Tibbi sığortada BİLMƏDİKLƏRİMİZ!
Tarix: 3-04-2021, 08:34
Baxılıb: 3 238
Google+ Paylaş
Tumblr Paylaş

Tibbi sığortada BİLMƏDİKLƏRİMİZ!

3-04-2021, 08:34

 Bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmətdən istifadə etmək imkanı qazanıb.
GunAz.az verir ki, icbari tibbi sığorta sistemi ölkəmiz üçün yeni olduğundan, təbii olaraq, bir çox məqamlar, xüsusən də icbari tibbi sığorta haqlarının ödənilməsi ilə bağlı məsələlər vətəndaşlar üçün maraq doğurur.
Məlum olduğu kimi, ölkədə icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli Qərarı ilə isə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli Qərara dəyişiklik edilərək icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib.
İcbari tibbi sığorta haqlarının yığımını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə Report-a bildirib ki, artıq 3 aydır hüquqi və fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqları ödənilir. İcbari tibbi sığorta haqları aylıq ödənişdir və növbəti ayın 15-dək ödənilməlidir.
Qanunvericiliyə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əmək haqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödənilir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və onlar üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödənilir.
Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə gəlincə, onlara münasibətdə sığortalı qismində bu şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər və həmin sığortaolunanlar üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında ödəniş müəyyənləşdirilib.
Yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat məbləğində ödəniş nəzərdə tutulub.
Aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığorta haqqı şəklində icbari tibbi sığorta fonduna ödənilməlidir.
N.Vahabzadə bildirib ki, qeyri-dövlət və qeyri-neft sektorunda əmək müqaviləsi əsasında çalışan şəxslər üçün qanunda 2022-ci il yanvarın 1-dək 1 il müddətinə 50 faiz güzəşt nəzərdə tutulub. Belə ki, həmin şəxslər tərəfindən əmək haqqının 8 000 manatadək olan hissəsinin 2 faizi yox, 1 faizi ödənilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ