Xalqımız öz şərəfli adını özünə qaytarır
Tarix: 3-11-2020, 12:10
Baxılıb: 3 397
Google+ Paylaş
Tumblr Paylaş

Xalqımız öz şərəfli adını özünə qaytarır

3-11-2020, 12:10

Abutalıb Səmədov: «Hərbi əməliyyatlar xalqımızın böyüklüyünün, cəsurluğunun, qəhrəmanlığının təsdiqi oldu»
Müsahibimiz Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovdur.
- Natamamlığımız artıq tamamlanır, yəni torpaqlarımız azad olaraq geri qaytarılır, bu bütövləşməyimizə münasibətiniz.
- 30 ildən artıq bir zaman kəsimində mənfur qonşumuzun sayəsində çox fəlakətlərlə, faciələrlə üzləşdik. Haqlı olduğumuz halda həqiqəti uzun müddət dünyaya çatdıra bilmədik. Dünya birliyindən, özlərini “demokratiya carçıları” elan edən beynəlxalq təşkilatlardan, iri dövlətlərdən hər cür ədalətsizliyi gördük. “Əli böyüklərin ətəyində” olan ermənilər torpaqlarımızı işğal etdilər, ləyaqətsiz davranışları ilə qürurumuza toxundular. Sizin çox düzgün qeyd etdiyiniz kimi millət olaraq özümüzdə “natamamlıq kompleksi” hiss etdik, güvənimiz, inamımız azaldı. Bütün bu bəlalardan Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordumuzun sayəsində xilas olduq. Millət olaraq dirçəldik, özümüzə güvənimiz, inamımız geri qayıtdı, həyatımızın ən xoşbəxt günlərini yaşadıq və yaşayırıq. Bu gün Azərbaycan xalqı Vətən naminə bir nəfər kimi şəhid olmağa hazır olan dünyanın ən qorxmaz, mərd xalqıdır. Son aylarda bütün dünya bizim millət olaraq böyüklüyümüzü gördü və bu böyüklüyü etiraf etmək məcburiyyətində qaldı.
- Vətən müharibəsi dövründə iqtidar-müxalifət birliyi milli birliyimizə, həmrəy olmağımıza təkan verir. Bu birliyin davamını necə görürsünüz?
- Hərbi əməliyyatlar başlayan andan Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyanın 50-si birləşərək Ali Baş Komandanın yanında olduğunu, hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi. Təəssüf ki, iki partiya bu bəyanatı bizimlə birlikdə imzalayıb bütün dünyaya birliyimizi nümayiş etdirmək istəmədi. Sonradan, hərbi əməliyyatların gedişində Ermənistan rəhbərliyinin namərd və faşist əməllərini müşahidə etdik, mülki əhaliyə qarşı insanlığa sığışmayan cinayətlərinin şahidi olduq. Uğradığı dəhşətli məğlubiyyətlərdən başını itirən, aqoniya vəziyyətində olan rəsmi Yerevan beynəlxalq hüququ heçə sayaraq Cenevrə Konvensiyalarına zidd əməllər törətdi, Gəncə, Mingəçevirdə, Bərdədə, Tərtərdə və digər yaşayış məntəqələrində mülki əhalini raket atəşinə tutmaqla hərbi cinayətlər törətməkdən çəkinmədi. Bu cinayətlərlə bağlı 50 siyasi partiayanın beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə əsas tələbimiz cinayətkar Ermənistanın rəhbərliyinin məsuliyyətə cəlb olunmasıdır. Ümid edirik ki, Ermənistanın faşist rəhbərliyinin dinc insanlara, uşaqlara qarşı törətdikləri hərbi cinayətlər sivil dünyanın qəzəbinə səbəb olacaq və layiq olduğu qiyməti alacaqdır. Həmin bəyanatı da iki partiya imzalamaqdan imtina etdi. Bu cür davranış onlar üçün xarakterik olduğundan, təəssüf doğursa da bizi qətiyyən təəccübləndirmədi.
İnanıram ki, Azərbaycan prezidentinin səyi nəticəsində formalaşan bu birlik müharibədən sonra da davam edəcək və dövlətimizin qazandığı böyük uğurlarda mühüm rol oynayacaq.
- Rusiya kanalları, ümumiyyətlə dünya siyasətçiləri artıq Azərbaycanı sanballayaraq bizim haqq işimizi dəstəkləyir və reallıqdan danışırlar. Sizcə, buna Ali Baş Komandan İlham Əliyevin səlis, diplomatik müsahibələrinin təsiri varmı?
- Bu gün qazandığımız uğurlarda möhtərəm prezidentimizin rolu çox böyükdür. O,bir tərəfdən Ali Baş Komandan kimi hərbi əməliyyatların aparılmasına ümumi rəhbərliyi həyata keçirir, digər tərəfdən ingilis, rus və türk dillərində verdiyi çoxsaylı müsahibələri ilə informasiya müharibəsində bütün ağırlığı öz üzərinə götürərək erməni təbliğatının tezislərini darmadağın edir. Eyni zamanda dünya liderləri ilə davamlı danışıqlar apararaq onların haqq işimizə mane olmaması üçün misilsiz işlər görür. İnanıram ki, dövlət başçımızın bu titanik fəaliyyəti xalqımız tərəfindən layiqincə qiymətləndirəcək və bu müstəsna xidmətlər heç vaxt unudulmayacaq.
Sizin qeyd etdiyiniz kimi, informasiya məkanında mühüm çəkiyə malik olan Rusiya kanallarında Azərbaycana münasibətin dəyişməsi şübhəsiz ki, ilk növbədə Prezident İlham Əliyevin apardığı böyük işin, onun məntiqli, elmi cəhətdən və beynəlxalq hüquq baxımından əsaslandırlmış müsahibələrinin nəticəsidir. Canlı debatlar zamanı Paşinyanı dəfələrlə darmadağın edən prezidentimizlə qürur duymamaq mümkünsüzdür.
- Dünya dövlətləri bizə xammal mənbəyi kimi baxırdı, amma Azərbaycanın hərbi gücü, bu yanaşmanı qırdı…
- Haqlısınız, müstəqilliyimizin ilk illərində dünya dövlətləri bizə xammal mənbəyi kimi baxırdı. Sonradan Ulu Öndər bu yanaşmanı dəyişmək üçün böyük işlər gördü. Prezident İlham Əliyev Azərbaycanı dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirdi. Dünyanın ikinci ən böyük beynəlxalq təşkilatına - Qoşulmama Hərəkatına yekdilliklə Azərbaycanın sədr seçilməsi bu nüfuzun sübutudur. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün təklif etdiyi Qətnamənin qarşısının alınması Azərbaycan dövlətinin gücünü bir daha nümayiş etdirdi. Müharibə meydanında ordumuzun qazandığı uğurlar isə hələ uzun müddət dünya ekspertləri tərəfindən öyrəniləcək və layiq olduğu qiyməti alacaqdır.
- Təbii ki, Vətəni vətən edən şəhidlərimizdi. Sizcə, şəhidlərimizin ruhu qarşısında belə xalq məğlub ola bilərmi?
- Hərbi əməliyyatlar xalqımızın böyüklüyünün, cəsurluğunun, qəhrəmanlığının təsdiqi oldu. Bütün dünya gördü ki, qorxaq, özünə yox, ağalarına güvənən ermənilərin qarşısında qələbə naminə, torpaqlarımızın işğaldan azad olunması naminə hər an şəhid olmağa hazırmilyonlarla azərbaycanlı dayandı. Dünyanın bu cəsarəti, bu böyüklüyü etiraf etməkdən, xalqımıza heyranlıqlarını ifadə etməkdən başqa yolu qalmadı. Xalqımız öz şərəfli adını özünə qaytarır və bu böyük işdə həlledici rol möhtərəm prezidentimizə məxsusdur.
- Rəsmi İrəvan təslimçiliyin ruhundadır, sizcə qələbə çoxmu uzaqdadır?
- Azərbaycan Ordusu Ermənistan dövlətinə sarsıdıcı zərbələr vurdu, bir millət olaraq erməniləri sındırdı və bu zərbələrdən onların özünə gəlməsi mümkünsüzdür. Erməni ordusu darmadağın edilib, sınmış, ümidini itirmiş ermənilər yalnız özlərini xilas etmək barədə düşünürlər. Qələbə lap yaxındadır və bayrağımızın Xankəndinə, Şuşaya sancılacağı günə çox az qalıb. Ermənistanın ağ bayraq qaldıracağı ana sayılı günlər qalıb.
- Vətən müharibəsi ərəfəsində hamının ruhu, fikiri ön cəbhədədir, arxa cəbhədə gözə görünməz olan düşmənimiz koronavirus yoluxması isə günü-gündən artır, sizcə bunun qarşısını necə almalıyiq?
- Bizim hər birimizin borcu gigiyenik tələblərə əməl etmək, ictimai yerlərdə tibbi maskalardan istifadə etmək və nəyin bahasına olursa-olsun özümüzü qorumaqdır. Qələbə gününü görmək naminə özümüzü bu günlərdə xüsusilə qorunmalıyıq. O müqəddəs günü görmədən ölməyə heç birimizin haqqı yoxdur.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ