Qadınlarda əlavə süd vəzi aşkarlanarsa...
Tarix: 26-08-2019, 19:10
Baxılıb: 1 142

Qadınlarda əlavə süd vəzi aşkarlanarsa...

26-08-2019, 19:10

Süd vəziləri qadınlar üçün ən çox problem yaradan orqanlardan sayılır. Qadınlar arasında bu vəzilərin xərçəngi də digər orqanların bədxassəli şişləri ilə müqayisədə daha çox inkişaf edir. Bəzi qadınlarda isə “əlavə süd vəzi” vəzlər də müşahidə olunur.

Əlavə süd vəzisi nədir? Onların yaranması xəstəlikdirmi? Bu vəz aşkarlananda nə etmək lazımdır?

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, mammoloq-radioloq Günel Qəmbərovanın sözlərinə görə, əlavə süd vəzinə qadınlar arasında 4-6 faiz rast gəlinir. Onlar əsasən döş əzələsi, körpücükaltı və qoltuqaltı nahiyənin toxumasından inkişaf edir.

Əlavə süd vəzilərinin adətən giləsi olmasa da, həqiqi süd vəziləri kimi görünürlər. Yəni əlavə süd vəziləri də menstrual tsikl zamanı və laktasiya dövründə böyüyür, şişə bilir, elastik və hərəkətli olurlar. Əlavə süd vəzisinin giləsi və kiçik axarları olarsa, buna tibdə polimastiya deyilir.

Bu vəzlərin yaranma səbəbi barədə danışan mammoloq deyib ki, indiyə kimi bunun dəqiq səbəbi göstərilmir. Bəzi versiyalara görə, onlar genetik pozuntu fonunda yaranır.

Bu vəzlər əsasən aktiv cinsi yetişkənlik dövründə ortaya çıxır, onların formalaşması adətən anomaliya kimi qiymətləndirilir. Amma bəzi mütəxəssislər hesab edir ki, bu, əcdadlardan qalan rudimentdir. Bu rudimentlər isə ən çox qoltuqaltı, onurğa sütunu, boyun və cinsi orqanlar ətrafında yaranır və belə hallar embrion dövrün patologiyası sayılır. Süd vəzi toxumaları hamiləliyin 6-cı həftəsində yaranır, bətndaxili inkişafın 10-cu həftəsində artıq elementlər sorulmuş olur. Normal halda uşaqlar dös qəfəsinin önündə yerləşən bir cüt simmetrik süd vəziləri ilə doğulur.

Həkim deyib ki, əlavə süd vəzilərinin 8 forması mövcuddur. Onların yarıdan çoxu vəzi toxumasından məhrum olur. Belə hallarda vəzi həmin şəxsi incitmirsə, narahatlığa əsas olmur. Amma istənilən halda onlar izlənməlidir.

Mütəxəssisin sözlərinə görə, bu süd vəziləri ağrılı və ağrısız ola bilir. Daha çox estetik və psixoloji narahatlıqlar yaradırlar. Adətən yarım oval formada olurlar. Ancaq giləli süd vəzilər daha çox normal süd vəzilərinə oxşayırlar. Giləli süd vəzilərdə bəzən ifrazatlar gələ bilər. Qoltuqaltında yerləşən əlavə süd vəziləri sıxılmalara, travmaya daha çox məruz qaldıqları üçün adətən ağrılı olurlar.

Əlavə süd vəziləri vizual baxış zamanı aşkarlansa da, USM və mamoqrafiya müayinəsi mütləq sayılır. Çünki onlar vizual olaraq xala bənzəyə bilər. Bir qədər artıq çəkili qadınlarda isə bu müayinələr əlavə süd vəzilərini lipoma və kistadan ayırd etmək məqsədilə aparılmalıdır. Eyni zamanda əlavə süd vəzilərində hansısa iltihabi dəyişikliklər olub-olmadığını da USM və mammoqrafiya ilə müəyyən etmək olur.

G. Qəmbərova qeyd edib ki, daim travmaya məruz qalma riski olan əlavə süd vəzilərinin anatomiya və strukturu diqqətdə saxlanmalıdır. Əlavə süd vəziləri onkoloji problem sayılmasa da, onlarda da xərçəng yarana bilər...
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ