Türkiyə F-35 proqramına qaytarılacaqmı?
Tarix: 18-05-2021, 10:09
Baxılıb: 1 272
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə F-35 proqramına qaytarılacaqmı?

18-05-2021, 10:09

Ankara Vaşinqtondan məktub alıb. Bu da ən yeni nəsil qırıcılar olan “F-35”lə bağlı problemin həlli üçün iki ölkə arasında dialoqun başlanğıcı ola bilər”. Bu sözləri Türkiyə Müdafiə Sənayesinin rəhbəri İsmail Dəmir deyib. Türkiyə bu proqramdan Rusiyadan S-400 sistemləri aldığı üçün az öncə çıxarılmış və Ankaraya “F-35-lərin tədarükü dondurulmuşdu. “Biz artıq demişdik ki, heç bir ölkə birtərəfli qaydada “F-35” proqramından kənarlaşdırıla bilməz. Və
ABŞ-dan gələn son məktub bizim haqlı olduğumuzu təsdiqlədi. “F-35”-lə bağlı problemin həll yolunu tapmaq üçün ABŞ-la dialoq başlayacaq”, - deyə Dəmir qeyd edib. Maraqlıdır ki, məktub Baydenin “erməni soyqırımı” ifadəsi işlətməsindən az sonra gəlib.
Bununla belə, Türkiyənin qanunsuz olaraq çıxarıldığı F-35 proqramına qaytarılması o qədər də asan olmayacaq. Məlumdur ki, qardaş ölkə bu proqrama 26 yanvar 2007-ci ildə, digər 8 ölkə - ABŞ, İngiltərə, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada ve Norveçlə birlikdə imza atmışdı. Razılaşmaya görə Türkiyə təyyarənin 1005 hissəsini istehsal etməli və 100 ədəd F-35 almalı idi.
Lakin 2017-ci ilin dekabrında Moskva ilə Ankara 2,5 milyard dollar dəyərində(onun 55%-i Rusiya krediti hesabına ödənildi)S-400 raketləri ilə bağlı müqavilə imzaladılar və ondan sonra Türkiyəyə 4 diviziya raketlər verildi. Bu addımlar Türkiyə ilə ABŞ arasında dərin böhran yaratdı və bundan sonra ABŞ artıq sənədləşmiş 6 ədəd F-35-i verməkdən imtina etdi və həmin təyyarələr ABŞ Hava Qüvvələrinin istifadəsinə verildi. Eyni zamanda Türkiyənin istehsal etdiyi hissələrin başqa ölkəyə verildiyi elan edildi. Bununla sakitləşməyən ABŞ 2020-ci ilin dekabrında Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq etdi. Ardınca, 21 aprel 2021-ci il tarixdə ABŞ Müdafiə Nazirliyi (Pentagon), Türkiyənin F-35 proqramından çıxarılması barədə Ankaraya rəsmi məktub göndərdi.
Son aylar Dövlət Departamentinin rəsmiləri dəfələrlə S-400 raketləri ilə bağlı mövqelərinin dəyişmədiyini bəyan etdilər. Bütün bunlardan sonra ABŞ-la başlanacaq dialoqun Türkiyənin F-35 proqramına qaytarılması ilə nəticələnməsi ehtimalını yüksək saymıram. ABŞ Türkiyədən ciddi güzəştlər tələb edir və bu tələblərin yerinə yetirilməsi onun nüfuzuna ciddi zərbə vura bilər. Söhbət bundan sonra alınması planlaşdırılan raketlərdən imtina etməkdən və alınmış raketləri quraşdırmamağı nəzərdə tutan “Krit modeli”nin tətbiqindən gedir. Türkiyə dövlətinin rəhbərləri dəfələrlə bu tələblərin yerinə yetirilməsinin mümkünsüz olduğunu bəyan ediblər. Sonuncu dəfə, 6 may 2021-ci il tarixdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə qalxıbda birilərinin çəki-düzən verəcəyi bir ölkə deyil. Əksinə, dimdik ayaqda duran bir ölkədir” - dedi.
ABŞ-ı və onun müttəfiqlərini qıcıqlandıran da budur. Onların narazılığı təkcə S-400 raketləri ilə bağlı deyil. Bu münasibətlərdə yaranmış problemin səbəbi deyil, olsa-olsa daha çox əlverişli bəhanəsidir. Qərb dünyasını Türkiyənin apardığı müstəqil siyasət qane etmir. Onlara əvvəllər olduğu kimi hər addımını Vaşinqtonla razılaşdıran Türkiyə lazımdır. O Türkiyə isə xeyli vaxtdır tarixin arxivinə qovuşub, əvəzində nüfuzlu, “cəsarətli, dim-dik ayaqda duran bir ölkə” meydana çıxıb. Bu baxımdan, qarşıda hər iki dövləti ağır danışıqlar gözləyir. Onların bir-biri üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alsaq qarşılıqlı güzəştlər qaçılmazdır. Ancaq əsas güzəştləri ABŞ etməli və qonşu Yunanıstan kimi dövlətlərlə olan münasibətləri Türkiyəyə tətbiq etmək fikrindən qəti şəkildə vaz keçməlidir. Yalnız bu halda danışıqların müsbət nəticə ilə bitəcəyinə, Türkiyənin F-35 proqramına qayıtmasına ümid etmək olar.
Abutalıb SƏMƏDOV,
Azərbaycan Naminə Alyans Partiyasının sədri.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ