Prezident İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AvroMedia.Az xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.
Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.
Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.
Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini dedi.
Rixard Raşi Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirdi.Dəfələrlə ölkəmizə səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu dedi. O bildirdi ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.
Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını dedi.
Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi.
Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı.
Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu.

“Bir tacir qızının xatirəsinə” – Gülüstan türbəsinin unudulmuş hekayəsi
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi.
Bu universitetdə təhsil haqqı 2000 manat
Minifutbol üzrə ikiqat Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıtdı
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
"Doğuş evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm"
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
Mehriban Əliyeva Azərbaycan millisini təbrik etdi