Mənəviyyatlı yeni nəsil yetişdirməyin YOLLARI
Tarix: 7-03-2024, 15:35
Baxılıb: 2 949
Google+ Paylaş
Tumblr Paylaş

Mənəviyyatlı yeni nəsil yetişdirməyin YOLLARI

7-03-2024, 15:35

Mənəviyyatlı yeni nəslin yetişməsi ilə bağlı təhsil sahəsindəki vacib işlər
         Bəzi insanlar təhsil dedikdə, yeni nəslə hansısa fənlərin yüksək səviyyədə tədris edilməsindən, öyrədilməsindən söhbət açırlar. Hansısa bir fənni daha dərindən öyrədən müəllimlər bir qayda olaraq nümunə olaraq göstərilir. Tez-tez hansısa bir ölkənin təhsil modelləri haqda danışılır. Bunların hamısı çox yaxşıdır, düzdür. Amma birtərəfli yanaşmadır. Hər bir təhsili o vaxt mükəmməl, ölkə üçün faydalı, zəruri hesab etmək olar ki, yuxarıda deyilənlərin hamısını nəzərə almaqla, ilk növbədə mənəviyyatlı yeni nəslin yetişməsinə kömək etsin. Müstəqil, qüdrətli dövlət quruculuğumuz üçün bu olduqca mühümdür. Məhz elə buna görə də xalqımızın çox böyük ümidlərlə  bu ilin fevral ayının 7-də yenidən prezident seçdiyi sevimli ölkə başçımız, qəhrəman Ali baş komandanımız İlham Əliyev fevral ayının 14 də,  andiçmə mərasimindəki çox möhtəşəm, proqram xarakterli nitqində mənəviyyatlı yeni nəslin yetişməsini ən zəruri inkişaf istiqamətlərimizdən biri kimi irəli sürmüşdür. Prezidentimiz həmin nitqində müdrikliklə ölkəmizin, dövlətimizin qüdrətlənməsi üçün vacib olan bir sıra başqa hədəflərimiz haqda da  konkret vəzifələr müəyyənləşdirmişdir. Aydındır ki, Prezidentimizin bu çağrışlarının da düzgün dərk edilməsi və həyata keçirilməsində mənəviyyatlı insanlarımız, mənəviyyatlı gənclərimiz daha fəal rol oynayacaqdır. 
Beləliklə, indiki vaxtda xalqımızın gələcək taleyində mühüm rol oynayacaq mənəviyyatlı gəncliyin yetişməsi məsələsi günümüzün ən aktual vəzifələrindən biri kimi qarşıya qoyulmuşdur. Bu vəzifənin uğurla yerinə yetirilməsi üçün təhsil müəssisələri də çox ciddi, ən müasir metodlardan istifadə etməklə olduqca mühüm rol oynamalıdırlar. Mənəviyyata müsbət təsir edən metodlardan, texnologiyalardan istifadə edilməlidir.Təhsil sahəsində çalışan bir müəllimlər kimi aşağıdakı işlərin də yerinə yetirilməsini məqsədəuyğun hesab edirik: 
  1. İlk növbədə hər bir təhsil müəssisəsində olduqca humanist, tələbkar, ahəngdar bir təhsil mühiti yaradılmalıdır. Şagirdlər, tələbələr təhsil müəssisəsində sağlam, qayğıkeş, tələbkar bir mühtin mövcudluğunu hər an hiss etməlidirlər. Məktəbin dəhlizi, divarları təhsil alanlarda mənəvi dəyərlər aşılayan cəlbedici, yorucu olmayan nümayiş materialları ilə  zəngin olmalıdır. Müəllimlərin davranışları həm etik, həm də pedaqoji cəhətdən nümunəvi olmalıdır. İnsanlar bir-birlərində xoş ovqat, ahəngdar münasibət yaratmağı,  bir-birləri ilə gərginlik yaratmamağı bu məktəbin tələblərindən biri hesab etməlidirlər. Həm müəllimlər, həm təhsil alanlar, həm də texniki işçilər hər zaman məktəbin nüfuzunu yüksəltmək sahəsində məsuliyyət daşıdıqlarını hiss etməlidirlər. Məktəbdə müəllim və təhsil alanlar arasında gərginliyə, neqativ münasibətlər yaradan  hər bir hala yol verilməməlidir və s. Belə bir mühitin yaradılması üçün dünyanın bu sahədə fərqlənən təhsil müəssilərinin təcrübəsi öyrənilməli, xüsusi tövsiyələr hazırlanmalıdır. Hər bir məktəbdə belə bir mühitin yaradılmasında fəqli metodlar tələb edilə bilər. Lazım gəldikdə, bunu ciddi şəkildə nəzərə almaq lazımdır. 
    Hər bir məktəbdə təhsil alan uşaqların, yeniyetmələrin, gənclərin kəşf oluna bilməsi, onun hansı bir sahədə daha çox qabiliyyətinin olmasını üzə çıxarmağa kömək edə bilən bir mühit olmalıdır. Bu məsələyə orta məktəbin aşağı və orta  siniflərində daha çox diqqət verilməlidir. Yeniyetmələrə qarşı olduqca həssaslıq olmalıdır. Ola bilsin ki, hər hansı bir şagirdin riyaziyyat öyrənməyə qabiliyyəti, həvəsi olmadığı halda, çox mahir bir musiqiçi, idmançı, sənətkar və s. sahəyə çox böyük istedadı ola bilər. Həmin şagirdlərdə öz qabiliyyətlərinin inkişaf etdirilməsi üçün şərait yaratmağa böyük ehtiyac vardır. Bunun üçün məktəbdə müxtəlif maraq klubları, dərnəklər, cəmiyyətlər və s. yaradıla bilər. Qabiliyyəti daha çox üzə çıxan şagirdin özünə inam hissi, mənəvi dəyərlərə marağı da artır.
     Peşə məktəblərində, orta ali məktəblərdə, ali məktəblərdə də  bu işlər davam etdirilməlidir. Bəzi orta məktəblərdə bu sahədəki yarımçıq olaraq yerinə yetirilmişsə, bu məktəblərdə əlavə işlər görülməlidir. Bu təhsil müəssisələrində təhsil alanların yaşı, səviyyəsi bu sahədə görülən işlərin yeni bir xarakterdə həyata keçirilməsinə imkanlar yaradır. 
  1. Hər bir təhsil alan uşağın, yeniyetmənin, gəncin davranışının, mənəvi aləminin formalaşmasında onun aldığı informasiyaların məzmunu və intensivliyi mühüm rol oynayır. Ona görə də onların hansı tip informasiyaları hansı intensivliklə almaları məktəbin diqqət mərkəzində olmalıdır. Bunu adi söhbətlə, müxtəlif tip müzakirələrlə, sosioloji sorğularla öyrənmək olar. Bütün təhsil müəssisələri təhsil alanların geniş şəkildə mənəvi dəyərlər aşılayan informasiyalar almasına çalışmalıdır. Bunun üçün hər bir təhsil müəssisəsində  mənəvi dəyərlər aşılayan bədii ədəbiyyat olan zəngin kitabxanasıolmalıdır. Təhsil alanların bu kitabxana ilə sıx əlaqə saxlanmasını, bu kitabları oxumasını təmin edən tədbirlər görülməlidir. Təhsil alanların mənəvi dəyərlər aşılayan bədii kitablar oxumasını stimullaşdıran müxtəlif üsullardan istifadə edilməlidir. Onları həvəsləndirə biləcək mükafatlardan da istifadə edilməlidir. Çalışmaq lazımdır ki, təhsil alanlar öz milli kökləri haqda məlumat verən, mütərəqqi vətəndaşlıq duyğuları aşılayan tarixi-bədii əsərləri daha çox oxusunlar. 
    Hər bir təhsil müəssisəsində belə bədii əsərlərin öyrənilməsinə kömək edən viktorinalar, müzakirələr, tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər  keçirmək olduqca faydalıdır.
Təhsil alanlara mənəvi dəyərlər aşılayan başqa üsullardan da istifadə edilə bilər. Misal üçün, hansısa filmlərin, yaxud televiziya verilişlərinin müzakirəsi, müzakirələrdə fəal iştirak edənlərin mükafatlandırılması da bu sahədə  müsbət rol oynaya bilər. 
Müxtəlif fənlərin dərindən öyrədilməsi ilə yanaşı məktəblərimizin qarşısında duran ən mühüm vəzifələrdən biri də öz tarixi kökləri barədə əhatəli məlumatları olan, mənəvi dəyərlərə böyük üstünlük verən, öz nümunəvi davranışı ilə seçilən, vətəndaşlıq hissləri yüksək olan yeni nəslin yetişdirilməsi olmalıdır.
  1. Hər bir insanın davranışına, mənəvi dünyasına onun hansı dəyərlərə daha çox üstünlük verməsi mühüm təsir edir. Qeyd etdiyimiz kimi, milli-mənəvi dəyərlərimizin aşılanması təhsil müəssisələrinin diqqət mərkəzində olmalıdır. Bununla yanaşı, gənclərimizin həyatında olduqca mühüm rol oynayan ailə dəyərlərinin, dini dəyərlərin, multikultural dəyərlərin də lazımi şəkildə  aşılanması təhsilin ayrılmaz bir hissəsi olmalıdır. Bugünki gəncliyin ailə institutu barədə təsəvvürlərinin lazımi şəkildə formalaşdırılmasına böyük ehtiyac vardır. 50 il bundan əvvəl ailə quranların öz gələcək vəzifələri barədə daha aydın təsəvvürləri, konkret formalaşmış streotipləri vardı. Təəssüf ki, indi sosial şəbəkələrin, teleserialların, zərərli TV verilişlərinin təsiri altında olan gəncliyimizin ailə barədə təsəvvürləri, ailədəki borcları, vəzifələri barədə aydın təsəvvürü yoxdur. Bu isə onların mənəvi dünyasına mənfi təsir edir. Həm orta məktəblərdə, həm də ali məktəblərdə sağlam, ahəngdar ailənin qurulması, ailədə hər kəsin borcunun nə olduğunu öyrədən xüsusi işlər aparılmalıdır. Xüsusi fənlərin keçirilməsinə, müəllimlərin bu sahədə söhbətlərə hazırlaşdırılmasına və s. ehtiyac vardır. Ola bilsin ki, hər hansısa bir əlavə fənn də tədris edilməli və belə xarakterli məsələlər daha dərindən öyrədilməlidir.
       Yeni nəsildə dini dəyərlər barədə də aydın təsəvvür olmalıdır. Bu sahədəki boşluqlardan arzu olunmayan qüvvələr tez bir zamanda xalqımızın əleyhinə olaraq istifadə edə bilərlər. Təhsil sisteminin mühüm vəzifələrindən biri də sağlam, mütərəqqi dini dəyərlərin dərindən aşılanmasına kömək göstərən biliklərin öyrədilməsidir. 
          Bu fikirləri eyni zamanda multikultural dəyərlər barədə də demək lazımdır. Yeni nəslə hələ ibtidai siniflərdən başlayaraq ali məktəblərə qədər multikultural dəyərlər elə aşılanmalıdır ki, bu, onların milli-mənəvi dəyərlərinə xələl gətirməsin. Əksinə, həmin dəyərləri elə inkişaf etdirsin ki, yeni nəsil həm öz xalqı ölkəsinin tərəqqisi, həm də bütün yer üzünün tərəqqisi uğrunda böyük fədakarlıqlar göstərmək üçün ciddi fəaliyyət göstərən insanlar olsun.
dos.İsrayıl İsgəndərov, 
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin 
direktoru 
Mehranə Vəliqızı, 
ADPK-nın müəllimi 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ