Səni Şuşada qarşılayacam ANA!
Tarix: 9-12-2021, 10:13
Baxılıb: 1 988
Google+ Paylaş
Tumblr Paylaş

Səni Şuşada qarşılayacam ANA!

9-12-2021, 10:13

Baş leytenant Hüseynov Raqib Adil oğlu 3 iyul 1993-cü ildə Naxçıvan MR Şahbuz rayonunun Mərəlik kəndində anadan olmuşdu.
2000-ci ildə Mərəlik kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olub. 2005-ci ildə ailəsinin Naxçıvan şəhərinə köçməsi ilə əlaqədar təhsilini Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə davam etdirib.
Qəlbinə hakim kəsilən zabit olmaq arzusu onu 2009-cu ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə gətirib çıxarmışdı. 2011-ci ildə həmin liseyi bitirib elə həmin il də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına daxil olmuşdu. 2015-ci ildə akademiyanı bitirir və leytenant rütbəsi alaraq Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunur. 2017-ci ildə xidmətini davam etdirmək üçün Tərtərdə yerləşən N saylı hərbi hissəyə göndərilir. Qısa müddət ərzində yaxşı xidmətlərinə görə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bölük komandiri kursuna göndərilir və həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilir. 2019-cu ildə Silahli Qüvvələrin Təlim və Tədris Mərkəzində taborun qərərgah rəisi, tabor komandirinin 1-ci müavini vəzifəsi kursunu keçir və 2020-ci ilin fevral ayından Naftalan şəhərində qərargah rəisi kimi xidmətini davam etdirir. O, burada da böyük hörmət və nüfuz qazanmışdı. Xidmət göstərdiyi illərdə Silahlı qüvvələrin 100 illik yubileyi medalı və bir sıra
Fəxri fərmanlarla təltif olunmuşdu. Sentyabrın 29-da 2-ci Qarabağ müharibəsində Tərtər rayon Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında çox böyük xidmətləri olub və həmin istiqamətdə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Raqibin anasının dediklərindən: "Son dəfə 25 sentyabrda bizimlə telefon əlaqəsi saxladı. Evdə idi. Özü hazırladığı yeməyi yeyirdi. Hər kəsin halını, vəziyyətini soruşdu. Təzəcə anadan olmuş bacısı uşağını görüntülü gördü, çox sevinirdi dayı olduğu üçün. Sonra isə əsgərlərinə necə qayğı göstərdiyindən danışdı. Gülə-gülə dedi ki, "Ana, səni Şuşada qarşılayacam". Bu mənim Raqiblə son danışığım oldu. 26-sı isə atasına zəng elədi. "Özünüzdən muğayat olun, bir-birinizə yaxşı baxın. Başınızı dik tutun" – dedi». Anasına son mesajında yazıb ki, "şərəfsiz ölümdəndirsə, şərəfli ölüm yaxşıdır. Özünüzdən muğayat olun".
Raqib evin tək oğul övladı idi. 27 yaşı olmağına baxmayaraq yaşından çox olğun biri idi. Heç kimin qəlbinə dəyməzdi. 27 sentyabrda Vətən müharibəsi başladı. Raqib öz komandası ilə baş qərargah rəisi olmagına baxmayaraq, irəli atılıb və özü öndə gedəcəyini söyləyib. Əsgərlərindən əksəriyyəti Raqiblə birgə döyüşmələrini istəyiblər. Ancaq Raqib ailəli olanlara hətta evin tək oğlu olan və 10 il sonra dünyaya gələn Miqdad adlı əsgərinə döyüşə getməməyi söyləyib. Ancaq əsgəri Miqdad Raqiblə birgə döyüşə gedəcəyini bildirib və birlikdə şəhid olublar. Raqib 29 sentyabrda şəhidlik zirvəsinə ucalıb. Hətta müharibəyə getməzdən əvvəl dostuna "gedirik qırmızı su (qan) içməyə" yazıb. Öz komandasına "öldürüb gəlin, öldürməmiş ölməyin" deyib. Raqib 80 kilometr irəliləyib və düşmənin müdafiə xəttinin yarılmasında böyük qəhrəmanlıq göstərib. Hətta yaralanmağına baxmayaraq, zəfər işarəsi göstərib və irəli əmrini verib. Raqibin könüllü və xidmət edən əsgərlərinin xatirələrindən:
- Döyüşdən bir gün qabaq bizi sıra meydanında düzdü. 750 nəfər idik. Raqib öz əmr və tövsiyələrini verdi və bizi qisas almağa ruhlandırdı. Raqib hər zaman söhbət edərkən, "hər şeyimiz var, ancaq bircə QARABAĞIMIZ YOXDU" deyərdi. O, öz əsgərlərinə "güclü TURAN DÖVLƏTİ quracağıq" deyirdi: "Möhkəm olun, bu bizim haqq döyüşümüzdür. Ali Bas Komandanın əmrindən sonra alnımızdakı 30 illik qara ləkəni siləcəyik. Şərəfsizlərdən torpağımızı almağa gedəcəyik. Aranızdan çox qəhrəmanlar çıxacaq. 6 gündür ki, burdasınız görürsünüz sizə necə baxırlar, hər bir təminatımız yerindədir. Şükürlər olsun hər şey yüksək səviyyədədir. Bizlər də buna cavab olaraq torpaqlarımızı şəhid, qazi olmaq bahasına olsa da almalıyıq. Artıq dünya Türkün gücünü, Türk millətinin əzmini görəcək! Sizdən bir komandir və qardaş kimi xahişim və tələbim budur ki, verilən əmrləri sözsüz və dəqiq icra edin. 6 gündür burdasınız və hamınız xidmət görmüş, bir çoxunuz evli, ailəli adamlarsınız. Bu günə kimi necə nizam intizamlı olduğunuz kimi döyüşdə də nizam intizamlı olun". Bu sözlər Raqibin öz könüllüləri və əsgərləri ilə son danışığı olub. Ruhun şad olsun igidim!
Ədib İSAOĞLU,
«Azad Azərbaycan» qəzetinin Naxçıvan bürosu
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ