Vyanada "Qəlbim Qarabağdadır" adlı sərginin açılışı olub
Tarix: 27-09-2022, 08:44
Baxılıb: 1 646
Google+ Paylaş
Tumblr Paylaş

Vyanada "Qəlbim Qarabağdadır" adlı sərginin açılışı olub

27-09-2022, 08:44

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Günü ilə bağlı “Qəlbim Qarabağdadır” adlı sərginin açılışı olub.

Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “Arts Council Azerbaijan” təşkilatının birgə keçirdiyi sərgidə “Şuşa İli” çərçivəsində 8-15 yaşlı uşaqların Qarabağa həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova sərgi haqqında məlumat verib. Həmçinin qeyd edib ki, Mədəniyyət Mərkəzi incəsənətə yeni qədəm qoyan gənclərin dəstəklənməsini daim diqqət mərkəzində saxlayır və təqdim olunan əsərlərdə rəng koloriti Azərbaycan gənclərinin Qarabağ sevgisini və onların Vətən torpağına ülvi hisslərini təcəssüm etdirir.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında bildirib ki, “Qəlbim Qarabağdadır” sərgisi unikal xarakter daşıyır, çünki onun təqdimatı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı iki mühüm hadisəyə həsr olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş Anım Günü, habelə bu il Azərbaycanda qeyd edilən “Şuşa İli” sərgidə nümayiş olunan əsərlərin mahiyyəti və bədii ruhu ilə səsləşir.

Səfir qonaqlara bu il 270 illik yubileyi qeyd olunan və Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin şanlı tarixi, Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Qafqazın konservatoriyası” adını daşıyan Şuşa bu gün öz tarixi-mədəni görkəmi və əhəmiyyətini geri qaytarır, gələn il bu şəhər bütün Türk dünyasının mədəniyyət paytaxtı olacaq. Məhz bu kontekstdə Azərbaycan gənclərinin fırçası ilə Qarabağ bölgəsində sülhə həsr edilmiş və gələcəyə doğru müsbət rəng çalarları və emosiyaların əks olunduğu əsərlər sərgidə yer alıb. Şəhidlərinin xatirəsinə ehtiram göstərən Azərbaycan gəncləri sülh və daha yaxşı dünya naminə sarsılmaz ümidlərini incəsənətin dili, rənglərin sehrli dünyası ilə canlandırırlar.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov bildirib ki, təşkilatın əsas hədəfi Azərbaycanın mədəni dəyərlərini bütün dünyada təbliğ etməkdir. “Şuşa İli” çərçivəsində təşkilat tərəfindən müxtəlif səpkili mədəni layihələr hazırlanıb. Təqdim olunan sərgi Vyanadan sonra Avropanın bir sıra ölkələrində də nümayiş etdiriləcək.

Tədbirdə tanınmış pianoçu, beynəlxalq müsabiqələr laueratı Səidə Tağızadə Azərbaycan bəstəkarlarının Qarabağ və vətənpərvərlik mövzusunda əsərlərini ifa edib. Bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun əsərləri ilə yanaşı, Ramin Quliyevin Azərbaycanın şəhid əsgərlərinin xatirəsinə həsr etdiyi ballada, Pikə Axundovanın “Salam, Şuşa!” və Sevda Məmmədlinin “Laçın balladası” xüsusi maraqla qarşılanıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ