Nə qədər sülhdən danışmaq olar?
Tarix: 29-09-2020, 08:32
Baxılıb: 3 908
Google+ Paylaş
Tumblr Paylaş

Nə qədər sülhdən danışmaq olar?

29-09-2020, 08:32

Araz Əlizadə: «30 ildir ki, torpaqlarımızın erməni işğalından azad olunacağı günü gözləyirik»
«Ermənistan əgər sülh istəyirsə bütün işğal olunmuş torpaqları azad etməli və bundan sonra danışıqlar üçün masa arxasında oturulmalıdır». Bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə «Azad Azərbaycan» qəzetinə müsahibəsində deyib.

- Araz bəy, sizcə hal-hazırda gedən müharibəni Böyük Vətən Müharibəsi adlandırmaq olarmı?
- Əlbəttə, mən hələ 1992-ci ildə bunu demişəm, çünki biz burda vətənimizi qoruyuruq. Bu əsl Böyük Vətən Müharibəsidir. Azərbaycan torpaqları uzun müddətdir ki, işğal altındadır. Biz düz 30 ildir ki, torpaqlarımızın erməni işğalından azad olunacağı günü gözləyirik. Nə qədər sülhdən danışmaq olar?
- Ermənilər iyul hadisələrindən bu yana müharibəyə hazırlaşırlar, bu haqda nə deyə bilərsiniz?
- Bəli düz deyirsiniz, iyul ayından ermənilər çox ciddi olaraq müharibəyə hazırlaşırlar. Əlbəttə biz də gözləmirik. Azərbaycan ordusu və xalqı müharibəyə tam hazırdır. Bizim sərhəd rayonlarımızı Ermənistan işğalçıları nə qədər atəşə tutsalar da, əhalimiz öz yerindən tərpənmədi və tərpənmək fikri də yoxdur. Azərbaycan haqq işi aparır, öz torpağında döyüşür. Biz işğal olunmuş torpaqlarımızı nəyin bahasına olursa-olsun geri qaytarmalıyıq. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevə inanır və onun arxasındadır.
- Həmişə dar gündə ermənilər hay-haray salaraq dünya liderlərinə müraciət edirlər, bunu necə başa düşmək olar?
- Bu həmişə belə olub. Ermənistan təşvişə düşərək ABŞ, Fransa və Rusiyaya müraciət edir, guya sülh istəyirlər. Axı, nə qədər sülhdən danışmaq olar? Onlar bizim torpaqlarımızı işğal ediblər. Əlbəttə onlara sülh lazımdır, biz isə torpaqları qaytarandan sonra sülhdən danışa bilərik. Güc dövlətləri isə Ermənistana Azərbaycanla dil tapmağı məsləhət görürlər. Ermənistan əgər sülh istəyirsə bütün işğal olunmuş torpaqları azad etməli və bundan sonra danışıqlar üçün masa arxasında oturulmalıdır.
- Sizcə indiki situasiyada erməni xalqı Paşinyanı dəstəkləyirmi?
- Paşinyan çox populist və yalançıdır. Ölkəsini sosial problemlərlə yükləyib. İndi isə müharibə etməklə bunları ört-basdır etmək istəyir ki, insanlar vətən uğrunda düşünsünlər və buna qarşı çıxmasınlar. Erməni xalqı isə Paşinyanın sırf korrupsiyaya qoşulduğunu bilir və onun bütün işlərinin yalan üstündə qurulmasının şahididirlər.
- Araz bəy, bu müharibədə siyasi partiyaların, o cümlədən müxalifətin rolu nədən ibarətdir?
- Azərbaycan Ordusu rəşadətlə irəliləyir və əminəm ki, bu irəliləyişin davamı olacaq. Burda bir şeyi də qeyd etmək lazımdır ki, Qarabağ müharibəsində müxalifət-iqtidar məsələsi gündəmdə olmur. Hamı bir nəfər kimi Ali Baş Komandanın əmrinə tabe olaraq Vətənin müdafiəsinə qalxıblar.
Müxalifət partiyaları hamısı cənab prezidentin və Azərbaycan xalqının yanındadırlar. Buna baxmayaraq bir-iki partiya var ki, onlar həmişə erməninin dəyirmanına su tökərək aranı qızışdırırlar. On minlərlə insanın müraciət edərək səfərbərliyə qoşulması da onu göstərir ki, Azərbaycan xalqı həmişə dövlətinin yanındadırlar və Azərbaycan Ordusuna kömək etmək onların arzusudur.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ