Kitab yandırmaq nə deməkdir?- Cavid İsmayıl yazır
Tarix: 18-07-2022, 16:14
Baxılıb: 1 223
Google+ Paylaş
Tumblr Paylaş

Kitab yandırmaq nə deməkdir?- Cavid İsmayıl yazır

18-07-2022, 16:14

Əslində kitab yandırmaq yeni bir şey deyil, tarixi lap qədimlərə gedib çıxır.


Məsələn e.ə 221-ci ildə Çin imperatoru Qin Shi Huang kütləvi olaraq elmi kitabların yandırılmasını təşkil etmişdir. Və ya kilsə tarixinə nəzər salsaq, çoxlu sayda kitab yandırılması misallarını göstərmək  olar. Daha yaxın tarixə, XX əsrə nəzər salsaq, nasist Almaniyasında kütləvi olaraq müəyyən kitabların yandırılmasını publik həyata keçirdiklərini görmüş olarıq.


Eyni zamanda tarixdən o da bəllidir ki, bəzi tanınmış yazıçı, şairlər öz əlyazmalarını, kitablarını yandırmışlar. Doğrudur, onların içində yoxsulluqdan əziyyət çəkən, soyuqdan qorunmaq,  yaşama mücadiləsi etmək üçün məcburiyyət qarşısında olanlar olsa da, bəziləri – Nikolay Qoqol, Frans Kafka, Aleksandr Puşkin, Anna Axmatova, Osip Mandelstam, Mixail Bulqakov və b. əsasən siyasi motivlərlə bağlı  öz əlyazmalarını və kitablarını yandırmışlar.


Azərbaycan tarixinə nəzər saldıqda türkçü alim, professor Əjdər İsmayılov elmi araşdırmalarında ərəblərin Azərbaycanı işğal etdikdən sonra türkün zəngin mədəniyyəti olan yazı mədəniyyətini-kitabları tonqal qalayaraq  yandırdıqları haqqında etibarlı mənbələrə istinad edərək dəqiq faktları təqdim edir.


Azərbaycanın ən yeni tarixinə nəzər salanda da, əfsuslar olsun ki, belə faciəvi və cahil faktla rastlaşmaq olar. İlk olaraq bir müddət əvvəl 2018-ci ildə bir qrup müxalifətçi sosial şəbəkələrdə müasir dövrümüzün bəzi yazıçılarının kitablarını yandırmaq çağırışı ilə çıxış etdi. Həmin dövr media nümayəndələrinin bir sıra ziyalıya ünvanladığı   “yazıçının kitablarını yandırması nə dərəcədə düzgündür” – sualına xalq şairi Fikrət Qoca “Hər kəs öz tərbiyəsini göstərir. Bəzi insanlar öz içini açmaq üçün, başqa qrup insan isə fikrini gizlətmək üçün. Kitab yandıranlar ikinci qrupa daxil olanlardır…” cavab vermişdi.


Təbii ki, XXI əsrdə belə fikirlərin aramızda yer alması nəinki təəssüfvericidir, eyni zamanda cəmiyyət üçün çox təhlükəlidir.  


Bu yaxınlarda yenə də sosial şəbəkədən şəxsiyyətinə hörmət etdiyim Tahir Əmiraslanov öz feysbuk səhifəsindən – “Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm də ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və sair yaxşı yanır. Bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” məzmunlu qeydilə publik olaraq yandırılma anını təqdim etmişdi.


Doğrusu ilk baxışdan inanmaq belə istəmədim. Çünki, müasir dövrümüzdə daima dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Əməkdar mədəniyyət işçisinin belə bir addım ataçağına necə inanasan? Lakin fakt faktlığında, real vəziyyət göz önündə. Təbii ki, belə bir addımı 1991-ci ildən  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradıldığı gündən (bu yaxınlara qədər) rəhbəri,  “Kulinar” jurnalının baş redaktoru, Rusiya Kulinariya Assosiasiyasının vitse prezidenti, Dünya Hakimlər Kollegiyasının üzvü, Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, BƏƏ-nin və sair ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvü və Vətənin ən ali mükafatlarından olan Şöhrət ordenli Əməkdar mədəniyyət işçisi Tahir müəllimə yaraşdırmadım.


Bir ziyalı kimi  yaraşdıra da bilməzdim.


Tahir müəllimin bu yaxınlarda işdən azad olunması və yerinə Orxan Fikrətoğlunun təyinatından sonra incikliyi və narazılığı açıq şəkildə sezilirdi. Hardasa ömrünü Azərbaycan milli mətbəxinin dünyada tanınmasına və bu müqabildə bir sıra mühüm işlərin aparmasına həsr etmiş birini anlamaq da çətin deyil. Lakin bunlar əsas vermir ki, bir ziyalı diplom, kitab, əlyazmalar və muzey üçün topladığı materialları yandıra və publik şəkildə bunu nümayiş etdirə. Hə bu da bəllidir ki, daim bir nəfər bir yerdə rəhbər  ola bilməz ki.

Lakin məni düşündürən başqa məqamdır. Tahir müəllim məlum hadisədə “… Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki”, sualı verir. İndi məni maraqlandıran suallar ortaya çıxır; Tahir müəllim, 1991-ci ildən bu günə qədər xeyli sayda kitablar, broşür və digər çap məhsulları nəşr etdirmisiniz, bunların hamısını öz hesabınıza etmisiz? Dövlət bunlara və dünyada apardığınız xeyli sayda tədbirlər üçün sizə vəsait ayırmayıb? Bu tədbirlərə şəxsi vəsaitinizi xərcləmisiz? Ümumiyyətlə mənə maraqlıdır bu illər ardıcıllığında sizin tədbirlərə dövlət-ölkəmiz ümumilikdə nə qədər vəsait ayırıb? Hə, dövlət deyəndə öz milli dövlətimizi nəzərdə tuturam.

Elə bu yaxınlarda  Şuşaya  etdiyim səfər zamanı QHT-lərə Dövlət Dəstəyi Agenliyinin “Şuşa ili” qrant layihəsinın qaliblərindən sizin olmanız xəbərini eşitdim. Bu  ölkənin dəstəyi deyil?! Sizin layihənizə 25500 manat ayrılması dövlətin, ölkənin qayğısı deyil?!


“Həmin zaman “AMKA -nın “ Qarabağ Mətbəxinin incıləri” kitab layihəsinə tam dəstək, kömək, maraq, hörmət gördüm. Mən istədiyimdən 2 dəfə, lahiyəyə lazım olandan 9 dəfə az vəsait ayrılmağını da başa düşürəm. Başqalarına da kömək etmək lazımdır. Ölkəmizdə 4 min QHT var.” – fikri də sizə məxsusdur.


İndi nə oldu, illərdir Vətənin diqqəti və qayğısı ilə əhatə olunduğunuz halda nə dəyişdi?


Azərbaycan istedadlar ölkəsidir, bəlkə də sizə ayrılan diqqətin yarısı qədər digər bacarıqlı, istedadlı aşbazlara ayrılsa idi indi kimləri tanımış olmazdıq? Siz isə bu qədər qayğının və dəstəyin olmasına baxmayaraq “…Ölkəmizə lazım olmayan..” sözləri ifadə edirsiniz.


Hələ işdən çıxarımamışdan bir neçə gün öncə, may ayının 10-da yazırsınız; “…Hələ 1994-cü ildə, yenicə hakimiyyətə gəlmiş Ulu Öndər ölkənin çox ağır durumuna baxmayaraq milli kulinariya sahəsini də diqqətdən kənarda qoymur və 1994-cü ilin iyununda ÜKTB-yə (WACS) məktub-müraciət ünvanlayır. Bu müraciəti Norveçdə keçirilən kulinariya konqresinə mən apardım. O zaman konqresdə CAR prezidentinin və Heydər Əliyevin məktubları oxundu. Heydər Əliyevin məktubu çox böyük rezonans doğurdu və biz jurnalistlərlə ayrıca bir görüş keçirməli olduq. Bu Azərbaycanın tanınmasında və Azərbaycana inanılmasında çox böyük rol oynadı. “ Bu fakt ölkənin sizə və gördüyünüz işə diqqəti deyil?


1997-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Azərbaycan Milli Kulinariya Mərkəzinə (AMKM) dövlət büdcəsindən ayrıca sətirlə maliyyə ayrılmağa başlanılması, AMKM Hökümət evində ofislə təmin edilməsi bu ölkənin qayğısı deyil?


Yenə də, ümummilli lder Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə gənclər siyasəti proqramı çərçivəsində Azərbaycanda gənc və peşəkar kulinarların daimi olimpiadaların keçirilməsi məsələsinin reallaşması neçə, bu da dövlətin, ölkənin qayğısı və dəstəyi deyil? Belə misallar çox çəkmək olar.


Tahir müəllim, yuxarıda tarixdən misal gətirdiyim hallar bəllidir. Bəs işdən getdikdən sonra nə dəyişdi? Sizin sitəminiz nəyə və kimlərədir? Əsl ziyalı özünüz demiş ömrünü sərf edərək yazdığı əlyazmaları, kitab və diplom yandırar? Kitablarınız, əlyazmalarınız sizə lazım deyildisə paylayardınız istedadlı aidiyyəti mütəxəssislərə. Muzey üçün yığdığınız əsərləri isə, təqdim edərdiniz ömrünüzün uzun illərini həsr etdiyiniz təşkilata. Saxlanılması və gələcəyə ötürmək üçün bağışlayardınız kitabxanalara. Belə etsəidiniz, sizcə bu əsl ziyalı, Vətən sevdalısının doğru addımı olmazdı?


Hə bu arada, sizin bir yerdə mən “Piterdə tələbə olmuşam” fikrinizi oxuduqda gözümün önündə Lenin inqilabı canlandı. Çünki Peterburq yox, Piter deyəndə istər- istəməz o inqilab yada düşür. Sanki sitəminizi Piterdən ruhlanan inqilabçı fəhlənin ruhuna bənzətdim.


Belələiklə hörmətli Tahir müəllim, əlbəttə ki, hər kəs öz mövqeyini sərbəst ifadə edə bilər. Hansısa məsələlərə etiraz etmək, narazılıq bildirmək və s. mümkündür. Bəs kitab yandırmaq nə deməkdir?

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ