18-19 iyun 1992-ci il - Sədərək
Tarix: 6-05-2024, 11:19
Baxılıb: 3 815
Google+ Paylaş
Tumblr Paylaş

18-19 iyun 1992-ci il - Sədərək

6-05-2024, 11:19

1992-ci ilin iyun ayı idi. Artıq üç ildir ki, davam edən müharibə bütün cəbhə boyu daha da güclənmişdi. Ölkəmizin ən çətin, ən mürəkkəb dövrləri idi.Bu çətinliklərə baxmayaraq Ulu Öndər Heydər Əliyev  Naxçıvanı blokadadan çıxardı. May ayının 28-də  Sədərək ərazisində Türkiyə ilə sərhəddə Araz çayı üzərində  tikilən  Ümid Körpüsünün möhtəşəm açılışı oldu. Türk Dünyasının birliyi üçün atılan ilk ən böyük addım oldu, 70-illik həsrət sona çatdı.
Ulu Öndərin dediyi kimi Bir Millət iki Dövlət arasındakı bu körpü sayəsində həsrətə son qoyuldu.
May ayının ortalarından başlayaraq bütün postlarda şiddətli döyüşlər başlamışdı. Düşmən Qaraağac kəndi ərazilərindəki  yüksəkliklərdən, Arazdəyən yaxınlığındakı Mil postundan Ucu Biz dağına, Cin Təndiri və Əjdəkan dağındakı döyüş  postlarına geniş tərkibli hücuma keçmişdi. Rusiyanın əli keçmiş sovet ordusunundan qalma bütün
silah-sursatlar, hər növ zirehli texnikalar hətta döyüş vertolyotları ilə təhciz olunan düşmən ordusu ilə üz-üzə, məhdud sayda kiçik çaplı silahlarla silahlanmış özünü  müdafiə dəstələri, polislər və yerli əhali Qeyrət Qalası Sədərəyin müdafiəsinə qalxmışdılar. Qoca, cavan, uşaq, böyük hər kəs döyüşdə iştirak etmək üçün növbəyə durmuşdu. Evlərdən kimin əlinə nə keçsə postlara daşıyırdı. Su, çörək, yeməli, içməli hər nə varsa toplayıb postlara gətirilib döyüşçülərə paylanırdı. Sədərəkdə ümumixalq səfərbəyliyi elan olunmuşdu. Ağsaqqallar təmkinlə cavanlara məsləhətlər verir, keçmişdə yaşadıqları o dəhşətli illəri xatırlayır necə xain bir düşmənlə üz üzə olduqlarını danışırdılar. Yaşlılar tez-tez deyərdi: ''Sədərəyi Allah qoruyur. Bu dağlar, daşlar Sədərəyə həmişə  səngər olub, sipər olub''. Naxçıvanın hər yerindən köməyə gələn dəstələri alqış və dualarla dağlara  döyüşə yola salırdılar. Düşmən əlində olan qədim torpaqlarımızda strateji yüksəkliklərdən top və raket mərmiləri yağdırır, rayonun müdafiə əzmini sındırmağa çalışırdı. Vaxtı ilə üzümçülük  sovxozlarında istifadə olunan dolu vuran toplarla topçu Eldar, düşmən mövqelərini darmadağın edirdi. Qızğın döyüşlərin getdiyi vaxtlarda rayon mərkəzinə haradansa bir iri çaplı pulemyot gətirmişdilər.
Sovet ordusunun hərbi dəniz donanmasında istifadə olunduğu deyilən bu silahın çəkisi bir tona yaxın idi. Lüləsinin uzunluğu 2 metrə yaxın olan bu silahı ağsaqqallar Əjdəkan dağındakı postların birinə qaldırmağı məsləhət gördülər. Çünki bu silahla Vedidən Kərki yolunu  oradan da Zəngəzura doğru gedən yolu mərkəzi yolu nəzarətdə saxlamaq mümkün olacaqdı amma, əsas məsələ heç bir maşın  yolu olmayan 1350 metr yüksəkliyə bu silahı necə qaldırmaq idi. Sübh tezdən bu silahı yük maşını ilə Əjdəkan dağı ətəklərinə gətirdilər. Dağ ətəyi yamaclarda yüzdən çox insan toplaşmışdı hər kəs səbirsizliklə gözləyirdi,  cavanlar təpələrin üstü ilə sağa-sola var-gəl edir, hərdən rayon mərkəzinə doğru uzanan yola baxırdılar. Səhər yenicə açılsa da gün qızmağa başlayırdı. Rayonun ağsaqqallarından Kərəm Qədimov, Musa Əliyev, Məhərrəm İsmayılov  Əhməd Məmmədov, Paşa Məmmədov, Abuzər Kərimov, Kərim İsmayilov və yüksək döyüş təşkilatçılığı ilə tanınan Əyyub Məmmədov bir yerə toplaşıb söhbət edirdilər. Onları olduqca çətin bir vəzifə gözləyirdi. Hər kəsi bir yerə toplamaq. Bir nəfər kimi bu ağır silahı Əjdəkan dağındakı posta çatdırmaq.
Yük maşını gurultu ilə onların toplaşdığı yerə gəldi. Hər kəs maşının ətrafında toplandı.Burada Sədərək rayonunun hər yerindən adamlar yığılmışdı hər biri bir kənd qədər böyük olan qədim məhəllələrdən dəstə dəstə bura toplanmışdılar. Cavanlardan bir neçəsi maşının yük yerinə qalxıb silahı qalın iplərlə səliqəli şəkildə bağladılar və ipləri yerdə dayananlara doğru atıb özləri də təkanla yerə doğru sürüşdürdülər. Artıq hər kəs necə çətin bir iş görəcəklərini anlamışdı. Bu  Sədərəkdə tarix yazılacaqdı. Uşaq, böyük hər kəs xüsusi bir həvəslə çalışırdı, cavanlar yaxınlıqdakı arteizanlardan su qablarını doldurub gətirir, əllərindən gələni edirdilər. Maşının kənarına toplanan cavanlar kənd müəllimi Allahverdi Yaqubovun təşkilatçılığı ilə kənddə yük maşınlarından ot daşıyarkən istifadə olunan qalın iplər hazırlayıb tez işə başladılar. Silahı çətinliklə yamaca qaldırdılar və bundan sonra addım-addım zirvəyə qalxmaq lazım idi. Könüllü batalyonda döyüşən Ramiz Bağırovun dediyi kimi ''Sədərəyin hər yerindən ya Allah sədaları gəlirdi''.Bir dəfə təkan verib bir addım irəli atıb dayanır, təkrar ya Allah deyib yenə güc verirdilər’’. Axşam saatlarında Əjdəkan dağındakı posta az qalmışdı dağdan gələn səsə kənd əhli də qoşulub dualar edirdi, çünki Sədərəyin tale yüklü məsələsi həll olunmaqda idi. Günəşin batmağına az qalmışdı ki, hər kəs ''ura! bacardıq'' deyə fərəhlə qışqırırdı. Düşmən sanki bu səs-küydən qorxub atəşi dayandırmışdı. Qulaq batıran sakitlik arasında dağlardan gələn sevinc səsləri hər kəsi coşdururdu.
''Qələbəyə az qaldı! Zəfər bizimdir!'' deyə hər kəs bir-birini təbrik edirdi. Kiçik yaşlı uşaqlar, gənclər bu silahın mərmilər dolu qutularını Əjdəkana qaldırırdılar. Polislər silahın yerini hazırlayıb aşağı məlumat verdilər. Birazdan silah artıq döyüşə hazır vəziyyətə gətirilməli idi. Bunu isə təkcə iki nəfər bacarırdı: peşəkar idman  müəllimi Yavərlə tanınmış idmançı Mübariz. Bu iki qəhrəman sədərəkli Əjdəkan dağındakı postdan düşmənin bütün mövqelərini bu silahla darmadağın edirdilər. Və beləcə Qeyrət Qalası  Sədərəyin müdafiəsi qəhrəmanlıqla davam edirdi.

Sənan QACARскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ