Bazarlarda qiymətləri “inhisarçı ağalar” müəyyən edirlər
Tarix: 5-08-2021, 08:32
Baxılıb: 2 485
Google+ Paylaş
Tumblr Paylaş

Bazarlarda qiymətləri “inhisarçı ağalar” müəyyən edirlər

5-08-2021, 08:32

Teyyub Qənioğlu: «Əgər fermerin istehsal etdiyi məhsulu özünün satmaq imkanı olsaydı bazarda qiymətlər “od tutub” yanmazadı»
Kənd təsərrüfatı iqtisadiyyatın bir sahəsidir. Bitki və heyvan mənşəli məhsulların istehsalı ilə məşğul olmaq bilavasitə kənd təsərrüfatına aiddir. Bu sahəni də inkişaf etdirmək təbii şəraitdən çox asılıdır ki, bu da 9 iqlimli Azərbaycanımızda şərait baxımından çox əlverişlidir. Dövlətimizin kənd təsərrüfatına ayırdığı subsidiyalar gəlin görək yerli fermerə necə kömək edir və ya kəndli öz becərdiyi məhsulu necə realizasiya edə bilir. 
Bu məsələlərlə bağlı Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə həmsöhbət olduq. 
- Teyyub müəllim, bu il kənd təsərrüfatında məhsul bolluğu əvəzinə məhsuldarlıq aşağı oldu. Bunu təsərrüfatçılar su problemi ilə əlaqələndirirlər. Bu haqda nə deyə bilərsiniz? 
- 2020-ci ildə kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi o qədər də yüksək olmasa da, hər halda əvvəlki ilə nisbətən artım baş vermişdi. Ötən ildə məhsuldarlığın səviyyəsinin gözləniləndən aşağı olması quraqlıq və pandemiya ilə əlaqələndirilirdi. Bu il pandemiya nəzərəçarpacaq dərəcədə azaldığından onun kənd təsərrüfatında məhsuldarlığın səviyyəsinə mənfi təsir etdiyini söyləmək düzgün olmazdı. Son günlər havanın hərarətinin yüksək olmasına baxmayaraq, əsas kənd təsərrüfatı məhsullarının yetişdiyi dövrdə quraqlıq da demək olar ki, müşahidə edilməmişdi. O ki, qaldı su probleminə, o, demək olar ki, həmişə mövcud olmuşdur və indi də davam etməkdədir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Obyektiv səbəb ümumiyyətlə ölkəmizdə su ehtiyatlarının azlığı ilə əlaqədardır. Subyektiv səbəb isə məmur özbaşınalığı ilə bağlıdır. Kənd rayonlarının əksəriyyətində yüksək vəzifə sahiblərinə məxsus iri həcmli torpaq sahələri vardır. Bu məmurların əksəriyyəti su mənbələrinin üzərində “oturublar”, sıravi fermerlər isə öz sahələrini normal qaydada suvarmaq imkanından məhrumdurlar. Belə şəraitdə kənd təsərrüfatında məhsuldarlığın aşağı olması qaçılmazdır. Ancaq, fikrimizcə, məhsuldarlığın aşağı olmasının əsl səbəbini başqa yerdə-kənd təsərrüfatı sahəsində yürüdülən siyasətdə, həm də, ölkəmizdə yetişdirilən kənd təsərrüfatı məhsullarının reallaşdırılmasında mövcud olan problemlərdə axtarmaq lazımdır. Əvvəlki ildə yetişdirdiyi məhsulu əlində qalan və ya müxtəlif səbəblərdən onu dəyər-dəyməzinə satmağa məcbur olan fermer sonrakı ildə istehsal etdiyi məhsulun həcminin artırılmasında maraqlı ola bilməz. 
- Kənd təsərrüfatı sahəsində sanki bir inhisarçılıq mövcuddur. Kəndlidən yerində malı ucuz alındığı halda bazarda qiymətlər “od tutub yanır”. Bu məsələdə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətsizliyini necə qiymətləndirirsiniz?
- Əgər fermerin istehsal etdiyi məhsulu özünün satmaq imkanı olsaydı bazarda qiymətlər “od tutub” yanmazadı. Fermer istehsal etdiyi məhsulu əsasən iki səbəbdən özü sata bilmir. Birinci səbəb məhsulun bazara çıxarılmasında nəqliyyat problemi ilə bağlıdırsa, ikinci və ən ciddi səbəb inhisarçılıqla bağlıdır. Belə ki, fermerlər öz məhsullarını bazara bir qayda olaraq səhər tezdən çatdırmağa çalışırlar. Ancaq bazarda sözün əsl mənasında ağalıq edənlər bazara fermerlərdən də əvvəl gəlirlər, bazarın qapısını kəsirlər, fermerləri bazara buraxmırlar və məhsulu onlardan “müxtəlif üsullarla” ucuz qiymətə alırlar. Məhz həmin “ağalar” hansı məhsulun bazarda hansı qiymətə satılacağını müəyyən edirlər. Ona görə də, eyni adlı məhsul bazarda vahid qiymətə satılır. Kimin nə həddi vardır ki, məhsulu “ağaların” müəyyən etdiyi qiymətdən aşağı satsın?! Məgər həmin “ağaların” sahiblərinin kimlər olduğu hər kəsə məlum deyil? Məgər bilinmir ki, Azərbaycanda soğan, kartof, banan, mandarin, apelsin, xiyar, pamidor və s. sahədə inhisarçı kimdir? Və ya, məsələn, dərman, elektronika malları, avtomobil satışı və s. sahəsində inhisarçılıq edənlər kimlərdir? Bu günlərdə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dövlət məmurları bizneslə məşğul ola bilməzlər. Ancaq reallıqda bizneslə məşğul olmayan heç olmasa bir məmuru kim göstərə bilər? Deməli qəti olaraq inhisarçılığı aradan qaldırmaq (təbiidir ki, bunu reallaşdırmaq o qədər də asan deyi), heç olmasa onu minimuma endirmək üçün sözdən işə keçmək lazımdır. Nə qədər gizlətsələr də hansı məmurun bizneslə məşğul olduğunu müəyən etmək heç də çətin deyil. “Ancaq zınqırovu kim asacaq?” Kənd Təsərrüfatı Nazirliyinin məhsulların bazar qiymətinə birbaşa təsir etmək səlahiyyəti yoxdur. Ancaq məhsulların bazarlara çıxarılmasında fermerlərə yardım etməklə qiymətlərin səviyyəsinə təsir göstərə bilər. Yəqin hələlik Nazirlikdə bunun yolunu tapa bilmirlər. Bizlərə isə bu Nazirlikdə növbəti kadr dəyişikliyinin daha uğurlu olmasını gözləmək qalır.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ