Medianın gələcəyi azad mətbuatla bağlıdır
Tarix: 14-01-2021, 08:23
Baxılıb: 3 827
Google+ Paylaş
Tumblr Paylaş

Medianın gələcəyi azad mətbuatla bağlıdır

14-01-2021, 08:23

Qulu Məhərrəmli: «Bəzi məmurlar tənzimləmə söhbəti ortaya çıxan kimi, dərhal medianın fəaliyyətini necə məhdudlaşdırmaq olar haqqında düşünür»
Son illər media sahəsində islahatların aparılması zərurəti haqqında çox danışılırdı. Artıq bu zərurəti nəzərə alan Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzaladı və bu sənədlə yeni - Medianın İnkişafı Agentliyi yaradıldı. Agentliyin yaradılması və onun fəaliyyət sferası ilə bağlı media eksperti, professor Qulu Məhərrəmli ilə həmsöhbət olduq.
- Qulu müəllim Medianın İnkişafı Agentliyinin yaradılması sizcə hansı zərurətdən ortaya çıxdı?
- Son dövrdə yaradılan ictimai təşkilatlar, həm də dövlət qurumları media sahəsindəki problemləri aradan qaldıra bilmədi, əksinə bir çox sahələrdə demək olar ki, iflic vəziyyəti yaratdı. Ona görə də KİVDF-nin bazasında yeni bir Agentliyin yaradılması və ona ciddi vəzifələr və səlahiyyətlərin verilməsi hesab edirəm ki, media sahəsində inkişaf üçün müəyyən ümidlər oyadır. Agentliyin Nizamnaməsində göstərildiyi kimi o, ümumiyyətlə jurnalistikanın bütün sahələrini, o cümlədən, informasiya agentliklərinin işini, onlayn medianı, yəni internet saytlarının da tənzimlənməsi ilə məşğul olacaq. Bura hətta media təhsili də daxildir. Media qurumlarında, onların fəaliyyətində, dünyada gedən trendlərin, müasir informasiya, kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmasını reallaşdırıcı hesab edirəm. Bu normal media sahəsində müasir meyillərin reallaşdırılması üçün çox ciddi addım olacaq.
- Hamını maraqlandırır ki, bu qurum daha çox nə ilə məşğul olacaq?
- Mən dedim, əsasən bu 3 istiqaməti əhatə edəcək. Əvvəla mediada mövcud qanunvericiliyin bazasının möhkəmləndirilməsi, çünki bizdə KİV haqqında qanun təxminən 20 il bundan əvvəl qəbul olunub. O qədər dəyişikliklər aparıblar ki, qanun demək olar ki, indi tanınmaz hala düşüb. Ona görə də o qanunu yeniləməyə ehtiyac var. Jurnalistlərin sərbəst işləyə bilməsi üçün yəni onların məlumat ala bilməsi, redaksiya daxilində sərbəstliklərinin, azadlıqlarının təmin olunması, məmurlarla münasibətlərin bəlli çərçivədə olması, məlumatları rahat alıb istifadə edə bilmələri üçün, qanunverici baza mötəbər və etibarlı olmalıdır.
İkinci istiqamət, medianın maddi-texniki bazasının bu sahədə olan problemlərinin həlli, maliyyə probleminin həll olunmasıdı. Bu çox ciddi məsələdi. Amma bu elə bir şəkildə aparılmalıdır ki, jurnalistlər bu maddi-texniki bazanın təmin olunmasından asılı vəziyyətə düşməsinlər. Əksinə öz fəaliyyətlərini genişləndirmək üçün müəyyən sərbəstliklər və azadlıqlar əldə edə bilsinlər. Əlbəttə çox ciddi məsələlərdən biri ölkədə fikir, söz, məlumat azadlığıdır. Əsas məsələ fikir plüralizminin təmin olunması, media subyektlərinin cəmiyyət-dövlət arasında münasibətlərinin tənzimlənməsini reallaşdırmaqdır. Bu da asan məsələ deyil. Çünki bununla bağlı vaxtında Mətbuat Şurası yaradılmışdı və orada Şikayətlər üzrə komissiya bu vəzifənin icrası ilə məşğul idi. Amma bu çox da effektli olmadı. Çünki cəmiyyətin özündən gələn bir sıra problemlər bunu reallaşdırmağa yüksək səviyyədə, keyfiyyətli bir şəkildə həll etməyə imkan vermirdi. Artıq bunun üçün hüquqi baza yaradılır, bu cür səlahiyyətli qurum var və bu işlərin təkmilləşdirilməsi yeni yaradılan Media Agentliyinin əsas vəzifələrindən biridir.
Burada çox önəmli məsələlərdən biri də onlayn mediada indiki mövcud olan pozuntuların, nizamsızlığın aradan qaldırılmasıdır.
- Bəs mətbuatdan şəxsi məqsədlər üçün istifadə edənləri nə gözləyir? 
- İndi bir tərəfdə mətbuat azadlığı var, bu çox gözəldi, ikinci tərəfdə bu mətbuat azadlığından sui-istifadə edənlər var. Bu paradusun yaratdığı ciddi problemlərdən biri odur ki, həmin media qurumları, o saytlar, tamamilə başqa məqsədlərə xidmət edir. Yəni cəmiyyəti məlumatlandırmağa yox, şəxsi problemləri həll etməyə, qərəz vasitəsinə çevrilib. İnsanların şəxsi həyatına müdaxilə olunur, qərəzli materiallar çap edilir, yəni insanlar bilməlidir ki, bunları etmək olmaz. Artıq bununla bağlı qanunvericilikdə də, jurnalistlərin etik davranış prinsiplərində də müəyyən müddəalar var. Amma buna kim nəzarət etməlidir? Ona görə də bax bu nöqsanlar tədricən aradan qaldırıldıqca cəmiyyətin media qurumlarına, saytlara, qəzetlərə, etimadı arta bilər. 
- Ümumiyyətlə sizcə, mətbuat cəmiyyətə necə xidmət etməlidir?
- İndi bizdə bir çox məmurlar tənzimləmə söhbəti ortaya çıxan kimi, dərhal medianın fəaliyyətini necə məhdudlaşdırmaq olar haqqında düşünürlər. Əslində bir az əvvəldə dediyim kimi Agentliyin əsas işlərindən biri ölkədə söz, mətbuat, məlumat azadlığının təmin olunması sahəsində tədbirlərin gerçəkləşdirilməsidir. Bu çox ciddi bir xətdir. Çünki bütün dünyada medianın gələcəyi azad mətbuatla bağlıdır. Azad cəmiyyət olmasa, mətbuatdan istifadə etmək olmasa, əlbəttə bu və ya başqa məsələlərlə bağlı çox ciddi problemlər ortaya çıxa bilər. Yəni önəmli olan mətbuatın cəmiyyətə səmimi və vicdanlı bir şəkildə xidmət etməsidir, jurnalistlərin öz peşə borclarını dürüst bir şəkildə reallaşdırmasıdır. Media azadlığından sui-istifadə olunmaması, medianın azadlığının qorunması vacibdir. Bununla bağlı yeni yaranan media agentliyinə çox böyük səlahiyyətlər verilir, müəyyən vəzifələr müəyyənləşdirilir. Ümid edirəm ki, o vəzifələrin reallaşdırılmasında agentlik bütün cəmiyyətin, media cameəsinin, ictimaiyyətin köməkliyi ilə öz vəzifəsini reallaşdıra biləcək.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ