyir ki, bizə belə tapşırıq verilib, yalnız "Azərçay". Bu əsl monopoliyadır.
Çay da gəldi. Mən armudu stəkana çay süzə-süzə soruşdum:
-De görüm, Azərbaycana niyə sürgün olunmusan, yoxsa mənimlə məzələnirsən?
O yenə ah çəkib dilləndi:
-Nə məzələnmək canım, aeroportdan keçəndə mənə dedilər ki, sənə "Stop" qoyublar. Bundan sonra ölkədən çıxa bilməzsən.
-Nədir, vergi borcun var?
-Yox, əşşi, nə borc? - Əlindəki çay qaşığı ilə ağ gilası kiçik nəlbəkiyə yığıb qarşıma qoydu. - Vergi sarıdan yaxşıyam, çünki adım heç harda getmir...
Bu dəfə daha dözmədim.
-Sən Allah, ürəyimizi üzmə, söylə nə olub? 
Tanışım çaydan bir qurtum içib stəkanı yerə qoymadan dilləndi:
-Fransada bərkgedən bir azərbaycanlı biznesmen var. Çaxır alveri ilə məşğuldur. Bir gün mənə zəng etdi ki, hardasan? Dedim Parisdə. Dur, gəl, bura dedi.
Getdim, görüşdük. Hal-əhval tutdum. Dedi işlər yaxşı getmir. Çaxırımızın brendi aşağı düşüb. Sən, - düzəliş etdi, yəni mən, - "ideya generatoru"san. De görək, nə etmək lazımdır ki, buradan milyonlar qazanaq, sənə də yaxşı olsun, mənə də.
Bu dəfə dözə bilmədim:
-Maraqlıdır, sən nə təklif etdin? -Ağ gilasdan çay qaşığı ilə birini götürüb ağzıma qoyaraq soruşdum.
O əlindəki stəkanı nəlbəkiyə qoyaraq söhbətə davam etdi:
-Elə hər şey də bundan sonra başladı. Səhərisi gün onunla ofisdə görüşdüm. İdeya ağlasığmaz idi, amma həyata keçirtmək mümkün idi. Dedim ki, gəl Bakıdan gətirilən çaxırları on səkkizinci əsrin məhsulu kimi sataq. Gördüm kişinin gözləri böyüdü. Soruşdu ki, bu necə olacaq, hanı bizdə o əsrin çaxırı? Cavab verdim ki, Xəzər dənizində.
Məni fikir götürdü ki, "ideya generatoru" olan tanışım bu ideyanın altından necə çıxacaq? Dərhal məzə ilə soruşdum:
-Hə də, dənizdən kürümüzü Avropaya daşıyırdıq, bundan sonra da çaxırımızı daşı... 
O sözümü kəsdi: 
-Qulaq as, - dedi. Avropalılar belə şeylərdə safdılar, tez inanırlar. Xülasə, biznesmen dostuma dedim ki, dənizin dibində köhnə bir gəmi taparıq, dalğıclar onun videosunu çəkərlər, sonra montaj edib yüzə yaxın yüz litrlik küpləri guya dənizin altından çıxardıb gəmidə sıraya düzərik. Mən də gəlirəm, elə gəmidəcə bu küplərdən birini açıram, içindəki çaxırdan bir litrlik parçla götürüb dequstator kimi içirəm.
Yenə dözəmmədim:
-Bəs küplərin təzəliyi, yəni indi düzəldildiyi bilinməyəcək?
Əlini havada yellədi:
-Mirzə, nə qoyub, nə axtarırsan? Küplərə elə yön verirsən ki, elə bil iki min il bundan qabaq düzəldiblər. Ermənilər öz daşlarını, xaçkarlarını belə düzəldirlər. Nə isə, o biznesmen dostumu inandırdım ki, bu mümkündür. Onun bir elit restoranı var. Ora ancaq varlı insanlar gəlirlər. Dedim ki, restoranın zalından böyük bir monitor asırıq, çəkdiyimiz videonu da orada hər iki saatdan bir nümayiş etdiririk və Bakıdan gətirdiyimiz çaxırların da yeddi yüz qramını on min avroya satırıq. Razılaşdı. Bir az da piarını apardıq. Hesabımada köçürdü ki, get işə başla.      
Bundan sonra, bah, gəl görəsən. Qaz vurub qazan doldururduq. Hətta İspaniyadan gəlib bu çaxırın dadına baxmaq istəyənlər oldu.
Soruşdum:
-Yaxşı, bəs elə isə Azərbaycana niyə sürgün olundun?
Tanışım iki əlini də dizinə çırpıb ağlamsınmış kimi dilləndi: 
- Evim elə o gün yıxıldı da. Madriddə dövlətlərarası bir forum keçirilirdi. Bu biznesmen dostum da forumun təşkilatçıları ilə danışıb ki, bir şam yeməyini onun restoranında keçirsələr, çaxırın qiymətini beş minə salacaq. Onların arasında nə alış-veriş olub bilmirəm, amma razılaşıblar. Bizdən də - baş barmağını yuxarı qaldırdı - orada bərk gedən məmur vardı. O da gəlir. Görür ki, bizdə dənizdən tapılan çaxırın monitorda tappatap reklamı gedir. Tez Bakıya ora-bura zəng edib soruşur ki, dənizdə belə bir tapıntı olubmu? Hamısı eyni cavabı verir ki, xeyr, belə bir şey olmayıb. O da biznesmen dostumu cağırır, onu xeyli danlayır, axırda da soruşur ki, ideyanın müəllifi kimdir. O da, gözünə döndüyüm, barmağını mənə tuşlayır. Evim də onda yıxılır. Qısası, o məmur göstəriş verir ki, Azərbaycanın adına ləkə gətirməyin, yığışdırın bunları. Məni də Azərbaycandan çıxmamaq şərtilə Bakıya göndərir.
-Bəs dostunun restoranı necə oldu? Axı, imicinə zərər dəydi. - Öz siqaretimdən birini yandırdım. 
Bu dəfə sağ əlini havada yellədi:
-Nə qoyub, nə axtarırsan, a Mirzə? Restoran da durur, imic də öz yerində, amma gəlirlər azalıb. İndi həmin çaxırın guya müasirini altı yüz avroya satırıq. Deyirik ki, dənizdən tapılan çaxır qurtardı. Ancaq həmin texnologiya ilə eynisini hazırlayırıq. Razı da qalırlar.
Siqaretin tüstüsünü içimə alıb, sonra çölə buraxdım.
-Yaxşı, bütün bunları mənə niyə danışdın? 
O əyilib pıçıltı ilə dedi:
-Mirzə, kömək elə o "Stop"u aradan qaldıraq. Avropada işim-gücüm tökülüb qalıb. Burdakılara belə ideyaları həzm etdirə bilməzsən.
Siqaretin kötüyünü külqabıda söndürüb cavab verdim:
-Belə həlləm-qəlləm işlər mənlik deyil. Sən bunu həll etmək üçün başqa adam axtar. Gördüm, tanışımın üzü çöndü. Masanın üstündəki bir blok siqareti götürüb ayağa durdu.
-Hə yaxşı! Vacib bir görüşüm də var, - əlilə çay dəstgahını göstərdi, - bunun da pulunu verərsən. Di, sağ ol!
25.02.24
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ