Qədim diyarın keçdiyi çətin və şərəfli yol
Tarix: 11-02-2021, 09:15
Baxılıb: 3 312
Google+ Paylaş
Tumblr Paylaş

Qədim diyarın keçdiyi çətin və şərəfli yol

11-02-2021, 09:15

Naxçıvana hücumlar mənfur ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən sonra fasiləsiz davam etmişdir.
Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət edib. Çoxəsrlik, dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin, mədəni irsini layiqincə yaşatmış, yetirdiyi görkəmli elm xadimləri, məşhur sənətkarları, tarixi şəxsiyyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Qədim Azərbaycan yurdu Naxçıvan tarix boyu yadelli hücumlara məruz qalmışdır. Ancaq hər dəfə özündə cəsarət toplayaraq ayaqda durmağı bacarmış, bütün çətinliklərə, məhrumiyyətlərə sinə gərmiş, nəhayət, öz varlığını qoruyub saxlamışdır. Bütün bunlara isə öz qəhrəman övladlarının sayəsində nail olmuşdur.
Tarixdən məlumdur ki, Naxçıvana hücumlar mənfur ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən sonra fasiləsiz davam etmişdir. Ötən əsrin əvvəllərində qaniçən erməni zabiti Andronikin Naxçıvana gözlənilməz hücumu, burada dinc əhaliyə qarşı soyqırımı törətməsi tarixin danılmaz faktlarındandır. Lakin yerli əhalinin qətiyyətli mübarizəsi, xalqın iradəsi öz sözünü demişdir: Andronik və onun məkrli havadarları Naxçıvandan qovulub çıxarılmışdır.
Bununla belə əzəli Azərbaycan torpaqlarında Qərbi Azərbaycanda özlərinin dövlətini qurmuş ermənilər Naxçıvanı işğal planlarından əl çəkməmişlər. Belə bir tarixi şəraitdə - 1920-ci ildə sovet rəhbərliyi tərəfindən qədim torpağımız olan Zəngəzurun ermənilərə verilməsi ilə Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşmüşdür. Növbəti addım isə respublikadan təcrid olunmuş Naxçıvanı nəyin bahasına olursa-olsun işğal edərək Ermənistana birləşdirmək idi.
Məhz bu cür çətin tarixi bir dövrdə naxçıvanlıların əzmkarlığı, görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipal mövqeyi Rusiyanın Naxçıvan məsələsinə münasibətinin müsbət istiqamətdə dəyişməsinə səbəb olmuşdur. Nəticədə Naxçıvanın muxtariyyət statusu 1921-ci ilin mart ayında Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit edilmişdir. Elə həmin ilin oktyabrın 13-də RSFSR ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə Respublikası arasında imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın sərhədləri daha da dəqiqləşdirilmişdir. Doğrudur, Naxçıvanın Azərbaycan SSR-in tərkibində Muxtar Respublika hüququnun qanuni yolla təspit edilməsi 1924-cü ilin fevralınadək ləngidilmişdir. Lakin həmin il fevralın 9-da Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsinin dekretinə əsasən, Naxçıvan Azərbaycan SSR-in tərkibində Muxtar Respublikaya çevrilmişdir. Bununla da qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirilmişdir.
Ədib İSAQOĞLU
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ