Zəfərlərin əbədi olsun, AZƏRBAYCAN!
Tarix: 8-11-2022, 08:42
Baxılıb: 1 928
Google+ Paylaş
Tumblr Paylaş

Zəfərlərin əbədi olsun, AZƏRBAYCAN!

8-11-2022, 08:42

 Azərbaycanımızın Qarabağa qovuşması Qarabağ uğurunda gedən döyüşlərdə şəhid olmuş, digər şəhər və rayonlarımızda soyqırımlar zamanı həlak olan günahsız insanların qisası döyüş müydanında ər oğullarımız tərəfindən mərdcəsinə  alındı. 
Ordumuz işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Xalq-dövlət birliyi bu qələbənin həm tezləşməsinə, həm də uğurla bitməsinə zəmin yaratdı. Xalq- dövlət birliyinin, zəfərə aparan yolun, qəhrəman, igid əsgərlərimizin, zabitlərimizin, generallarımızın qələbəsində əsas rol oynayan xalqımıza hər an yeni qələbə müjdələri verən Ali Baş komandan İlham Heydər oğlu Əliyev idi.
Bəli, iki il öncə Ermənistan silahlı qüvvələri yeni ərazilər işğal etmək məqsədilə Azərbaycanın dövlət sərhədlərini pozaraq müxtəlif istiqamətlərdə təxribatlar törətməyə cəhd etdi. Və təbii ki, Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks hücuma keçərək düşmən üzərində başgicəlləndirici qələbələrə imza atdı. İllər idi ki, torpaq itkisi ilə hec cürə barışmayan Azərbaycan xalqı öz ərazilərini mənfur düşməndən azad etmək üçün tarixi bir şans gözləyirdi. Azərbaycanın 44 günlük zəfər müharibəsini şərh edən yerli və beynəlxalq ekspertlər qeyd edirlər ki, dünya hərb tarixində hakimiyyət, xalq və ordunun birliyini təkrar edən ikinci belə bir təcrübəyə rast gəlmək, demək olar ki, mümkünsüzdü. Nəzərə alsaq ki, düşmən ərazi baxımdan çox böyük strateji üstünlüyə malik idi. 
Azərbaycan ordusu misli görünməyən qəhrəmanlıq göstərərək bütün bu əraziləri qısa bir zaman kəsiyində azad etməsi, hətta böyük ölkələrin generallarında böyük təəccübə səbəb oldu. Xalq da öz növbəsində döyüşən orduya maddi və mənəvi dəstəyini ən yüksək səviyyədə nümayiş etdirirdi. Çoxdan bəri böyük həsrətlə gözlənilən qələbə xəbərləri ard-arda gəlməyə başladı. Oktyabrın 3-də Suqovuşan üzərində Azərbaycan əsgəri şanlı bayrağımızı dalğalandırdı.
Bu qələbə istər əhali, istərsə də əsgərlər arasında böyük ruh yüksəkliyinə səbəb oldu. Daha sonra Azərbaycan əsgəri Cəbrayıl istiqamətində uğurlu və ildırımsürətli əməliyyatlara başladı. Qısa bir zaman kəsiyində, oktyabrın 4-də Cəbrayıl şəhəri mənfur düşmənlərdən azad edildi. Azərbaycan ordusunun sürətli hücumlarından dəhşətə gələn düşmən əsgərləri arasında fərarilik halları artıq adi hala çevrilmişdi. Düşmən qaçmağa belə yer tapmırdı, hətta qaçmasın deyə erməni zabitləri əsgərlərini hərbi maşınlara zəncirləyir, bu yolla müsbətə doğru nəyinsə dəyişəcəyinə ümid bəsləyirdilər. Lakin Azərbaycan əsgəri son hədəfə çatmayınca dayanmağı ağlına belə gətirmirdi. Azərbaycan əsgəri şanlı bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Ağdamda, Fizulidə, Zəngilanda və digər işğal altında olan ərazilərimizdə dalğalandırmaq təşnəsi ilə qanlı döyüşlərə atılmışdı. Yox idi elə bir güc ki, Azərbaycan əsgərinin qisas hissi qarşısında tab gətirsin. Əziz əsgər! Bu gün sən fəth etdiyin hər zirvədən ucasan,  tarixə bu xalqın qəhramanlıq səlnaməsin yazdın, yurduna sahib çıxan əsgər, xalqın otuz illik izdirablarına son qoyan Azərbaycan əsgəri, qarşında baş əyirik. Sənin bu qələbən sayəsində dünya bu xalqın kimliyini tanıdı.
Azərbaycan ordusunun ilk qələbələrini həzm edə bilməyən, hər zaman Azərbaycan dövlətinə ləkə yaxmaq istəyən dövlətlər, Rusiya,İran, Fransa kimi dövlətlər  Ali Baş komandandan müharibəni dayandırmaq xahişi etsələr də Ali Baş komandan öz mövqeyini dəyişməyərək yeni ərazilərimizi işğaldan azad etmək üçün öz komandası ilə birlikdə irəli gedirdi. 
 Əsgərlərimiz səngərdə, prezidentimiz İlham Əliyev isə həm cəbhədə,həm də siyasət meydanında, sözün əsl mənasında qəhramanlıq tarixi yazırdı. Qərəzli, birtərəfli mövqe nümayiş etdirən xarici ölkələrin mətbuat nümayəndələri ilə demək olar ki, dövlət başçısı İlham Əliyev hər gün ikinci bir cəbhədə döyüş aparırdı. Dünyanın məşhur informasiya mərkəzlərini təmsil edən jurnalistlərə müsahibə verən İlham Əliyev öz arqumentləri, tarixə söykənən səlist məntiqi mülahizələri ilə, demək olar ki, təkbaşına ölkəsininə informasiya müharibəsində də qalibiyyət qazandırdı.
Ermənilərin gözləmədiyi və ağıllarına gəlmədiyi bir zamanda, 9 oktyabrda şanlı ordumuz Hadrut qəsəbəsini işğalçılardan azad etdi. Artıq düşmən məğlubiyyətin qaçılmaz olduğunu anlamışdı. Ermənistan prezidenti xarici ölkələrə müraciətlər edir, imdad diləyirdi. Lakin çox gec idi. Qardaş Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq şəkildə Azərbaycanın yanında olduğu və lazım gələrsə bütün müstəvilərdə bu müharibəyə qoşulacaqları barədə verdiyi bəyanatlar xarici qüvvələrin əl-qolunu bağlamışdı. Həmin qüvvələr anlayırdılar ki, hər hansı şəkildə bu proseslərə müdaxilə etsələr qarşılarında Türkiyə kimi bir güclü dövləti görəcəklər. Qardaş Pakistan və onun Prezidenti İmran Xanın öz növbəsində Azərbaycanı dəstəkləyən açıq bəyanatları da öz müsbət nəticəsini vermiş oldu. Bütün bu dost, qardaş təəssübkeşliyindən daha da ilhamlanan Azərbaycan əsgəri də öz növbəsində döyüş meydanında düşmənə göz açmağa macal vermirdi. 17 oktyabrda şanlı ordumuz Füzuli şəhərində Azərbaycan bayrağını dalğalandırdı. Ardınca 18 oktyabrda Xudafərin körpüsü üzərində Azərbaycan əsgəri şanlı bayrağımızı sancdı. Artıq bununla da düşmənin İran ərazisindən qeyri-qanuni silah-sursat təhçizatına son qoyuldu. Qeyd etmək lazımdır ki, Rusiya tərəfi İran vasitəsi ilə mütəmadi olaraq bu ərazilərdən düşməni bütün növ silahlarla təhciz edirdi. Çox keçmədi ki, Azərbaycan əsgəri növbəti bir qələbəsi ilə xalqımızı müjdələdi. Zəngilan şəhəri 20 oktyabrda düşmənlərdən tamamilə təmizləndi. Təcavüzkar düşmən artıq can verirdi, əsgərlər arsında vahimə, qorxu fərarilik baş alıb gedirdi. Hara gəldi qaçırdılar, hətta xeyli sayda düşmən əsgəri sağ qalmaq naminə könüllü Azərbaycan tərəfinə təslim olur, ağ bayraq qaldırırdılar. Azərbaycanın şanlı ordusu 25 oktyabrda Qubadlı şəhərini də yağı düşməndən azad etdi.
Artıq ordumuzun hədəfi Azərbaycanın mədəniyyət mərkəzi Şuşaya istiqamətlənmişdi. Hər tərəfi uçurum və sıldırım qayalarla əhatə olunmuş alınmaz bu qalanı azad etmək elə də asan deyildi. Lakin Azərbaycan əsgərinin qarşısında dura biləcək heç bir sədd, maneə yox idi. Ağır, qanlı döyüşlərdən sonra qədim Şuşa şəhəri də erməni vandallarından azad edildi. O günlər Şuşada olan Fransanın nüfuzlu media orqanının əməkdaşının söylədikləri Azərbaycan əsgərinin Şuşanın alınmasında necə bir şücaət göstərdiyinə bariz nümunə ola bilər.
Təsadüfi deyil ki, Şuşanın azad edilməsinə münasibət bildirən Ali Baş Komandan İlham Əliyev demişdir: “Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu. Zəfər yolu ilə Şuşaya gələn hər kəs bizim ora haradan getdiyimizi görə bilər". 
Naxçıvandan gəlmiş xüsusitəyinatlılarla söhbət əsnasında onların günlərlə dağlardan, meşələrdən ağır təminatlarla günlərlə yol gedərək Şuşanı mühasirəyə almalarına qulaq asdıqca əsgərlərimizin hansı çətinliklərlə, qorxulu hallarla irəli getmələrinin şahidi oluruq
Bəli, doğrudan da Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiya aktına imza atmaq dilemması ilə üz-üzə qoydu. Nəticə etibarilə Kəlbəcər, Laçın və Ağdam rayonları döyüşsüz təslim edildi. Düşmən bütün müstəvilərdə məhv edildi, ağır məğlubiyyətə uğradıldı. Azərbaycan əsgəri qanı-canı bahasına əzəli torpaqlarımızda şanlı bayrağımızı dalğalandırmağa müvəffəq oldu. Xalqımıza qalibiyyət bəxş edən Zəfər Müharibəsində minlərlə şəhid verdik. Böyük amallar uğrunda canlarından keçən, şüurlu şəkildə ölüm-dirim savaşına atılan şəhidlər öz ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə ərmağan etdilər. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq dağ qədər əzəmətlidir. Şəhidlərimizin ruhları, bir mahnıda olduğu kimi, artıq Vətən göylərində azad dolaşırlar.
Vətən müharibəsi Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçkiləri zamanı xalqa verdiyi vədlərin real həyatda öz təsdiqini tapmasıdır.
Bu günün sevincini, qürurunu bizlərə bəxş edən Şəhidlərimiz, qəhraman qazilərimizdir müharibədə qəhrəmanlıq göstərən veteranlarımızdır. Bu insanlar heç vaxt unudulmamalı, ölümsüzlüyə qovuşmalıdırlar.
Müharibə dövründə insanlarımızın necə birlik yaratdıqları həmişə bizim üçün örnək olacaq Ali Baş Komandanın ətrafında həmişə birləşərək, bütün sədləri aşaraq, vətənimizin keşiyində duraraq Qalib ölkə kimi ZƏFƏRlərimizi sıralayacağıq.
Şanlı qələbələrlə dolu zəfərlərin əbədi olsun, AZƏRBAYCAN!
Mahir HÜSEYN
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ