Misraların Telli Sənəm ovqatı
Tarix: 13-04-2022, 13:14
Baxılıb: 2 153
Google+ Paylaş
Tumblr Paylaş

Misraların Telli Sənəm ovqatı

13-04-2022, 13:14

“Telli Sənəm Borçalı” yaradıcılığı haqqında qeydlər

Poeziya şairin məxsusi, fərdi yaradıcılığının ehtiva olunduğu ruhani məkandır. Hər bir şairi düşündürən önəmli cəhətlərdən biri də əsərlərinin əbədiliyinin cövhərini tapmaq üçün  istedad sərgiləməsidir. Bu arzunun, istəyin çin olması üçün sənətkarın özünəməxsus üslubu, yaradıcılıq fərdiliyi vacib elementdir. Zaman sübut edib ki, şairin üslub fərdiyyəti yaradıcılığının başlıca indeksi olmaqla bərabər, həm də bədii nümunənin, bədii əsərin uzunömürlü olmasını təmin edən əsas amillərdəndir. 

İnsan dünyaya gəldiyi gündən son ana qədər həyatında müxtəlif hadisələrlə qarşılaşır, müəyyən hisslər keçirir. Yaşantıları insanı böyüdür, gücləndirir, əzmli edir. Keçirdiyi sevinc, kədər, xoşbəxtlik, həyəcan, qorxu, əzab və s. hisslər insanın daxilində doğulur və bir yolla azadlığa çıxmağa can atır. Bu qurtuluş müxtəlif üsullarla həyata keçir: gülməklə, ağlamaqla, susmaqla və s. Bəzən isə bu hisslər öz ifadə tərzini dəyişərək daha mürəkkəb, daha canlı şəkildə təqdim edilir - musiqi, rəsm, şeir şəklində. Telli xanım da duyğularını fərqli şəkildə təqdim edənlərdəndir. O, həyatın dərin qatlarında yaşanmışları nəzmə çəkərək duyğularını sətirlərə düzür, ürəyindən axan sözləri vərəqlərə köçürür. Hisslərini sözə çevirən bir xanımın şeirlərinin əsas mövzusu vüsala çatmayan nakam məhəbbətdir. Telli xanım yazılarında zərif, kövrək, lakin bütün məşəqqətlərə baxmayaraq öz ayaqları üstündə durmağı bacaran bir qadın obrazı yaradıb.

Onun misralarında bir qadının tənhalıqdan doğan əzabın əlində çırpınması, sevgi həsrətində olan ürəyinin iztirabları əks olunub. Telli xanımın şeirlərindəki qadın obrazı nə qədər tənha olsa da, bir o qədər sabaha ümidli, gələcəyə inamlıdır. Sevgidən ümidini kəsməyən lirik qəhrəman bir gün sevgiyə bürünəcəyini düşünür, bu ümidini əsla itirmir.

Şairin poetik əsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb edir. Onun fərdi poetik siması yalnız qələmə aldığı nümunələrin üslüb cəhətlərində deyil, həmçinin hadisələrə yanaşmasında, onları seçməsində və qiymətləndirməsində, lirik “eqo”nun əhval-ruhiyyəsini təravətli, həm də səmimi çalarlarla ehtiva etməsindədir.

O, dilimizin zəngin  bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir.  Telli Sənəm Borçalının yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və obrazlılıq mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna uğurlu yaradıcılıq səciyyəsi daşıyır.

Şairin lirikasında həsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heç vaxt duyulmur. Kitabdakı şeirlərində vətənin, valideyn-övlad məhəbbətinin, doğma ocağın tərənnümü, həmçinin xeyirxahlıq, nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfı mündəricə gətirir.

  Şairin sevgi şeirinlərində təşbehlər gözəldir, bənzəyənlə bənzədilən arasında məntiq var..

Telli Sənəm Borçalının bütün şeirlərində poeziya ətri var.

İncə duyğularla ədəbiyyata gələn bu   şairin.seirlərindəki hisslər, poetik misralar içindən gələn kövrək duyğuların harmoniyasını özünəməxsus tərzdə oxucusuna çatdırır, misralarındakı poetik yükün rəngarəng çalarlarını sezməmək olmur:

Telli Sənəm utancaq, təvazökar xarakteri şeirlərindəki xoş səmimiyyət, sakit təbiətinə xas olan üz cizgiləri onun könül dünyasının zənginliyindən xəbər verir. 

Telli Sənəm Borçalının şeirlərində həyat, sevgi, əbədilik, insanın yaşam tərzi, təbiəti harmoniyasına aid diqqət çəkən məqamlar çoxdur. Onun   şeirlərində həzin, kövrək bir ANA ağrısı və bu ağrılı həsrətin siqlətində yaranan şeiriyyətin qoxusu poetik sözün yanındadır.

 Müəllifin  vətən mövzusunda olan şeirləri də özünəməxsusluğu ilə seçilir. Onun vətənpərvər şeirlərində şəhidə sayğı, vətənə sevgi aydın duyulur. Qarabağı görməyən, onu ancaq şəkillərdən tanıyan müəllif Qarabağın azad olunması ilə artıq qovuşmaq məqamının yetdiyini, o yerləri canlı görə bilməyin mümkünlüyünü şeirində inamla ifadə edir. Vətənimizin qələbə çağlarında şair qələmindən çıxan vətənpərvərlik şeirləri igid Azərbaycan əsgərinin obrazını özünün poetik dünyasında gördüyü kimi təsvir edir.

Şəhidlərin ruhuna olan hörməti, onların xatirəsinin uca tutulmasını hər bir vətəndaş kimi Telli xanım da özünün mənəvi borcu hesab edir, hər zaman şəhid adını üstün tutur. Ona görə də rəhbəri olduğu «Telli Sənəm» jurnalının bütün saylarında şəhidlərə həsr olunmuş yazılar çap edir. 

 O, daim inkişaf edən həm forma və məzmun əlvanlığı, həm də poetika baxımından kamilləşən bir qələm  sahibidir.

Bədii sənətin gücü böyük ideyanın, dəyərli fikrin obrazlı təcəssümündə, səmimi və təravətli ehtivasındadır. Bu keyfiyyətlər qələm sahibindən bədii sözün məna çalarlarını, dilin incəliklərini duymağı, poetik obrazlar sistemində əsərin forma və məzmun vəhdətini yaratmağı, sənət qarşısında daim məsuliyyət hissini qorumağı tələb edir. Bütün bu məziyyətlər istedadlı şair Telli Sənəm Borçalının  yaradıcılığında öz əksini tapmışdır.

İstedadlı şairin ədəbi-bədii və mətbu yaradıcılığını onun nailiyyəti kimi səciyyələndirmək olar.

Telli xanımın şeirlərindən bir parçanı təqdim edirik.

Məhəbbətlə yaşamışam bu ömrü,

Sevgi dolu bir qəmzəli qu ömrü.

Götür mənim sevincimlə yu ömrü,

Gözəl yaşım, əlli üçüm, xoş gəldin.


Hənir aldım ruhumdakı közümdən,

Eşqim heç vaxt əl üzmədi dözümdən.

Ümidləndim hər zaman öz-özümdən,

Gözəl yaşım, əlli üçüm, xoş gəldin.


Bu kövrələn bəxtimi çox yoxladım,

Bəzən dərdi əllərimlə oxladım.

Yetimliyi sinə dolu qoxladım,

Gözəl yaşım, əlli üçüm, xoş gəldin.


Ömür yolum yetişibdir yamaca,

Telli, çətin kimsə bəxtdən baş aça.

Öz-özümə pıçıldadım astaca,

Gözəl yaşım, əlli üçüm, xoş gəldin.


Bilman İsaq


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ