“Yenilərin” fəaliyyəti vətəndaşı dövlətdən narazı salır
Tarix: 15-04-2021, 14:03
Baxılıb: 5 884
Google+ Paylaş
Tumblr Paylaş

“Yenilərin” fəaliyyəti vətəndaşı dövlətdən narazı salır

15-04-2021, 14:03

Partiya sədri Nazirliyin fəaliyyətini tənqid etdi:
«Aparılan kadr dəyişikliyi özünü doğrultmadı»

«Dövlətin bir çox funksiyaları var. Onlardan biri vətəndaşlarının normal güzəranının təmin edilməsi üçün münasib şəraitin yaradılması (qanunçuluğa riayət edilməsinin, məşğulluğun təmin edilməsi, işsizlik səviyyəsinin aşağı salınması və s.), ehtiyacı olanların, xüsusilə də müxtəlif səbəblərdən (anadangəlmə şikəstlik, müxtəlif səbəblərdən əlillik) iş qabilyyətini ya tam, ya da qismən itirənlərin sosial problemlərinin həllində onlara yardım göstərilməsi, sosial müdafiələrinin təmin edilməsidir». Bunu «Azad Azərbaycan»a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, qeyd edilən sahələrdə dövlət siyasətinin həyata keçirilməsi üçün ölkəmizdə kifayət qədər qanunlar və normativ bazalar qəbul edilsə də, onların bir qismində, xüsusilə də, “Məşğulluq haqqında” “Pensiya haqqında” qanunlarda, dəyişikliklərə və onların yerinə yetirlməsinə nəzarətin qücləndirilməsinə ehtiyac var: «Təəsüf ki, vətəndaşların yaşayış səviyyəsinə əsaslı şəkildə təsir edən qanunların tələblərinin yerinə yetirilməsində ciddi problemlər var və bu vətəndaşlar arasında ciddi narahatlıq doğurmaqdadır. Əhalinin sosial müdafiəsi sahələrinə məsul olan məmurlar unudurlar ki, kim tərəfindən törədilməsindən asılı olmayaraq vətəndaş günahı dövlətdə görür. Vətəndaşların, xüsusilə də aztəminatlı əhalinin, şəhidlərin, qazilərin, əlillərin sosial müdafiəsinin gücləndirlməsi sahəsində hər il dövlət səviyyəsində müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq bu sahələrdə ciddi qüsurlar var və bunun əsas səbəblərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “fəaliyyəti” ilə bağlıdır».
Partiya sədri qeyd edib ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dövlət siyasətinin həyata keçirilməsinə məsul olan bu dövlət qurumunun “fəaliyyəti” əks istiqamətə köklənib: «Bu günlərdə nazir fəxrlə bəyan edir ki, əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib. Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib”. Sahil Babayev bu ilin əvvəlində görülən tədbirlər nəticəsində dövlət büdcəsinə 750 milyon manat qənaət edildiyini (?) açıqlamışdı. Belə getsə “qənaət edilən” vəsaitin həcmi 2021-ci ildə daha da artacaqdır».
T.Qənioğlu bildirib ki, heç kim korrupsiyanın və rüşvətin baş alıb getdiyi bu sahədə qeyri-qanuni əlillik dərəcəsinin və pensiyaların verildiyini və müvafiq yoxlamaların aparılmasının zəruriliyinin inkar etmir. Ancaq bunun üçün yoxlama prosesini normal təşkil etmək lazımdır: «Bu günlərdə gözdən əlil olanlara verilən əlillik dərəcəsinin yoxlanılması ilə bağlı KİV-də heyrətamiz bir yazıya rast gəldim. Məlumdur ki, əvvəllər əlilliyə dair tibbi rəyi yerli həkim-ekspert komissiyaları verirdisə, bu ildən hamını - “yuxarıların” göstərişi ilə- yoxlamadan keçmək üçün yalnız Bakıda yerləşən Milli Oftalmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyasına göndərirlər! Belə çıxır ki, bu Mərkəzdən başqa digər tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin hamısı rüşvətxordur? Axı indiki pandemiya şəraitində ölkənin müxtəlif rayonlarından Bakıya gəlmək o qədər də asan deyil. Bundan əlavə, hamının qeyd edilən Mərkəzdə yoxlamada keçməsi üçün aylarla vaxt lazımdır və bu müddət ərzində onların pensiyaları verilmir. Hətta, tutaq ki, biri əlilliyinin təsdiq edilməsi üçün 5 ay növbədə durub və yoxlama zamanı onun əlilliyi təsdiq olunub. Ancaq bu halda da onun ötən 5 ay ərzində kəsilən pensiyası qaytarılmır! Bu hansı qanuna və məntiqə sığır? Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr dəyişikliyi özünü doğrultmayıb və “yenilərin” fəaliyyəti vətəndaşı dövlətdən narazı salmağa istiqamətlənib».
Sonda partiya sədri bu “fəaliyyətin” qəsdən edilməsinin onda şübhə doğurmadığını da bildirib.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ