Vəliyulla sən kimsəsiz deyilsən
Tarix: 27-12-2023, 22:05
Baxılıb: 2 047
Google+ Paylaş
Tumblr Paylaş

Vəliyulla sən kimsəsiz deyilsən

27-12-2023, 22:05

Xalqımızın sevimli şairi, sağlığında klassik adını qazanmış, Xalq şairi, mənim ustadım  Nəriman Həsənzadə mənə çox maraqlı bir maraqlı hadisə danışdı...
Bu maraqlı hadisə onun dərs deidyi və kafedra müdiri olduğu Azərbaycan Dövlət Milli  Aviasiya Akademiyasının  tələbələri arasında baş vermişdi. Yəni bu maraqlı hadisə orada təhsil alan tələbələrin fədakarlığı haqqında idi.
Nəriman müəllim belə dedi:
-Bizim kafedradan və mənim dərs dediyim doqquz nəfər tələbələr dərsə gəlməyib, gedib  şəhid olan bir kimsəsiz igid əsgərimizin dəfnində iştirak ediblər...
Bu maraqlı hadisə mənə xoş təsir bağışladı və belə qərara gəldim ki, bu müqəddəs, xeyirxah  hadisəni çoxminli oxuculara da çatdırım. Və beləliklə, mən Nəriman müəllimlə Milli Aviasiya Akademiyasına getdim. İlk öncə dekan, hüquq  eləmləri doktoru, professor  Ayxan Rüstəmzadə ilə görüşdük. Çox böyük ziyalı olan Ayxan müəllimlə  söhbətimiz maraqlı oldu. Və mən fəxr elədim ki, belə yüksək təfəkkürlü, böyük təşkilatçı, əsl vətənpərvər insan, cavan olmasına baxmayaraq, özünün ağlı, savadı ilə müdrik insan təsiri bağışlayan dəyərli ziyalı ilə tanış oldum. Və ona da inandım ki, belə bir savadlı, təşkilatçı insan Milli Aviasiya Akademiyasında çox böyük işlər görəcək. Bu akademiyada yüksək savadlı, dərin bilikli, təfəkkürlü  tələbələrin yetişməsində çox işlər görəcək.
Sonra biz Nəriman müəllim və Ayxan müəllimlə  sinif otağına getdik.
İlk öncə Ayxan müəllim  danışdı və belə dedi:
-Milli Aviasiya Akademiyasının yaradıcısı, dünya şöhrətli akademik Arif Paşayev burada təhsil alan tələbələrə aşılayır ki, “ ali məktəbdə təhsil alan bütün tələbələr bizim övladlarımızdır. Buranı bitirəndən sonra da ailələri üçün məzun olacaqlar”. Arif müəllim ilk dərs günündə tələbələrə tövsiyyə edir ki, ali məktəbin həyətinə girəndə birinci orada olan xadimlərə salam verin, sonra müəllimlərə. Sonra da burada əkilən hər bir gülləri, ağacları qoruyun. Bu da  o deməkdir ki, hörmətli akademikimiz bütün insanları və təbiəti çox sevir. Onun sevgisidir ki, bizim tələbələr hər bir xeyirxah işin yanında olurlar. Tələbələrimiz igid  şəhid Vəliyullanın  dəfn mərasiminə gedəndə mənim xəbərim vardı. Onlarda həmin dəfnə getməklə milli qürürlarını, ölkəmizə, xalqımıza, millətimizə olan bağlılıqlarını göstərdilər. Azərbaycan xalqı şərəfli və qürurlu xalqdır. Torpaqlarımızın işğalından 28-30 il keçməsinə baxmayaraq, biz sübut elədik ki, öz torpaqlarımızı, öz qeyrətimizi, namusumuzu unutmamışıq. Bizi ləkləməyə çalışanların, bizim üzərimizdə öz oyunlarını quranların bu məkirli siyasətinə icazə vermədik. Bu xarici ölkələrdə daha çox hiss olunurdu. Mən doktorluq işimi  müdafiə eləmək üçün xarici ölklərə mütəmadi gedib-gəlirdim. Qarabağ adı gələndə başımızı aşağı əyirdik. Amma milliyəti olmayan həmin  insan toplusu başlarını dik tuturdular. İndi artıq hər şey dəyişdi. İndi biz başımızı dik tuturuq, onlar başlarını gizlətməyə yer axtarırlar. Allah qismət eləsin və bizim tələbələr də bundan sonra  xaricə gedəndə görəcəklər ki, indi onlar başlarını aşağı dikirlər. Qarabağ bizim ulularaımızın, babalarımızın, atalarımızın yurdu olub və biz də Ali Baş Komandanımız başda olmaqla igid əskərlərimizin  sayəsində  Qarabağı geri qaytarmaqla millətə olan borcumuzu da  geri qaytardıq. İstiqlalımızı, qürurumuzu bərpa elədik.
Yadımıza  salaq. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə atəşkəs elan elədi. Bu atəşkəsi məhz ona görə elədi ki, biz özümüzə güc-qüvvət toplayaq. Bundan sonra Bakı-Tibilisi-Ceyhan neft kəməri qurğusu inşa olundu ki, Azərbaycan iqtisadi cəhətdən güclənsin. 2000-ci ilə qədər bütün qanunlarımız dəyişildi. Azərbaycan beynəlxalq təşkilatlara, Avropa Şurasına üzv olundu. Cənab İlham Əliyev hakimiyyətə gələndə onun üzərinə düşən yük daha çox və ağır oldu. Çünki həmin vaxtı Azərbaycanın inkişaf dövrü başlamışdı. Onu əvvəlki  gücündə saxlayıb, dövləti qüdrətləndirmək lazım idi. Həqiqətən də cənab Prezident arxasında xalqı gördü, onlara güvənib dövləti qüdrətləndirdi. Xalqın gücü ilə öz torpaqlarımızı, süverenliyimizi bərpa elədik.
Ona görə də mən tələbələrimizə təşəkkür eləyirəm ki, kimsəsiz olan şəhidimizin mərasimində, dəfnində iştirak elədilər. Ən azından onun uyuduğu torpağa əllərini vurmaqla onun yanında olmalarını, kimsəsiz olmadığını  sübut elədilər. Bir daha sübut elədilər ki, onun ən  əziz yaxını bizim tələbələrdir. Azərbaycan millətidir. Müharibə dövründə hər bir evə şəhid gələndə hamımız ağlayırdıq. Çünki gedən millətdən gedirdi. Bilirik ki, torpağa qan qarışmasa müstəqillikdən söhbət gedə bilməz.  Bizim itirdiyimiz şəhidlər yalnız  başımızın ucalığı və torpaqlarımızın azad olmasının zirvəsidirlər. Ona görə də tələbələrimizə milli ruhlarının güclü olması üçün təşəkkür eləyirəm. Hörmətli rektorumuz, akademik, cənab Arif Mir Cəlal oğlu Paşayev  sağ olsun ki, hər birimizi bu müqəddəs işə cəlb eləyib və hamımız milli ruhdayıq. Ümidvaram ki, tələbələrimizin  də  gələcək həyatlarında həm milli qürurlarını, həm akademiyanın onlara verdiyi biliklə yüksək səviyyədə  formalaşmaları üçün də böyük kömək olacaq. Nəriman müəllim də çox sağ olsun ki, bu təbliğatda  öndə gedənlərdən biri də məhz  odur. Ağalar müəllim  siz də sağ olun ki, bu müqəddəs işi təbliğ eləyib, bu haqda yazı yazacaqsınız. Biz şəhid verəndə kədərlənirdik. Amma qəlbimizdə fikirləşirdik ki, o şəhidlərin qanı yerdə qalmayacaq. Otuz il idi ki, şəhidlərimizin gözü yolda idi ki, biz həmin torpaqlara qayıdaq. Qayıtdıq. Həmin erməni toplumuna da  insan kimi torpaqlarımızdan çıxmağa icazə verdik. Bu onların şərəfsizliyi, bu da bizim kişiliyimiz. Biz qəlbən bilirik ki, onlar insan deyil. Mən əslən  Qarabağlıyam. Bizimkilər Qarabağdan çıxanda evlərinin  qapılarının açarlarını götürmüşdülər və fikirləşirdilər ki, tezliklə qayıdacalar. Amma onlar torpaqlarımızdan çıxanda üzr istəyirəm unitazı götürüb aparırdılar. Bu, bizim milli kimliyimiz, bu da onların toplum olmasına bir sübut. Biz qürurlu, namuslu, qeyrətli xalqıq. Biz birləşəndə qarşımızda heç kim dayana bilməz. Bunu 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabar ayının 19-20 tarixlərində apardığımız lokal xarakterli döyüşlərdə sübut elədik.
-Nəriman müəllim siz mənə telefonda demişdiniz ki, doqquz  tələbəniz gedib, əslən Dərbənddən olan kimsəsiz şəhidin dəfnində iştirak eləyiblər. Xahiş edirəm bu hadisəni bir qədər geniş açıqlayasınız.
- Həmin kimsəsiz şəhid  baş leytenant  Vəliyulla Elman oğlu Əliyev idi. Bizim tələbələr 2023-cü ilin 20 sentyabrdında eşidiblər ki, şəhid gəlir qarşılayanı yoxdur. Adı da Vəliyulladır. Onlar akademiyada heç kimə heç nə demədən çıxıblar və gedib qardaş əvəzi onu qarşılayıblar. Dəfnində iştirak ediblər. Mən, bunu eşidəndə bir azərbaycanlı kimi, müəllim kimi tələbələrimlə fəxr elədim. Öz-özümə dedim ki, bunlarla qardaşlıq, yoldaşlıq, dostluq eləmək olar. Ona görə də belə qərara gəldim ki, sizə zəng eləyim və bu xəbəri deyim. Elə həmin gecə onlarla bağlı “ And içənlər” adlı bir şeir yazdım. İstəyirəm o şeiri sizə verim və siz də çap eləyəsiniz.
Şeiri götürüb oxudum və bu elegiyaya əlavə elədim.

...AND  İÇƏNLƏR

Cənab Prezident İlham Əliyev Xankəndindəki
tarixi çıxışında yetişən yeni ruhlu gənclərdən də danışdı.
Müəllif

Sinifdə əyləşibdi
dediyiniz o gənclər.
Vətənin taleyini,
öz taleyi bilənlər.
Bir şəhid tabutuna
çiyin verib gələnlər.
O, atasız, anasız,
bunlar – qardaş  əvəzi,
Taleyin son töhfəsi!
Milli Akademiyam,
Dünyada yeni Dünyam!
Mənim tələbələrim!
Yeni bir şah əsərim!
Yeni açılan səhər!
İçində and içənlər!
Milyondan
Doqquz nəfər:
Barış,
Murad və
Ayxan;
Fərid,
Nicat və
Arkan;
Amil,
Tale və
Elmar!
Fədakar,
Təvazökar...

Mən istəyirəm ki, on bir milyon əhalimizin hamısı belə olsun, -deyə Nəriman müəllim söhbətinə davam elədi. Bu yazı çap olunandan sonra inanıram  ki, yaxşı mənada rezonans  yaradacaq. Azərbaycan xalqı onlarla fəxr eləyəcək. Mən bunların hər birinə öz balam kimi baxıram. Və inanıram ki, bundan sonra hamı belə də olacaq. İstərdim ki, iqtisad fakültəsinin bu doqquz nəfər tələbələrilə özünüz də söhbət eləyəsiniz. Söhbət əsnaslnda siz də bunu görəcəksiniz.
Bizim dekan Ayxan müəllim də mənim tələbəm olub. O, hüquq elmləri doktoru üzrə müdafiə eləmişdi. İndi də professor oldu. Mən, onunla da fəxr eləyirəm. Ona da inanıram ki, Azərbaycanı gələcəkdə belə savadlı, igidlər idarə eləyəcək. Azərbaycan tezliklə dünyanın ən aparıcı ölkələrindən biri olacaq.
Sonra arada bir sükut yarandı. Mən şəhid Vəlyəddinin dəfnində iştirak eləyən gənclərə baxdım. Hər biri yaraşıqlı, gözəl gənclər idi. Onların gözlərində mən şəhid Vəliyullanın  dəfn mərasimini gördüm. Onlardan biri bu sükutu pozdu və dedi:
-Axı biz nə fövqəladə iş görmüşük?  Öz borcumuzu yerinə yetirmişik.
-Ağalar müəllim. Bu danışan oğlanın adı Barışdır. Sinif nümayəndəsidi,-deyə Nəriman müəllim dedi. Ona sizin telefon nömrənizi vermişdim ki, sizinlə danışsın və bu haqda məlumat versin. Amma sizinlə danışmayıb. Soruşdum niyə danışmayıbsan, dedi ki, “Nəriman müəllim, axı biz nə fövqəladə iş görmüşük? Bir qardaş kimi borcumuzu yerinə yetirmişik”. Bax, bu uşaqlar belə təvazökardırlar.
Onların gördüyü vətənpərvərlik haqqında mən də bir neçə söz dedim və axırda razılaşdılar ki, müsahibə versinlər.  Onlara üç sualla müraciət elədim.
Birinci sualım Milli Aviasiya Akademiyası haqqında oldu. İkinci sualım şəhid olan Vəliyulla Əliyevlə bağlı oldu. Üçüncü sual isə belə oldu. Necə oldu ki, siz Vəliyullanın şəhid olduğunu bildiniz və onun dəfnində iştirak etməyə getdiniz?
Nisat  Azad oğlu Qəhərəmanovun dediklərindən:
-Mən İqtisadiyyat və hüquq fakültəsinin iqtisadiyyat şöbəsində iqtisadiyyat üzrə təhsil alıram. Mən və qrup yoldaşlarım bu ali məktəbə  2021-ci ildə daxil olmuşuq.
Çox sevinirik ki,  Milli Aviasiya Akademiyasında oxuyuruq və burada çox bilikli müəllimlərdən dərs alırıq. Şəhidimiz Vəliyulla  Azərbaycanın qədim torpağı olan Dərbənddə anadan olmuşdu. Sonra Azərbaycanda Hərbi məktəbdə təhsil almışdı. Zabir idi. Rusiyaya qayıtmalı idi. Təbii ki, bunu istəmirdi. Həmişə də deyirmiş ki, “mən başqa millətin bayrağı altında vuruşmaq istəmirəm. Özümüzün üçrəngli bayrağımız altında vuruşacam. Çünki mən azərbaycanlıyam”. Ona görə də 44 günlük Vətən müharibəsində iştirak etmişdi. Həmin döyüşlərdə böyük şücaət göstərmişdi. Hətta yaralanmışdı, amma yenə də döyüşlərə qatılmışdı. 2023-cü ilin sentyabr ayının 19-20-si tarixlərindəki lokal xarakterli müharibəyə də qatılmışdı. Həmin döyüşlərdə də böyük  şücaətlə vuruşmuşdu və şəhidlik zirvəsinə ucalmışdı. Deməli,  Vəliyulla Vətən ruhlu, vətənpərvər bir şəxsiyyət olub.
-Bəs siz onun şəhid olduğunu haradan bildiniz?
- Vəliyulla şəhid olandan bir neçə saat sonra, gecə mən internetdə onun şəhid olduğu  xəbərini oxudum. Belə yazılmışdı: “Sonuncu əməliyyatda şəhid olan qardaşlarımızdan biri də baş leytenant Əliyev Vəliyulla Elman oğludur  və əslən Dağıstan azərbaycanlısıdır. 44 günlük Vətən  müharibəsində igidliklə döyüşərək yaralanıb. Sağaldıqdan sonra isə yenidən ordu sıralarına qayıdıb. Şəhidimizin kimsəsi yoxdur, amma bizlər varıq. Şəhidimizi layiqli şəkildə dəfn etmək bizim borcumuzdur! Şəhidimizin nəşi bu gün 11:00-da mərasimlə İkinci Fəxri Xiyabanda dəfn olunacaq. Bütün dostlardan xahiş edirəm hamı dəfndə iştirak etsin”. Elə həmin dəqiqə bu xəbəri öz qrup yoldaşlarıma atdım. Bir neçə dəqiqədən sonra qrupumuzun bütün üzvləri mənə yazdılar ki, “Vəliyullanın qardaşı, ən yaxın adamı kimi biz  dəfnində iştirak eləyəcəyik”. Səhər saat on bir radələrində hamımız İkinci Fəxri Xiyabana getdik və onun dəfn mərasimində iştirak elədik. Təbii ki, bizdən başqa orada  çoxlu insanlar da Vəliyullanın dəfnində iştirak elədi. Bu dəfn də başqa şəhidlərin dəfni kimi çox izdihamlı keçdi.
Barış Sədi oğlu Həmzəzadənin dediklərindən:
-Mən qrupun sinif nümayəndəsiyəm. Nicat gecə saat iki radələrində qrupa bu xəbəri yazdı. Sonra ayrıca mənə də yazdı ki, belə bir acı xəbər var. Mən gecə gec olsa da hamıya bu haqda xəbər verdim. Hətta  Akademiyanın tələbə gənclər təşkilatının rəhbərinə də xəbəri verdim. Səhər tezdən hamımız İkinci Fəxri Xiyabana getdik. Əfsus ki, bir neçə tələbə yoldaşımız iştirak eləyə bilmədi. Bəlkə də onlara xəbəri çatdıra bilməmişdik. Ya da onlar bu xəbəri gec oxumuşdular. Ona görə də gəlib çata bilməmişdilər.
-Sizin tələbə yoldaşlarınızdan kimlər həmin dəfndə iştirak elədilər?
-Amil  Rahim oğlu Hüseynov. Elmar Rafiq oğlu Əliyev. Ayxan Rafiq oğlu Məmmədzadə. Taleh Pənah oğlu Xasıyev. Arkan Babaş oğlu Əkbərov. Nicat  Azad oğlu Qəhərəmanov. Murad Nazim oğlu Rüstəmli. Fərid Aydın oğlu Ruzmanov. Və mən- Barış Sədi oğlu Həmzəzadə. Biz həm ağlayırdıq və həm də sevinirdik, qürur duyurduq ki, baş leytenant  Vəliyulla Vətənin azadlığı uğrunda şəhid olub. Onun yerində biz də olsaydıq, Vətəni qorumaq üçün belə addım atardıq.
Arkan Babaş oğlu Əkbərovun dediklərindən:
-Şəhid Vəliyullanın dəfninə getməyimizin əsas səbəbkarı qrup yoldaşımız Nicat oldu. Əgər o, bizə xəbər verməsəydi, bizim heç birimiz bunu bilməyəcəydik. Buna görə hamımız Nicata təşəkkürümüzü bildirdik. Akademiya rəhbərliyinin çoxunun bundan xəbəri olmadan biz, dərslərdə iştirak eləməyib, həmin dəfnə getdik. Bunu özümüzə borc bildik. Öz vətənpərvərliyimizi, milli ruhumuzu, Vətənə  nə qədər layiqli bir övlad olduğumuzu göstərmək üçün və Vətənin  qulluğunda  durmaq üçün həmin dəfndə iştirak elədik. Bu müqəddəs işdən də hamımız qürur duyduq və bu hadisə həmişə yaddaşımızda qalacaq. Həmin dəfnə toplaşan insanların “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı İkinci Fəxri Xiyabanda böyük əks-səda verirdi və hamımız elə həmin dəqiqə silaha sarılaraq, Vətəni qorumağa getməyə hazır idik.
Ülkər Məqsəd qızı Hüseynovanın dediklərindən:
-Mən də çox istəyirdim ki, iştirak eləyim. Amma yol məsafəsinə görə və həmin hadisədən yalnız səhər xəbər tutduğuma görə iştirak eləyə bilmədim. Lakin  çox istəyirdim ki, iştirak eləyim.
Ellada Teymur qızı Ağakişiyevanın dediklərindən:
-Mən də yol məsafəsinə görə dəfndə iştirak eləyə bilmədim. Amma qrup yoldaşlarımıza mənəvi dəstək olmaq üçün biz onlara motivasiya verdik. Biz fəxr eləyirik ki, bizim belə igid, yüksək Vətən sevgisi olan  qrup yoldaşlarımız var.
Amil  Rahim oğlu Hüseynovun dediklərindən:
-Şəhid Vəliyulla həqiqətən də çox vətənpərvər oğlan olub. Nicat bu xəbəri bizimlə paylaşanda, orada Vəliyullanın adı yazılmamışdı və yazılmışdı ki, bu şəhid kimsəsizdir. Biz hamımız elə gecə söz verdik ki, səhər tezdən İkinci Fəxri Xiyabanda olacağıq və sübut eləyəcəyik ki, Vəliyulla kimsəsiz deyil. Ümumiyyətlə, heç bir şəhidimiz kimsəsiz deyil və şəhidlər heç vaxt ölmür. Həmişə xalqın yaddaşında uca zirvədə qalır. Birinci Qarabağ müharibəsini biz böyüklərimizdən eşitmişdik. Əlbəttə, buna görə hamımızda ermənilərə qarşı nifrət vardı. Çünki onlar bir milyondan çox həmvətənərimizi doğma torpaqlarımızdan didərgin salmışdılar. İyirmi mindən çox şəhidimiz olmuşdu. Qırx mindən çox qazimiz  bu müharibənin acısını dadmışdılar. İkinci Qarabağ müharibəsində mənim həmyaşıdlarım düşmənlərdən bunun hayıfını lazım olan kimi aldılar. Biz əsl döyüşün, vətənpərvərliyin nə olduğunu gördük. Bunu qanımızda hiss elədik. Bütövlükdə millət bir yumruq kimi  Ali Baş Komandanımızın ətrafında sıx birləşdi. 44 günə dünyada analoqu olmayan bir qələbə qazandıq. Dünyanın bütün aparıcı ölklərinin başçılarını mat qoyduq. İndi biz qalib xalqıq. Bundan hamımız qürurluyuq. Deməli, bundan sonra fəxr eləyə bilərik ki, biz Babəklərin, Koroğluların, Şah İsmayılların, Nadir Şahların, qaçaq Nəbilərin nəslindənik. Və onların layiqli davamçılarıyıq.
Bəli, biz bir xalq olaraq, heç vaxt şəhidlərimizi unutmayacayıq. Onlar əbədi bizim yaddaşımızda qalacaq. Onların şəninə şeirlər, mahnılar, bədii əsərlər yazılacaq. Tamaşalar, kinofilmlər, rəsm əsərləri, heykəllər ərsəyə gələcək.
Qoy sevimli şairimiz  Bəxtiyar Vahabzadənin  “Şəhidlər”  şeiri  baş leynenant Vəliyulla başda olmaqla bütün şəhidlərimizə bir əbədi heykəl olsun.

Bu vətən, bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.
Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa, borana, qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.
Arzusu göylərə, yerə sığmayan
Araza sığmayan, Kürə sığmayan
Nağıla, dastana, şeirə sığmayan
ən ali, müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı, qardaş.
Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı, qardaş,
Torpaq götürməsin bu qanı,  qardaş.
Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm” kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
Bəlkə ana, bacı kitiyə, dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki, geriyə dönə
Vətən çətin dönüb usanır, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.

Torpaqlarımız şəhidlərin qanı ilə sulandı. Azad olundu və bütöv Vətən adlı uca, əzəmətli bir əbədi heykələ döndü. Elə müqəddəs, əbədi heykələ ki, hamımız o heykəllə qürur duyuruq və həmin  yerləri müqəddəs ziyarətgah bilirik. Həmin yerlər artıq bizim Məkkəmiz, Mədinəmiz, Kərbəlamız olub. Elə həmin yerlər ki, oranı ziyarət edirik.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi








скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ