Yoluxmaların günbə-gün artması narahatlıq doğurur
Tarix: 19-08-2021, 08:41
Baxılıb: 1 196
Google+ Paylaş
Tumblr Paylaş

Yoluxmaların günbə-gün artması narahatlıq doğurur

19-08-2021, 08:41

Partiya sədri: «Koronavirusa yoluxma sayı ilə bağlı verilən gündəlik xəbərlər bəzən rəqəmlərin idarə olunduğunu düşünməyə rəvac verir»
Son günlər ölkəmizdə həm koronavirusa gündəlik yoluxmada, həm də yoluxanlar arasında ölüm hallarında artım müşahidə edilməkdədir. Bu isə Azərbaycanda koronavirusun 3-cü dalğasının mövcudluğu qənaətini ortaya çıxarır. Bəs koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə hansı tədbirlər lazımdır?
Bununla bağlı siyasi partiyaların da böyük rolu olduğunu nəzərə alaraq, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğluna müraciət etdik.
- Teyyub müəllim, son zamanlar koronavirusa yoluxma sayı artır. Sizcə səhvlər nədə oldu ki, rəqəmlər bu günkü reallıqda yenidən bu qədər yüksəkdir?
- COVD-19 pandemiyasına yoluxmaların sayının günbə-gün artması həqiqətən narahatlıq doğurur. Bunun bir sıra səbəbləri var. Məlumdur ki, iyun ayından başlayaraq yoluxmaların sayının minimuma enməsi ilə əlaqədar olaraq tətbiq edilən karantin rejimində bir sıra yumşalmalar tətbiq edilmişdi və bu davam edir. Nəticədə insanlar arasında yaxın təmas halları çoxalmışdır. Bir çox insanlar hələ də yoluxma hallarının baş verməməsi üçün verilən tövsiyələrə dırnaqarası baxır, qaydalara əməl etmir ki, bu da yoluxmaların sayının kəskin artmasının birinci səbəbi ola bilər. İkinci əsas səbəb BNA-nın yarıtmaz fəaliyyəti ilə bağlıdır. BNA verilən tövsiyələrə zidd olaraq, xüsusən səhər və axşam saatlarında, marşurut xətlərinə kifayət qədər avtobuslar göndərmir. Nəticədə həm dayanacaqlarda, həm də xüsusilə avtosalonlarda həddən artıq sıxlıq yaranır ki, bu vəziyyətdə də ara məsafəsi saxlamaqdan söhbət gedə bilməz! Üçüncü səbəb kimi guya yoluxmaların sayının azaldılması üçün tətbiq edilən düşünülməmiş “qaydalarla” əlaqədardır. Məsələn, kənd təsərrüfatı məhsullarının satış bazarlarında, iri ticarət mərkəzlərində eyni anda yüzlərlə insan heç bir qoruyucu maska olmadan alver edə bilər. Ancaq 500 nəfərlik zalda 150 nəfərdən artıq qonaqların iştirakı ilə toy etmək olmaz. Və ya şənbə və bazar günləri ictimai nəqliyyatın işləməsinə icazə verilmir. Bu isə insanların taksilərdə yaxın məsafədə (az qala bitişik) oturaraq hərəkət etməsinə, təbiidir ki, yoluxmalara gətirib çıxarır. Dördüncü səbəb xidmət sahələrində (restoranlarda, çayxanalarda, kafelərdə və s.) həm tövsiyələrə, həm də gigiyenik qaydalara dürüst əməl edilməməsi ilə bağlıdır. Nəticədə koronavirus daşıyıcısının istifadə etdiyi qab-qacaqdan digərləri də isifadə edir. Beşinci səbəb kimi koronavirusa yoluxmuş insanların bunu gizlətməsini, sərbəst hərəkət etmələrini göstərmək olar və s. Hesab edirəm ki, məhz qeyd edilənlər koronavirusun kəskin artmasının başlıca səbəbləri ola bilər. Təbii, başqa səbəbləri də istisna etmirəm.
- Bəzən yoluxma sayının azaldılması və ya artırılması barədə ittihamlar səslənir. Siz necə düşünürsünüz rəqəmlər həqiqətənmi idarə olunur?
- Yoluxma hallarının sayı ilə bağlı verilən gündəlik xəbərlər bəzən belə düşünməyə rəvac verə bilər. Məsələn, verilən xəbərə görə avqustun 17-də 3322 yoluxma halı baş verib ki, bu da əvvəlki günlə müqayisədə təqribən iki dəfə çoxdur. Ancaq hesab etmirəm ki, yoluxma sayını əks etdirən rəqəmlər düşünülmüş şəkildə idarə olunur. Gündəlik yoluxmalardakı kəskin fərqlər iki səbəbdən ola bilər: birinci, bu həqiqətən belə baş verir, ikinci, yoluxma halları haqda məlumatlar vaxtında verilmir.
- Bəs sizcə bu dünyəvi bəladan qurtuluşun yolu nədir?
- Mən bu sahənin mütəxəssisi olmadığımdan bunun reseptini verə bilmərəm. Bir siyasətçi olaraq bu bəladan qurtarmağın yolunu ona qarşı dünya miqyasında birgə mübarizənin aparılmasında görürəm. Ancaq, təəssüf ki, biz bunun əksini görürük. Bunun bariz nümunəsi kimi, koronavirusa qarşı peyvəndlərin dünya ölkələri arasında qeyri-bərabər, hətta diskrinativ qaydada bölündüyünü göstərmək olar. Belə vəziyyətə son qoyulması bu bəladan tezliklə qurtarmağa gətirib çıxara bilər.
- Partiya sədri kimi bu xəstəliklə bağlı hökumətə təqdim edəcəyiniz bir proqramınız varmı?
- Partiya sədri kimi, Nazirlər Kabineti Yanında yaradılmış Operativ Qərargaha düşünülmüş, reallığı nəzərə alan qərarların qəbul edilməsini tövsiyə edirəm.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ