Pandemiya zamanı şagirdlərə qiymətlər necə yazılacaq?
Tarix: 22-05-2020, 13:44
Baxılıb: 2 904
Google+ Paylaş
Tumblr Paylaş

Pandemiya zamanı şagirdlərə qiymətlər necə yazılacaq?

22-05-2020, 13:44


Təhsil Nazirliyinin kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərar verib.

Bu qərar bu ilin oktyabrın 1-dək qüvvədədir.

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydası aşağıdakı kimidir:

1. Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.

2. Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:

2.1. ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.

3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.

4. II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

5. İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

6. Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

7. Hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

8. Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.

9. Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

10. Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.

11. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

12. Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

12.1. 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

12.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

12.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

12.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

13. Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalarla tənzimlənir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ