Nöqsanlar aşkar ediləndə- Yunus Oğuz yazır
Tarix: 19-08-2022, 16:39
Baxılıb: 1 028
Google+ Paylaş
Tumblr Paylaş

Nöqsanlar aşkar ediləndə- Yunus Oğuz yazır

19-08-2022, 16:39

YUNUS OĞUZ


FELYETON


Son zamanlar  məni  bir  cümlə  ürpədir: nöqsanlar  aşkar  edilib, filan  yerdə...Ay canım, nə  qədər  nöqsanlar   aşkar  edilər? Özü də  nöqsan  yox, nöqsanlar, yəni  cəm  şəklində..Kimsə  səhv  edib  işində, yenə...yenə...,yığışıb nöqsanlara  çevrilib.Bəlkə  heç səhv  etməyib, bilə-bilə edib? Hə,qardaş, burada Əslinin  yaxasının  düymələrini aça  bilmədiyindən  Kərəmi ağlamaq yox, od  tutub."Yanğınsöndürənlər"gələnə qədər  yazıq  külə  dönüb.Əsli  də  başını bulaya-bulaya evinə  qayıdanda ürəyində  deyib:  "Hayıf  Kərəmdən! Yaxşı  odlanmağı  vardı."Bax, burada "yanğınsöndürən" neynəsin? Adam  alışa-alışa yanıb  külə  dönüb.Əgər  Kərəm  bilmədən  o  düymələri  açmayıbsa, nöqsandır.Yox  bilə-bilə  bunu  etməyib  özünü  oda  veribsə, hə, bu  artıq  korrupsiyadır.Bununla  da  bizim  korrupsiya  idarəsi  məşğul  olur.Hə,nöqsan  ayrı, korrupsiya  ayrı.


Yadıma  sovetlərdən  qalma  bir  lətifə  düşdü.Deməli,  iki  nəfər  görüşür, biri  o birisindən  soruşur:


-Qardaş,əgər  mən  bu  sovet  hökumətindən  razıyamsa,rahat  yaşaya  bilərəm?


Həmsöhbəti  ona  cavab  verir:


-Razısansa, səninlə "obexis"( iqtisadi cinayətkarlığa  qarşı  mübarizə  idarəsi)məşğul  olacaq, razı  olmağının  səbəblərini  araşdıracaq.


O birisi  bir  qədər fikirləşib yenə  soruşur:


_Bəs  əgər bu  hökumətdən  razı  deyiləmsə, onda necə  olacaq?


Həmsöhbəti  düşünmədən  deyir:


-Onda  səninlə  KQB (Dövlət  Təhlükəsizlik  Komitəsi) maraqlanacaq.


İndi biz də həmin dövrün elə bil orta pilləkanında oturmuşuq. Sadəcə olaraq, indi bizdə adlar dəyişib. Səhv buraxdın,  Hesablama Palatası məşğul olur. Nöqsan da isə artıq məsələ böyüyür, gedib çıxır korrupsiya ilə mübarizə idarəsinə. Hə, bu məsələ bir az da böyüsə, şişsə, genəlsə, onda Dövlət Təhlükəsizlik Xidməti acı bağırsaq kimi uzanan bu böyümənin, şişmənin, genəlmənin qarşısını alır, ictimai təhlükəyə çevrilməsinə imkan vermir. O zaman gözünə döndüyüm "qara niqablılar" kəsir nöqsan edənin başının üstünü. Nə yemisən, turşulu aş. Yox, yox, elə fikirləşməyin ki, onlar nöqsan edəni eşşək sudan qayıdana kimi çırpırlar. İndi naftalin iyi verən metodlardan çoxdan, bilmərrə əl çəkmişik. İndi iyirminci əsrdə qalan bu iyrənc, ürək bulandıran, adamın gözünün odunu alan üsullara hacət yoxdur. İndi daşdan keçən faktlar və yeşik-yeşik xarici valyutalar adamın gözünü və başqa yerini tikan kimi deşdiyindən keçən əsrin əzab üsulları lüzumsuz kimi görünür.


Bir də görürsən elə xəbərlər sızdırırlar ki, adamın dəymişi dura-dura, kalı tökülür. İçindən od tutub yanmağa başlayırsan. Buna "yanğınsöndürən" neyləsin? Kərəm olma, odlanma, otur-oturduğun yerdə də...


Bax, yazırlar ki, uşaq bağçalarında nöqsanlar aşkarlanıb. Guya yeməklərin pulunda mənimsəmələr var. Ay qadan alım, uşaq bağçalarında, məktəblərdə nöqsanlar olar də. Çünki, bu müəssisələr ictimai yerlərdir və dövlətimizin gələcəyi bu uşaqların əlindədir. Hər uşağa gələcəyi etibar etmək olmaz ki. Ələnməlidir, öyrədilməlidir, mövcud mühitə uyğunlaşmalıdır. Dövlətin büdcə borusunu hər uşağın ağzına dürtüş- dürmək  olmaz,əks-təqdirdə özündənrazılıq  yaranar, adam  özünü əvəzolunmaz  hesab  edər,çevrilər "yanğınsöndürən"ə.Səhvsiz,nöqsansız  yer  olmaz.Yoxdursa,deməli,ora  qəbirstanlıqdır,ölü  sükutu olan  bir  yerdir. Doğrusu, qəbirstanlıqlara ölü  sükutu  olan  yer  deməyə  adam  utanır. Qəbirstanlıqların  böyür-başı restoranlarla  doludur.Zalım  uşaqları gecələr  elə  çal-çağır   edirlər  ki, deyirsən  indicə  dirilərlə yanaşı  ölülər  də  durub  rəqs  edəcəklər.Deyəsən  oynayırlar  da,çünki  bu  restoranlarda iynə  atırsan, adam  əlindən  yerə  düşmür.

Büdcə borusuna  əmzik  yapışdıran    təkcə uşaq  bağçaları, məktəblər  deyil  ki...Özü  də  bu  əmzikləri  bizimkilər  icad  eləyiblər.Belə  şeylərdə  biz  bacarıqlıyıq.Bu  əmzik  üçün  elə  yapışqan  düzəldiblər  ki, onu  büdcə  borusuna  yapışdırdınsa, bir  daha,  ta  ölənə  qədər qopmaz.Əm ki əməsən. Ölkəmizdə  heç  buğdada  da  o  yağışqanlıq  yoxdu. Nə  olardı,icad  etdiyiniz  o  yapışqanı  taxıl  sahələrinə  də  tətbiq  edin  ki,xaricdən  bu  qədər  taxıl  alıb  gətirməyək.


Hələ siz  bu  kənd  təsərrüfatına  baxın! Ora  elə  əmzik  qoyublar ki,şeytan  da  ora  öyrənməyə  gəlir.Biçinqabağı  əmzik  şüşəsini  doldurmasan,Yezid,Şümür  kimi  suyun  qabağını  elə  kəsir  ki, yazıq  fermer  Əli  aşından  da  olur,Vəli aşından  da..Bunun  hələ  gübrəsi  var,"solyarkası" var,nə  bilim  nələri,nələri  var,hamısı  da  əmziklərdən  keçir.O  gün  biri  tv-də  çıxış  edib  deyir ki,bəs  mənə  yelli(yəni  doğmağa  hazır  olan)inək  əvəzinə qısırını(doğa  bilməyən)soxuşdurublar.İstəmirəm  inəyinizi,gəlin  aparın.


Nöqsanlarımız  çoxdur,ancaq  bunları  aşkar  etmək çox  çətindir,çünki mütəxəssimiz  çatmır.Yaxşı  mütəxəssis  olanda  da  özü  bilə-bilə  nöqsan  buraxır.


Bəs nə bilmişdiniz?


O de, qabaqlar universiteti bitirəndən sonra, uzağı bir aya diplomunu ala bilərdin. İndi bu diplomu bir ildən tez ala bilməzsən. Niyə? Çünki, əmzik şüşəsini doldurmalısan. A kişi, belə dərd olar? Onsuz da bu uşaq pulunu verib, oxuyur da. Day buna diplomla axırıncı zərbəni sən niyə vurursan? Uşaq universiteti qurtaranda ata-ana baxır ki, lüt-üryan qalıblar, çapılıb talanıblar. Onlar da məcbur olub işlədiyi yerlərdə nöqsanlar buraxırlar. Öz əmziklərini borulara yapışdırmağa məşğul olurlar.


Hələ bu banklara baxın! Elan verir ki, 15-20 faizə istədiyin qədər kredit verirəm. Ay kişi, sən Allah bizi güldürmə! O krediti götürən  özü o faiz qədəer qazanc əldə edəcəkmi? İndi bütün dünyada 7-12 faiz gəlir əldə edilir. Deməli, kredit götürən sənə işləyəcək, üstəlik borclu da qalacaq. Sən Allah belə dərd olar? Bəs neyləməlidir? Nöqsanlar içində itib-batmalıdır. Əlini də yelləyib, deyəcək: Harada qırıldı, qırıldı.


Əlbət, bir gün qırılacaq. O da nöqsanlar aşkar ediləndə. Bəs nə bilmişdiniz? İnsan bəşər, bəzən çaşar. Çaşmaq səhvə dönür, nöqsana çevrilir. Bütün bunlar da aşkar ediləndə deyir ki, peşmanam.


Mən hələ o "Məhsul" stadionu satanlardan, akademiyada büdcə  borusuna əmzik qoyanlardan yazmıram


Qəribə bir hadisə də baş alıb gedir. Bu da dövlət içində özünü dövlət hesab edən məhkəmələrdir. Nöqsanlar aşkar edilir, hakim ona iş kəsir. Bir müddət keçir, adam məhkəməyə müraciət edir ki, bəs mən nöqsansızam, mənə bəraət verin. Bəzən  də  bəraət alır. Yaxşı, bəs onda, o "qara maskalılar" o boyda dəlil-sübutla səni niyə qoltuq-qapaz eləmişdi? Əmlakın  əməkdaşları elə sehrbazlıq edib ki, daha burada səhv, nöqsan olmur. Sənədləri elə yoxa çıxardırlar ki, orada nöqsan tapa bilməzsən. Çünki, hər addımları cinayətdir.


O gün Qəbələ regional idarənin rəisi Bağı "müəllimi" və bir-iki bələdiyyə sədrini tutub, damladılar.


Nə isə nöqsanlar aşkar ediləndə çalışın onu cinayətə yox, səhvə çevirin. O zaman sənə "yaxşı kişidir" deyəcəklər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ