Müşfiq Ələsgərli: “Mətbuat Şurası reklamla bağlı elə bir mexanizm təklif edir ki...”
Tarix: 11-06-2019, 08:40
Baxılıb: 934
Google+ Paylaş
Tumblr Paylaş

Müşfiq Ələsgərli: “Mətbuat Şurası reklamla bağlı elə bir mexanizm təklif edir ki...”

11-06-2019, 08:40

“Azərbaycanda kifayət qədər reklam var, sadəcə, onun şəffaflaşması, ədalətli paylanması problemi var"

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mətbuatın reklam bazarının inkişafı ilə bağlı görülən işlər, reklam sahəsindəki problemlər və onların həlli yolları ilə bağlı “Yeni Müsavat”a danışıb. Həmin müsahibəni təqdim edirik:
- Müşfiq müəllim, bildiyiniz kimi, bir neçə ay öncə KİV-in maliyyə problemləri gündəmə gələrkən, reklam bazarının inkişafı məsələsi də diqqətə alındı. Azad reklam bazarının formalaşdırılması istiqamətində işlərin görüləcəyi ilə bağlı vədlər verildi. Bu günə qədər o istiqamətdə hansı işlər aparılıb?
- Reklam bazarının qaydaya salınması  çox vacib məsələdir. KİV büdcəsinin formalaşması üçün bir çox mənbələr nəzərdə tutulub, burada ianələrdən satışa qədər çox variantlardan istifadə olunur.  Ancaq əsas  ağırlıq reklamın üzərindədir. Çox təəssüf ki, Azərbaycanda medianın rəsmən elan olunan reklam bazarı Azərbaycan iqtisadiyyatının durumuna adekvat deyil və KİV-lər üçün uyğun deyil. Həm Mətbuat Şurası, həm də KİVDF bununla bağlı təkliflər paketi hazırlayıblar. 2018-ci ildə Azərbaycan Mətbuat Şurası KİV-lərin inkişafı və maliyyə durumlarının yaxşılaşması üçün təkliflər paketi hazırlayıb. Bu paket 16 təklifdən ibarətdir. Onun içində əsas ağırlıq reklamla bağlı məsələlərin yoluna qoyulmasıdır. Bu təkliflər hazırlanıb və dövlət qurumlarına verilib. İndi dövlət qurumları onu nə zaman müzakirə edəcəklər, nə zaman nəticə verəcək- bu başqa bir məsələdir.
- Təkliflər nədən ibarətdir?
- Təkliflərdən biri budur ki, reklamların verilməsi, paylaşdırılması ilə bağlı  hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Bu gün Azərbaycanda reklam yoxdur demək olmaz. Reklam var, ancaq ədalətsiz bölünüb. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi odur ki, reklamın qara formalarından istifadə olunur. Ən ciddi faktorlardan biri gizli reklam məsələsidir. Reklam açıq olmalıdır, reklam işarəsi altında verilməlidir,  onun qarşılığında KİV-ə müəyyən ödəniş olunmalıdır. Verilən reklamlar arasında gizli və rəsmiləşdirilməmiş, elan olunmayan və bu yolla vergidən yayınan reklamlar çoxdur. Mətbuat Şurası elə bir mexanizm təklif edir ki, həmin mexanizm reklamın şəffaflaşdırılmasına imkan verəcək. Mən onun detallarını açmaq istəmirəm, ancaq məqsəd budur ki, mövcud olan reklamlar şəffaf olsun, KİV-lər arasında ədalətli bölünsün. Hər kəsə tirajına və  imicinə görə paylansın. Əgər verilən bu təkliflər özünü doğruldarsa, o zaman reklam sahəsində şəffaflığı təmin etmək mümkün olacaq.
- Reklam sahəsində mətbuatın əsas rəqibi sosial şəbəkələrdir. Bu məsələdə çıxış yolu nədir?
- Son vaxtlar sosial şəbəkələrin inkişaf etməsi reklamlarla bağlı problem yaradıb. Bir reklam verən fikirləşir ki, reklamı KİV qurumuna verib, çox ciddi bir ödəniş etməkdənsə həmin reklamı özünün yaratdığı sosial şəbəkə üzərindəki səhifədə çox rahatlıqla paylaşa bilər. Ancaq bu nə dərəcədə qanunauyğundur, bu, müzakirə olunmalıdır. O sahədə müəyyən səliqə-sahman yaradılmalıdır. Bu məsələdə problem var. Üçüncü məsələ odur ki, dövlət qurumlarının əksəriyyəti özlərinin KİV orqanlarını təsis ediblər. Ancaq onların heç bir imici, ciddi tirajı, ictimai rəyə təsir imkanları yoxdur. Həmin dövlət qurumları özlərinin verəcəkləri elan və reklamları həmin KİV orqanlarında yerləşdirirlər. Bu, haqsız rəqabətdir, həm də maliyyənin sağ cibdən-sol cibə axıdılmasıdır. Onlar özlərinin informasiya təminatını ümummilli KİV-lər vasitəsilə həyata keçirirlər, ancaq reklamı özlərinin təyin etdikləri KİV-lərə yönəldirlər.  Bu ədalətsiz yanaşmadır. Reklam verilməsinin mexanizmi yaradılarsa, bu prosesdə şəffaflıq əldə olunarsa, bu problemlər də aradan qalxmış olacaq.
- Reklam bazarının inkişafı mətbuat və  söz azadlığına necə təsir göstərəcək?
- Müasir dünyada və Azərbaycanda ciddi problemlərdən biri yalan xəbər məsələsidir. Yalan xəbərin inkişaf etməsinin bir çox səbəbləri göstərilsə də, əsas faktorlardan biri ənənəvi medianın mövqelərinin zəifləməsidir. Xəbər peşəkar media qurumu tərəfindən istehsal olunmalıdır. Xəbər peşəkar qurumlar tərəfindən yayılmalıdır. Sosial şəbəkədə olan insanlar o xəbərə yalnız şəxsi rəylərini bildirə bilərlər, sosial şəbəkələr bunun üçündür. Ancaq çox təəssüf ki, bu gün sosial şəbəkə istifadəçiləri bu virtual imkandan informasiyaları izləyib ona rəy bildirmək üçün deyil, özləri xəbər istehsal etmək üçün istifadə edirlər. Ancaq onlar xəbər standartlarını bilmədiklərinə görə ciddi şəkildə jurnalistika qaydalarını pozurlar. Bu baxımdan əgər reklam yenidən ənənəvi KİV-lərə yönləndirilərsə, ənənəvi KİV-lərin maliyyə imkanları artırılarsa, bu, həmin KİV-lərin daha da inkişaf etməsi, informasiya məkanında güclü yer tutması deməkdir. Ənənəvi mediaya reklam yönləndiriləndə ənənəvi media inkişaf edir və informasiya məkanında əsas paya sahib olur. Bu da yalan xəbərlərin dövriyyədən çıxmasına, nifrət çıxışlarına qarşı, cəmiyyətdə təlatüm doğuran informasiyalara qarşı mübarizə aparmağın  ən məqbul yollarından biri ənənəvi medianın imkanlarının bərpa olunmasıdır. Bunun üçün də reklam əsas faktorlardan biridir.
- Bəzən reklam verənlər müəyyən şərtlər irəli sürürlər, həmin KİV-də onlar haqqında heç bir neqativ informasiyanın verilməməsini tələb edirlər. Dünya təcrübəsində  bu məsələ necə tənzimlənir?
- Bu haqsız və qeyri-qanuni bir tələbdir. Reklam haqqında qanun bunu tamamilə istisna edir. Reklam  verənin tələbi reklamla bağlı ola bilər, bu reklam verilir  və üzərində reklam işarəsi olur. Qanunda birmənalı şəkildə göstərir ki, reklam verənin hansısa neqativ əməlinin işıqlandırılması istisna olunmur. Əgər reklam verənin fəaliyyətində hansısa qanun pozuntusu varsa, KİV-in onu işıqlandırmamaq kimi bir öhdəliyi yoxdur. Onu yaya bilər, eyni zamanda həmin qurumun  fəaliyyətindəki neqativ halları da işıqlandıra bilər. Bu, həm “Reklam haqqında” Qanunda, həm də «KİV haqqında» Qanunda  öz əksini tapıb. O başqa məsələdir ki, reklam verənlər bu cür “ərklə” davrana bilirlər, media qarşısında şərt qoya bilirlər.  Ona görə ki, reklam  verilməsində bir qeyri-şəffaflıq var. Düşünürlər ki, əgər bu gün  nüfuzlu bir media qurumu o reklamı verməsə, gedib başqa şəkildə, qara yollarla öz reklamını edəcək. Qara yollar dedikdə  aztirajlı  KİV-ləri, sarı mətbuatı, sosial şəbəkələrdəki reklamı nəzərdə tuturam.  Qanunda müəyyən boşluqlar var və mütləq şəkildə tənzimlənməlidir.
Bəzən şirkətlər nüfuzlu KİV-də normal vəsait  ödəyərək məhsulunu reklam etməkdənsə, maxinasiyalara gedərək, daha qeyri-peşəkar KİV-lərdə 10 qat ucuz qiymətə verməklə, qalan pulu mənimsəyirlər. Yəni məhsulun reklamından gələn gəlirin bir hissəsini reklama çəkdiyi xərcə qənaət etməklə götürür. Bu yolla həm vergi orqanını, həm müəssisədə çalışanları aldadır. Yəni şəxsi gəlir olaraq həmin vəsaiti götürür. Problem məhz budur və qeyri-şəffaf KİV-lər də  bu cür maxinasiyalara şərait yaradırlar. Ona görə də hesab edirəm ki, dövlət qurumları bu məsələnin üzərinə kifayət qədər getməlidirlər. Mən şəxsən hesablamışam ki, Azərbaycanda kifayət qədər reklam var, sadəcə, reklamın şəffaflaşması, ədalətli paylanması problemi var.  Bu problem də aradan qaldırılmalıdır.
- Mətbuat Şurasının sədri həm də Milli Məclisin üzvüdür. Bu məsələlər parlamentdə hökumət qarşısında qaldırılırmı?
- Bəli, Mətbuat Şurasının sədri ildə bir neçə dəfə bütün fəsillərdə Milli Məclisdə bu məsələni çox ciddi şəkildə qaldırır. Biz hökumət və dövlət nümayəndələrini də dəvət edirik ki, həmin çıxışlara reaksiya versinlər və onların müzakirə olunub gerçəkləşməsini təmin etsinlər. Hər il bir neçə dəfə Əflatun Amaşovun bununla bağlı çıxışları olur.
Nərgiz LİFTİYEVA,

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ