Tarixi qayıdış və xalqın qurtuluşu: 15 iyun
Tarix: 15-06-2021, 10:45
Baxılıb: 4 000
Google+ Paylaş
Tumblr Paylaş

Tarixi qayıdış və xalqın qurtuluşu: 15 iyun

15-06-2021, 10:45

Ulu öndər Heydər Əliyev: «Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına daim xidmət etmişəm»

«...Mənə bu gün böyük etimad göstərdiyinə görə, Milli Məclisin üzvlərinə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram. Və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm... Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm». Bu ulu öndər Heydər Əliyevin 1993-cü il 15 iyununda Azərbaycan parlamentinin tarixi iclasında sədr seçildikdən sonra çıxışında səsləndirdiyi sözlərdir.

Həmin vaxt AXC-Müsavat iqtidarı şok vəziyyətində idi. Hadisələrin sürətlə cərəyan etməsi fonunda dövlət orqanlarının çaş-baş qalması, rəhbərliyin isə ümumiyyətlə iflic vəziyyətdən çıxa bilməməsi qabarıq şəkildə özünü büruzə verirdi. DİN və AXC informasiya mərkəzinin yaydığı məlumatlarda vəziyyət reallığa uyğun qiymətləndirilmir, hadisələrə görə bütün cavabdehlik S.Hüseynovun üzərinə atılırdı. İyunun 5-də xalqa müraciətində prezident Elçibəy gəncləri səbirli olmağa və vətəndaş sülhünü bərpa etməyə çağırırdı. Bununla da ən yüksək səviyyədə etiraf olunurdu ki, ölkədə vətəndaş qarşıdurması mövcuddur.

Hadisələrə operativ şəkildə münasibət göstərmək iqtidarında olmayan iqtidar nəhayət, 2 gün sonra, iyunun 7-də Prezident Aparatında (PA) müşavirə keçirmək qərarına gəldi. Lakin bu müşavirə nəinki vəziyyəti düzəltdi, əksinə onu daha da ağırlaşdırdı.

Prezidentin nitqindəki qarmaqarışıqlıqda hakimiyyətin çaşqınlığı əyani şəkildə əksini tapırdı. Verilən təkliflər də ağlabatan deyildi.

Sonrakı günlərdə də, iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslar ölkənin hansı vəziyyətə salındığını, AXC-Müsavat hakimiyyətinin mahiyyətini bütün qabarıqlığı ilə göstərdi. Qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj - bu iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətə gəldiyini ortaya qoydu.

Parlamentin sessiyasındakı maraqlı məqamlar bununla yekunlaşmır. Artıq iyunun 8-də Milli Məclis bəzi qərarları qəbul etməyə müvəffəq olur. İyunun 9-da AXC İK maraqlı bəyanat verir. Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərksilah olunmasını və S.Hüseynovun saxladığı girovların buraxılmasını tələb kimi parlamentin qarşısına qoyanlar deputatların girov götürüldüyünü və onların binadan çıxmasına imkan verilməyəcəyini bəyan edir.

Belə vəziyyətdə hakimiyyətə gəldiyi ilk dövrlərdə ölkədəki digər siyasi qüvvələrə qarşı qərəzli mövqe tutan AXC-Müsavat hakimiyyəti vəziyyətin dözülməz dərəcəyə gəlib çıxdığını görərək müxalifətə üz tutmağa, nüfuzlu şəxslərdən kömək ummağa başladı.

İqtidar əsasən iki qüvvəyə - Naxçıvan Ali Sovetinin sədri cənab Heydər Əliyevə müraciət edir. Onlar Heydər Əliyevin ölkəni bu vəziyyətdən çıxaracağını görürdülər.

Heydər Əliyev kimi dahi siyasətçi AXC-Müsavat cütlüyünün bu cür "yumşalmasının" arxasında nəyin dayandığını yaxşı başa düşürdü. O bilirdi ki, Ə.Elçibəy, İ.Qəmbərov hakimiyyətinin əsas məqsədi heç də ölkəni çətin vəziyyətdən çıxarmağa yönəlməyib. Burada əsas məqsəd hakimiyyət kürsüsünü qoruyub-saxlamaqdır. Bununla yanaşı, Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın fəlakətinə biganə qala bilməzdi. Məhz bu amil onun iyunun 9-da qəti qərar qəbul edərək Bakıya gəlməsini şərtləndirir. Heydər Əliyevin əsas məqsədi Azərbaycanı fəlakətdən qurtarmaq idi. Beləliklə, Azərbaycanın qurtuluşuna səbəb olan ilk addım atıldı: XİLASKAR TARİXİ MİSSİYASINI YERİNƏ YETİRMƏK ÜÇÜN BAKIYA GƏLDİ. İyunun 9-u saat 15:00-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə Hava Limanında yerə endi.

Aydın məsələdir ki, Heydər Əliyev Bakıya gəldiyi ilk saatlarda yaranmış vəziyyətlə fəal şəkildə maraqlanaraq, müxtəlif səviyyəli görüşlər keçirərək məsələni araşdırdı. Əvvəlcə prezident Ə.Elçibəylə ilk məsləhətləşmələr apardıqdan sonra Heydər Əliyev Azərbaycan Elmlər Akademiyası rəyasət heyətinin binasında elm xadimləri, tanınmış ziyalılarla görüşdü. Həmin görüşdə Heydər Əliyev bildirdi ki, o, Bakıya respublika prezidenti Ə.Elçibəyin təkidli xahişi ilə gəlib və yaranmış vəziyyətdən ağılla çıxmağın yollarını arayır. O, ölkənin ağır vəziyyətində bütün imkanlarından istifadə edəcəyinə söz verdi.

Heydər Əliyev qətiyyətlə bildirdi ki, "mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına daim xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kəsin şübhəsi olmasın. İkincisi, mən heç vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım daxilində yol verməyəcəyəm və Sovetlər İttifaqının bir daha bərpa oluna bilməz".

Bu sözlərlə Heydər Əliyev vaxtilə Sovetlər İttifaqının başında duran şəxslərdən biri kimi imperiyanın bərpasına çalışan qüvvələrə qəti sözünü dedi və Bakıya qayıdışının məqsəd və məramını açıqlamış oldu.

İyunun 13-də Milli Məclisin növbədənkənar iclası keçirildi. İclasda Ali Sovetin yeni sədrinin seçilməsi məsələsi gündəliyə qoyuldu. Bu vəzifəyə kimin seçiləcəyi də aydın idi - XALQ HEYDƏR ƏLİYEVİ GÖZLƏYİRDİ.

Heydər Əliyev isə bu məsələnin hələ müzakirəyə çıxarılmamasını xahiş edərək Gəncədəki vəziyyətlə tanış olmadığını və məsələni birbaşa yerindəcə aydınlaşdırmaq üçün ora getmək istədiyini bildirdi. Heydər Əliyevin bu addımı mövcud iqtidarın törətdiyi cinayətlər nəticəsində yaranmış vəziyyəti aradan qaldırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki vəziyyətlə yerindəcə tanış olmadan, S.Hüseynovun məqsədini aydınlaşdırmadan hər hansısa real addımlar atmaq olduqca çətin idi. Beləliklə, iyunun 13-də axşam saat 6-da Heydər Əliyev, o cümlədən müxtəlif xarici və yerli KİV nümayəndələri Gəncəyə yola düşdülər.

İki günlük danışıqlardan sonra Heydər Əliyev Bakıya qayıdır və dövlətçiliyin çox böyük təhlükədə olduğunu, vəziyyətin həddindən artıq qorxulu həddə çatdığını bəyan edir. AXC-Müsavat iqtidarının buraxdığı kobud səhvlər vəziyyəti son dərəcə ağırlaşdırmış, S.Hüseynovun dəstələrinin paytaxta qədər gəlib çıxmasına şərait yaratmışdı. Belə məqamda Heydər Əliyevin hakimiyyət nümayəndələrinin iqtidarın müdafiə olunması xahişini yerinə yetirməsi qeyri-mümkün idi. Çünki həmin dövrdə xalqda iqtidara qarşı o qədər böyük nifrət yaranmışdı ki, hətta Heydər Əliyev kimi əhalinin böyük əksəriyyətinin pərəstiş etdiyi lider də onu dəstəkləsəydi, bu addım onun nüfuzuna təsir göstərər və qiyamçıların hakimiyyəti ələ almaq şansını bir az da artıracaqdı. Gəncəyə səfər ərəfəsində iqtidar nümayəndələri ilə aparılan danışıqlarda hakimiyyət tərəfindən irəli sürülən təkliflərin mahiyyəti bundan ibarət idi ki, Heydər Əliyev qiyama mənfi münasibətini heç olmasa ümumi şəkildə bildirməklə, Ə.Elçibəylə əməkdaşlığa getdiyini bəyan etməli və Ə.Elçibəylə birlikdə xalqa, öz tərəfdarlarına müraciət edərək dövlətçiliyi müdafiə etməyə çağırmalı idi. Göründüyü kimi, hətta ən ağır məqamda AXC-Müsavat iqtidarı reallığı düzgün qiymətləndirə bilmir, kürsü maraqlarını dövlətçilik maraqlarından üstün tutduğunu gizlətmirdi.

İyunun 15-də Heydər Əliyevin Gəncəyə səfəri ilə əlaqədar təxirə salınmış MM-in fövqəladə iclası davam etdirildi. İclasda Əbülfəz Elçibəy dilə gəlib həqiqətən də Heydər Əliyevin onun xahişi ilə Bakıya gəldiyini və köməklik göstərmək üçün ona səlahiyyətlərin verilməsinin zəruri olduğunu bildirdi. Ə.Elçibəy yaxşı başa düşürdü ki, Heydər Əliyevin yüksək səviyyədə bu məsələyə müdaxiləsi olmasa, Azərbaycanda vətəndaş qırğınının qarşısını almaq mümkün olmayacaq, Heydər Əliyevə səlahiyyət vermədən ondan nə isə istəmək də mümkün deyildi. Axı heç bir səlahiyyəti olmayan Heydər Əliyev nə edə bilərdi?

İndiyə kimi ancaq populizmlə məşğul olaraq ölkəni bərbad hala salan şəxsin əvəzinə Heydər Əliyev kimi səriştəli siyasətçinin Ali Sovetin sədri seçilməsi, bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail olması günün tələbi deyildimi?

Heydər Əliyevin namizədliyi irəli sürüldü və böyük əksəriyyətin səs çoxluğu ilə (lehinə 34 nəfər, əleyhinə 3 nəfər, bitərəf 1 nəfər, səs vermədi 1 nəfər, iştirak edirdi 39 nəfər) Azərbaycan parlamentinin sədri seçildi. İclasa sədrlik edən Afiyəddin Cəlilov sözü Heydər Əliyevə verdi:

- Mənə bu gün böyük etimad göstərdiyinə görə, Milli Məclisin üzvlərinə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram. Və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm... Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək".

Daha sonra yaranmış vəziyyətin mürəkkəbliyini bir daha xatırladaraq Heydər Əliyev bildirdi: "Güman edirəm ki, hamılıqla bu vəziyyətdən çıxa biləcəyik. Sizin hamınızı bu yolda birliyə dəvət edirəm".

Bəli, məqsəd və amalı daim xalqın birliyi, dövlətçiliyin inkişafı olan ümummili lider Heydər Əliyev məhz bugünümüz üçün bu reallıqları Azərbaycan xalqına bəxş etdi. 44 günlük Vətən müharibəsində əldə olunmuş Böyük Qələbə, 30 il müddətində işğal altında olan torpaqlarımızın azad edilməsi, Dağlıq Qarabağın status məsələsinin birdəfəlik həlli məhz ulu öndər Heydər Əliyevin 15 iyunda hakimiyyətə qayıdışı ilə bünövrəsi qoyulmuş böyük siyasətin uğurlu nəticələridir. Xalqımız 15 İyun Qurtuluş gününün bəhrəsini bu gün də görməkdədir.   

Qafar ƏLİYEV,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ