Toqquşma nöqtəsi: Putin Ərdoğanı Bəşər Əsədlə barışdırır? - Son durum
Tarix: 3-09-2019, 09:31
Baxılıb: 1 032

Toqquşma nöqtəsi: Putin Ərdoğanı Bəşər Əsədlə barışdırır? - Son durum

3-09-2019, 09:31

Suriyanın İdlib vilayətindəki son hərbi durum Türkiyə ilə Rusiyanın maraqlarının toqquşma nöqtəsidir. Rusiya Suriyada Bəşər Əsəd rejimini dəstəkləyir, onun hakimiyyətdə qalması üçün hər cür addım atır və çalışır ki, Əsəd prezident olaraq öz hakimiyyətini Suriyanın bütün ərazilərində möhkəmlətsin. Türkiyə Bəşər Əsədi prezident olaraq qəbul etmir, onun hakimiyyətdən getməsini istəyir. Bu mənada Ankara və Moskvanın Suriya maraqları bir-birinə əksdir.
Bu fikirləri Teleqraf.com-a son günlər Suriyada müşahidə olunan prosesləri şərh edən politoloq Oqtay Qasımov deyib.
Politoloq hesab edir ki, Suriya ərazilərində dövlətin suverenliyi bərqərar olmalıdır: “Əslində Ankaranın da marağı ondan ibarətdir ki, Suriya ərazisində özünə yer tapan terror təşkilatları Türkiyəni təhdid etməsin, Suriyada sabitlik olsun, ağır humanitar çətinliklərə səbəb olan köç dalğası baş verməsin, əlavə döyüşlərin başlaması səbəbindən Türkiyəyə 100 minlərlə qaçqın axını müşahidə edilməsin. Ankara üçün vacib olanı bundan ibarətdir.
Fikrimcə, bu məsələlərə nail olmağın yolu Suriya hakimiyyəti ilə danışıqlara getməkdir. Təbii ki, Suriya rejiminin idarəedici qüvvəsi Rusiyadır. Yəni Suriyada Bəşər Əsəd deyil, Rusiya söz sahibidir.
Əlbəttə, İranında Suriyada maraqları və ciddi təsirləri var. Bu üç ölkənin razılaşması ilə maraqlar uzlaşdırılmalıdır. Bütün hallarda həm Bəşər Əsəd, həm Tehran, həm də Moskva birlikdə İdlibin təmizlənməsi və bu vilayətdə Əsədin hakimiyyətinin bərqərar olmasına çalışacaqlar, yəqin buna da nail olacaqlar.
Ankaranın Amerika ilə təhlükəsizlik bölgəsi yaratmaq və orada müəyyən nəzarəti həyata keçirilməsinə dair razılaşma Rusiya tərəfindən heç də xoş qarşılanmır. Bu mərhələdə Rusiya həm də buna görə İdlibdə Türkiyəni sıxışdırmağa başlamışdı.
Hesab edirəm ki, Moskvada Putin-Ərdoğan arasında İdlib mövzusunda razılaşması müvəqqətidir. Çünki fundamental olaraq maraqların çarpaz olması səbəbindən bu mövzuda uzunmüddətli anlaşma əldə edilməsi qaranlıq görünür. Moskva görüşü bu problemi həll etməyəcək”.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ