Tural Abbaslı qardaşının necə şəhid olmasından danışdı- MÜSAHİBƏ
Tarix: 13-10-2021, 18:24
Baxılıb: 3 030
Google+ Paylaş
Tumblr Paylaş

Tural Abbaslı qardaşının necə şəhid olmasından danışdı- MÜSAHİBƏ

13-10-2021, 18:24

Bu gün onun şəhadətinin bir ili tamam olur. Sosial şəbəkədə həmişə vətənpərvər statuslar paylaşırdı. Hər kəs onu vətənsevər biri kimi tanıyırdı. 44 günlük Vətən savaşındakı rəşadəti isə onu bütün Azərbaycana qəhrəman kimi sevdirdi. Öz adını şəhadəti ilə əbədi olaraq bu millətin qan yaddaşına yazdırdı. Şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olundu.

Teymur Abbasov haqqında qardaşı, Ağ Partiyanın sədri Tural Abbaslı ilə söhbətləşdik. Teymurun könüllü olaraq orduya yazılmasından, hansı şəraitdə şəhid olmasından danışdıq. Tural Abbaslı söyləyir ki, qardaşı saatlarla hərbi komissarlığın qarşısında gözləyib ki, onu da müharibəyə aparsınlar. Hətta sənədləri tapılmadığı üçün komissarlıq işçiləri ilə söz savaşına da çıxıb. İlk atəşkəs razılaşmasını eşidəndə əsəbiləşib. Döyüşlər bərpa olunanda isə hərbçi yoldaşları ilə bayramlaşıb.

- Tural bəy, Teymur haqqında danışmaq istəyirik. Deyəsən, xüsusi təyinatlı qüvvələrdə hərbi xidmət keçmişdi, Tovuz döyüşlərindən sonra orduya yazılmışdı. Üstəlik, yaşı da çox idi, onu vətən uğrunda bu yaşda döyüşməyə nə vadar edirdi?

- Teymur 2002-ci ildə universiteti başa vurduqdan sonra hərbi xidmətə getmişdi. Orada hərbi xidmətinin son 3 ayında zabitlik kursuna yazılmışdı. Həmin kursu leytenant rütbəsində başa vurmuşdu. Yəni 2003-cü ildə hərbi xidmətdən leytenant rütbəsində geri dönmüşdü. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində general-mayor Polad Həşimov və digər hərbçilərimizin şəhid olmasından sonra Teymur bizə və ailəsinə demədən könüllü olaraq orduya yazılmışdı. Könüllü yazılanlardan idi. Müharibəyə könüllü getmək, könüllü savaşmaq istəyirdi. Amma İkinci Qarabağ müharibəsi başlayanda Teymuru çağırmadılar. Çünki Teymurun artıq 40 yaşı və iki azyaşlı övladı var idi. Üstəlik, işləyirdi.

- Bəs sonra nə oldu?

- Sonra Teymur Nəsimi rayonu üzrə hərbi komissarlığa getdi. Bildirdi ki, müharibəyə getmək istəyir. Könüllü yazıldığını da deyib. Bütün bunları evdə məsləhətləşməyib. İşdən icazə alıb hərbi komissarlığa yollanıb. Bu, sentyabrın 27-də - müharibə başlayan gün baş verib. Zabit olduğunu, xüsusi təyinatlı qüvvələrdə xidmət etdiyini, bir daha könüllü getmək istədiyini söyləyib. Orada bildiriblər ki, sənə olmaz, sən gedə bilməzsən. Orada mübahisə edir. Hətta bir tanış tapır, zəng elətdirir. Daha sonra məlum olur ki, Teymurun sənədləri Nəsimi rayonu hərbi komissarlığından götürülüb və Yasamala göndərilib. Amma komissarlıqda bildirirlər ki, gələrsən... Sonra evə gəldi, bizə və ailəsinə xəbər verdi ki, muştuluğumu verin, mən müharibəyə gedirəm.

- Evdəkilərin onun bu qərarına reaksiyası necə oldu?

- Təbii ki, evdə hamımız bir anlıq şoka düşdük. Evdə ailəsi, uşaqları, anam narahat oldu. Dedilər ki, sənin 40 yaşın var. Axırıncı dəfə silahı 17 il bundan qabaq əlinə götürmüsən. Niyə bizə demədin? – dedilər. Elə cavab verirdi ki, məsələni mübahisələndirmirdi. Məsələni elə qoyurdu ki, onu mübahisələndirməyin yeri yox idi. Yox, getmə - demək olmurdu. Yoldaşı da nəsə deyə bilmədi. Sonra gəlib evdə anamla sağollaşdı. Elə mənimlə bir yerdə gəlmişdi. Sonra evinə qayıtdıq. Sevinə-sevinə iş yerinə zəng elədi. Bildirdi ki, mən müharibəyə gedirəm, məndən sarı narahat olmayın. Hətta iş yerində olduğu mövqedən daha bir üst pillə vəzifəyə qalxırdı. Şöbə rəisi bildirmişdi ki, bu mövqeyə yüksəl, sonra get, bəlkə qayıdana qədər o yer boş qalmaz... Teymur da cavabında söyləmişdi ki, müharibəyə gedim, qəhrəman kimi qayıdım, həmin mövqeyimi də elə qəhrəman kimi tutaram. Heç o da qismət olmadı... Yenidən evə qayıtdı və Nəsimi rayon hərbi komissarlığından Teymura zəng etdilər ki, sizin sənədlər bizdə deyil, sizi göndərə bilmərik. Teymur buna çox əsəbiləşdi, söylədi ki, mən işimə, ailəmə demişəm. Yenidən hərbi komissarlığa qayıtdı.

- Teymur Abbasov sonradan Yasamal hərbi komissarlığına gedir, deyəsən...

- Bəli. Çünki yaşına baxan adam onu müharibəyə göndərmək istəmirdi. Yenə deyirəm, artıq 40 yaşı var idi. Fevral ayında 40 yaşı tamam olacaqdı. Yasamalda sənədləri tapılmır. Bir neçə saat, daha doğrusu, gecə yarısına qədər orada oturub gözləyir. Hətta oradakı işçilərlə mübahisə edir. Məlum olur ki, Teymur xüsusi təyinatlı qüvvələrdə xidmət etdiyi üçün onun sənədləri həmin xüsusi qovluqda saxlanılırmış. Yenidən xüsusi qovluq araşdırılır və sənədləri oradan çıxır. Axırda Teymura çağırış vərəqəsi yazılır və deyirlər ki, sabah saat 9-da gələrsən. Həmin vaxt komendant saatı idi. Bayıra çıxmaq olmurdu. Axşam bizə zəng elədi ki, səhər saat 5-də gedirəm. Saat 5 tamamda evdən çıxdı və gedib hərbi çağırışda oturdu. Axşam saat 10-a qədər o, hərbi komissarlıqda idi, aparmadılar. Avtobus bunları aparmadı. Mənim özüm də məntəqənin qarşısına getdim. İki-üç saat gözlədim. Axırda bizə xəbər yolladı ki, siz gedin, bizi gec yola salacaqlar. Yalan olmasın, o yola düşənə qədər artıq 4-5 avtobus getmişdi. Teymurgili gecə saat 10-da apardılar. Yəni səhər saat 5-dən gecə saat 10-a qədər orada oturdu. Sanki qorxurdu ki, komissarlıqdan çıxsa, onun adını siyahıdan çıxara bilərlər. Gecə saat 10-da onları Tağıyev qəsəbəsindəki hərbi hissəyə göndərdilər. Orada hərbi forma verdilər. Təlimlərə başladılar. Teymur zabit idi, ona görə də taqım komandiri oldu. Sentyabrın 29-u artıq Tağıyev qəsəbəsindəki hərbi hissədə idi. Səhv etmirəmsə, ayın 9-u onları Füzuliyə apardılar.

- Füzulidən sizə ilk dəfə nə zaman zəng elədi?

- Bir gün Füzulidə qalandan sonra mənə zəng elədi. Səhər tezdən zəng eləmişdi, Tağıyev qəsəbəsindəki təlimlər zamanı biz onunla 2 dəfə görüşə bilmişdik. Üzqırxan, daraq, dırnaqtutan, ayaqqabı sürtgüsü istəmişdi... Tək özü üçün yox, ən azı beş-altı nəfərə lazım olacaq qədər... Sonra yenə zəng elədi. Söylədi ki, yoldaşı ilə uşaqlarını gətirək, hər ehtimala qarşı görüşmək istədiyini bildirdi. Biz onunla 6 və 7 oktyabrda Tağıyev qəsəbəsində sonuncu dəfə görüşmüşdük. Füzuliyə getməmişdən bir gün qabaq idi. Sonuncu dəfə ailəsi və uşaqları ilə hasarın o üzündə-bu üzündə görüşdülər. Səhv etmirəmsə, ayın 8-9 arası Füzuliyə yola düşdü. Onların təhkim olunduğu hərbi hissə ön xətdə olduğu üçün həmin hərbi hissənin yeri boş qalmasın deyə, oraya yerləşdirilirlər. Teymurgilə məlumat verilir ki, lazım olsa, siz arxa cəbhədən önə gedəcəksiniz. Bunu eşidən kimi səhər saat 5-də mənə zəng etdi - bizim bir dostumuz var, qardaşı zabitdir, “Qarabağ ordeni” aldı, Şuşaya qədər döyüşdü – Teymur mənə dedi ki, həmin zabitin nömrəsini tap, mənə ver. Soruşdum ki, neynirsən, dedi ki, nəyinə lazımdır? Mən də nömrəni verdim. Dostumuza zəng vurub ki, qardaşına denən məni ön xəttə göndərməyə yardımçı olsun. Bilirdi ki, dostumuzun qardaşı ön xətdədir. Hətta öz bölüyünə salmasını xahiş etmişdi ki, ön xətdə döyüşsün. Qardaşı da deyib ki, vallah aləm bir-birinə dəyib... Heç ona ehtiyac da olmadı... Bir gün sonra Hadrut istiqamətinə yol alıblar. Orada bir döyüşdə erməni minaatanlarının mərmilərinə tuş gəliblər. Elə ilk döyüşləri olub. Teymurun 24-25 əsgəri olub, hər birinə təpəni yuxarı qalxmasına, silah-sursatlarının daşınmasına bir-bir kömək edir. Baxmayaraq ki, özünü də qorumalı idi. Ən sonda isə özü qalxır. Nəinki öz taqımına, hətta digər taqımlara da kömək edir.

- Tural bəy, ağır olsa da, bu sualı vermək istəyirəm; Qardaşınız hansı şəraitdə şəhid olub?

- Həmin günün axşamı Hadrutda, meşəlikdə mövqe tuturlar. 200-300 əsgər meşənin içərisində yerləşir. Onun da əsgərləri bəlli məsafədə düzülüblərmiş. Tək öz taqımını yox, sağ və sol cinahlarındakı taqımın əsgərlərini də yoxlamaq üçün tez-tez o baş-bu başa gedib gəlirmiş. Çünki gecə və gənc əsgərlər, meşəlik... Əsgərlər qorxmasın deyə, onlara tez-tez baş çəkirmiş. Üç-dörd dəfə gedib-gəlir. Axırıncı dəfə gedəndə onun yanındakılar söyləyib ki, komandir, bir az dincələk, sonra gedərik. Teymur da qayıdıb ki, o zaman siz dincəlin, mən bir baxım... Elə orada ermənilərin kəşfiyyat qrupu ilə üz-üzə gəlib. Teymur onları görməyib. Teymura üç güllə vurulub. Onlardan ikisi zirehli gödəkçəyə dəyib. Biri “bronjilet”in açıq hissəsindən, yan nahiyəsindən keçib bədəninə dəyib. Oktyabrın 12-i gecə Hadrutda həmin güllədən şəhid olub.

- Bəs şəhid olma xəbərini nə zaman aldınız?

- Ayın 13-də. “JEK”dən evinə gəliblər. Yoldaşı evdə olmayıb, qayınanasından soruşublar ki, bura Teymurun evidirmi? O da narahat olub. Qayınanasına heç nə deməyiblər. O, mənə zəng elədi, “JEK”dən gəlmişdilər - söylədi. Zəng elə gör nə məsələdir - dedi. Mən zəng etdim, dedilər ki, hərbi komissarlığa gedin. Artıq biz başa düşdük... Hərbi komissarlıqdan da bildirdilər ki, başınız sağ olsun, artıq yoldadır, gəlir... bir saata nəşi Bakıya çatacaq – dedilər. Teymur da 2907 şəhidimizdən biridir. Çalışmalıyıq ki, hər birinin adını yaşadaq, uca tutaq.

- 1 il keçib... Teymursuz necə keçdi bu bir il?

- Ana ağlayır. Yarası sızıldayır, sağalmır. Mən əsəbləşirəm ki, Teymur cavan uşaq deyildi, 18-19 yaşı yox idi ki, deyəsən emosiyalara qapılıb gedib. Adam şüurlu şəkildə - iki övladını, ailəsini, işini-gücünü qoyaraq gedib. Xatirinizdədirsə, müharibə gedən dövrdə 24, ya 48 saatlıq atəşkəs oldu. Zabit dostları danışır ki, həmin ərəfədə Teymurun qanı qaralıb. Söyləyib ki, torpaqlar alınmayıb, nə atəşkəs... bir az kefləri pozulub. Bir gün sonra eşidib ki, müharibə davam edir, bir-birləri ilə qucaqlaşıblar, seviniblər. Sanki bayramlaşıblar ki, müharibəmiz davam edir, torpaqlarımızı alacağıq. Yəni bütün bunlar onu deyir ki, Teymur şəhid olmaq riskini göz önünə alaraq müharibəyə yollanıb. Bəlkə də istərdi ki, qəhrəman kimi dönsün, yüzdə əlli şəhid olma ehtimalı var idi, özü də bunu bilirdi. Hətta buna verilən “Kolaşnikov” avtomatının altında balaca qumbaraatan qurğu olur. Bu da hər avtomat silahında yoxdur. Hər zabitə də verilmir. Amma Teymura veriblər. Zabit dostlarından biri deyir ki, komandir, bu silahı mənə verin. Teymur da qayıdır ki, sən şəhid olanda mənim silahımı götürərsən. Bu da onu göstərir ki, adam şəhidliyi gözünün önünə almışdı. Bu mənada mən Teymurun seçiminə də hörmətlə yanaşmağın tərəfdarıyam. Onsuz da zamanı gələndə hamımız dünyadan köçəcəyik. Dünyadan köçməyin ən gözəl məqamı da elə şəhidlik zirvəsidir. Allah bütün şəhidlərimizin şəhadətini qəbul eləsin!publika.az

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ